“Brüssel görüşündən sonra ermənilər anlayırlar ki…” – Musabəyov

“Brüssel görüşündən sonra ermənilər anlayırlar ki…” – Musabəyov

“Avropa İttifaqı Şurasının bəyanatında qeyd edilən “dəmir yolu” ifadəsində əslində Zəngəzur dəhlizini nəzərdə tutulur. Qeyd edim ki, hətta burada söhbət bütün dəmir yolu xəttindən gedə bilər. Nəzərə almaq lazımdır ki, münaqişədən sonra iki hissədən dəmir yolu sökülüb. Bunlardan biri Qazax-İcevan, digəri Mehridən keçən xətdir. Söhbət ondan gedir ki, bu xətlərin ikisi də bərpa edilməlidir. Ermənilər ümumi şəkildə “ikisi də bərpa olunmalıdır” deyərək əslində yuxarıdan işi başlamaq, aşağıdan isə işi maksimum uzatmağı nəzərdə tuturdular. Biz də qeyd etmişik ki, konkret qərar və işin görülməsi vacibdir. İlk növbədə də Mehridən keçən dəmir yolu xəttidir”.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov Brüsseldə keçirilən üçtərəfli və ikitərəfli görüşlərdən sonra Avropa İttifaqı Şurasının sədri Şarl Mişelin yaydığı yazılı açıqlama haqqında danışarkən bildirib.

Sabiq dövlət müşavirinin fikrincə, Brüssel görüşündən sonra artıq ermənilər anlayırlar ki, məsələdən yayınmağa, gecikdirməyə və hansısa oyunlar oynamağa yer qalmayıb.

Onun sözlərinə görə, Azərbaycan faktiki olaraq Mehridən keçəcək dəmir yolunun inşasına başlayıb: “Şarl Mişelin bəyanatında da açıq qeyd edilir ki, tərəflər qarşılıqlı gömrük və sərhəd nəzarətini həyata keçirəcəklər. Bu o deməkdir ki, tranzit yüklərinə görə, heç bir gömrük rüsumu götürülmür. Yalnız dəmir yolunun istifadəsi üçün ödəniş edilir. Məsələn, yüklər keçəndə orada hansısa partlayıcı maddə ola bilər. Sən buna “yox” deyə bilərsən. Və ya hansısa qadağan edilən xüsusi kimyəvi maddə, radiaktiv maddə olun-olmadığını yoxlayırsan. Yəni xüsusi qadağan edilməyən yüklər keçir və sən buna mane olmursan. Əlbəttə, bu, qarşılıqlı formada olur”.

Diqqəti Azərbaycan Prezidenti İlham Əliyevin Laçın dəhlizi haqqında işlətdiyi ifadələrə yönəldən politoloq bildirib ki, bu tam əsaslı açıqlamadır: “Bu, daha çox avtomobilə aiddir. Ermənistan qarşılıqlı qaydalarla bundan istifadə edilməsini istəmir. Amma bəyanat göstərir ki, onlara bunu məcbur edəcəyik. Başqa yolu yoxdur”.

DOSYE.ORG

COMMENTS