Top.Mail.Ru

Biz media azadlığı uğrunda savaşmalıyıq

Biz media azadlığı uğrunda savaşmalıyıq

Göstərişlərin qanundan yüksək olduğu ölkənin hüquq sistemi çökmüş deməkdir” Sərhədsiz Reportyorlar Təşkilatı dünyada mətbuat azadlığı indeksini açıqlayıb.

Siyahıda Azərbaycan 180 ölkə arasında 163-cü yerdə qərarlaşıb. Ermənistan 74, Gürcüstan isə 64-cü yerdədir. Diqqət çəkən məqam Türkiyənin 151-ci yerdə qərarlaşaraq Tacikistan və Konqoyla yanaşı olmasıdır. Rusiya isə 148-ci yerdə qərarlaşmaqla Türkiyə və Azərbaycanı qabaqlayıb. Azərbaycanın sonuncu sıralarda olmasına səbəb nədir? Tanınmış Blogger Telman Məmmədli Azərbaycanın nə səbəbə axırıncı sıralarda olmasına aydınlıq gətirdi. Bildirdi ki, 163-cü yer vəziyyətin həqiqətən də ağır olmasından xəbər verir:

“Sonuncu əfv fərmanına qədər 15 jurnalist və blogger həbsdə idi. Onlardan 4 nəfər azad edildi. 11 nəfər hələ də həbsdədir. Müstəqil jurnalistlərə ölkədən çıxma qadağası qoyulub, media qurumlar qapadılıb. Mətbuat azadlığı reytinqinə görə Azərbaycan Belorusdan da aşağı yerdədir. Belarusu ona görə misal çəkirəm ki, həmin ölkə media baxımından çox aşağı səviyyədədir”. Qapadılan media qurumları, həbs edilən, qadağa qoyulan jurnalistlər Media Hüququ İnstitutu, Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutu qapadılıb, Azadlıq Radiosunun Bakı bürosunun ofisi möhürlənib, Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər İdarəsində Meydan TV-nin “vəzifəli şəxsləri”nə qarşı CM-in 192.2.2. (külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkalkıq), 213.2.2 (külli miqdarda vergidən yayınma) və 308.2 (vəzifə səlahiyyətindən sui-istifadə) maddələri üzrə cinayət işi aparılır. Müstəqil jurnalistlərdən Natiq Cavadlı, Aynur Elgünəş, Sevinc Vaqifqızı, Şirin Tire, Elnur Muxtar, Aytən Fərhadova, Gülər Mehdizadə, İzolda Ağayeva və başqalarının ölkədən çıxışına məhdudiyyət qoyulub. Təəssüf ki, bu proses hələ də davam edir. Yenə də bu cür diskriminasiyaya məruz qalan jurnalistlərimiz var. Bütün bunlar qanun çərçivəsində baş vermir. Başlanan cinayət işləri, həbslər, qadağalar – bunlar hamısı mahiyyət etibarilə hüquqdan kənar yanaşmalardır. Artıq bu kimi şeylər adiləşib. Bizdə göstərişlər qanundan yüksəkdədir. Belə bir ölkənin hüquq sistemi artıq çökmüş deməkdir”.(factazerbaijan.com)

Telman Məmmədli

COMMENTS