“Biz dəhşətli təhlükə ilə üz-üzəyik”-Vəfa Quluzadə

“Soçi görüşü bitməyib, hələ bunun davamı olacaq”.

Bu fikri Hafta.az-a açıqlamasında politoloq Vəfa Quluzadə deyib. O bildirib ki, Putinin əsas məqsədi Qafqazda müharibə başlatmaqdır:

“Putin bu dəqiqə çıxılmaz vəziyyətdədir. O, Ukraynada məğlubiyyətlə üzbəüzdür. Buna görə də Rusiya Qafqazda genişmiqyaslı müharibə başlatmaq istəyir. Bununla Putin istəyir ki, Qərbin bütün diqqətini Cənubi Qafqazın üzərinə salsın. Nəticədə isə onların məqsədi Qərbi özlərinə yalvartmaqdır ki, Qafqazda başlanılan müharibəni sona çatdırsınlar. Bu baş tutarsa, regionda “bazarlıq” yaranacaq. Putin də Qərbdən tələb edəcəkdir ki, Ukraynadan tamamilə əl çəksin”.

Politoloq bidirib ki, Rusiya Azərbaycanı öz məqsədləri üçün müharibəyə sürükləməyə çalışır:

“Son günlər Jirinoviski və digər rusiyalı politoloqların Azərbaycanı istədiklərini söyləməsi heç də təsadüfi deyil. Onlar belə təsəvvür yaratmaq istəyirlər ki, guya Moskvanın bütün partiyaları Azərbaycanın tərəfindədir. Göründüyü kimi, son günlər rusiyalı ekspertlər həm də belə fikirlər səsləndirirlər ki, Azərbaycan torpaqlarını indi azad edə bilərsə, edəcək, yoxsa başqa zaman bu, Azərbaycan üçün çətin olacaq. Əslində isə onlar Azərbaycanı aldatmağa çalışırlar. Rusiya düşünür ki, rəsmi Bakı bu fikirlərə inanaraq, Ermənistan üzərinə hücuma keçəcək. Sonra isə Putin dünyaya bildirəcək ki, Azərbaycan tərəfi təcavüzkar dövlətdir. Yəni biz bu cür dəhşətli təhlükənin qarşısındayıq. Bütün bunları nəzərə almaq lazımdır. Hesab edirəm ki, bundan sonra yenidən Putin prezidentlərin görüşünü təşkil edəcək”.

Qeyd edək ki, Azərbaycan və Ermənistan prezidentləri 10 avqust tarixində Rusiya Prezidenti Putinin təşəbbüsü ilə Soçidə görüşüblər.

COMMENTS