“Bizim xaricə futbolçu satmaq imkanımız yoxdur”

“Bizim xaricə futbolçu satmaq imkanımız yoxdur”

“Premyer Liqada klub sayı çox olsa, yaxşı olar. Mən bunu ona görə demirəm ki, bizim komanda təhlükəli mövqedədir. Yuxarı pillələrdə olsaydıq, bununla bağlı daha geniş danışa bilərdik”.

Bu sözləri Qol.az-a açıqlamasında “Səbail”in icraçı direktoru Fərəc Əliyev deyib.

“Səbail” hazırda 25 xalla 9-cu pillədə qərarlaşıb və Premyer Liqanı tərk etmək təhlükəsi var. Bununla bağlı danışan klub rəsmisi mövsümün sonunda elitada qalacaqlarına inandığını bildirib: “İndi elə pillədəyik ki, danışığım sırf bizim klubun xilas olunmasını istəmək kimi çıxa bilər. Amma əlbəttə ki, klub sayı artırılsa, daha yaxşı olardı. Bizim bütün fikrimiz son 3 tura yönəlib. Ayın 13-də “Qarabağ”la oynayacağıq, sonra çətin Tovuz səfərimiz var. Kimi udacağıq, neçə xal yığacağıq, deyə bilmərəm. Onu bilirəm ki, komanda şəklində ancaq bu 3 oyuna köklənmişik. Yaxşı nəticə göstərəcəyimizə inanırıq”.

F.Əliyev AFFA prezidenti Rövnəq Abdullayevin iştirakı ilə keçirilən Klublar Komitəsində müzakirə olunan məsələlərdən də danışıb: “Görüş sırf maliyyə məsələləri ilə bağlı idi. Kimin nə sualı vardı müzakirə edildi. AFFA rəhbərliyi sağ olsun, klubların xeyrinə qərarlar verildi. Klublara ayrılan 3 milyon manatın legionerlərə xərclənməməsinə dair qadağa olmayacaq. Xaricə futbolçu satmayan (icarəyə verməyən) kluba ayrılan həmin 3 milyon manatdan 150 min manatı kəsmək məsələsi isə hələ ki, müzakirə olunur. Şəxsən “Səbail”in adından deyə bilərəm ki, bizdə kimisə xarici kluba satmaq, yaxud da icarəyə vermək imkanımız yoxdur. Bunu etmək bizim üçün çətindir. İnşallah, gələcəkdə mütləq bunun üzərində işləməliyik. Biz və bir neçə klub təklif etdik ki, həmin 150 min manatı klubun akademiyasına yönəldək. Ümid edirəm ki, elə də olacaq”.

COMMENTS