Bu avtobuslarda sürücülər gediş haqqını qaldırdı – Xəbərdarlıq

Bu avtobuslarda sürücülər gediş haqqını qaldırdı – Xəbərdarlıq

Rayondaxili, bəzi rayon mərkəziləri, o cümlədən Bakı-Sumqayıt istiqamətində hərəkət edən avtobuslarda qeydə alınan süni qiymət artımı sürücülərin fərdi təşəbbüsü ilə olub.
Bu barədə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova qeyd edib. O bildirib ki, süni qiymət artımı ilə bağlı daşıyıcı şirkətlərə xəbərdarlıq edilib:
“Paytaxt istisna olmaqla (Bakı şəhəri daxilində ictimai nəqliyyatın tənzimlənməsi Bakı Nəqliyyat Agentliyinin səlahiyyətindədir) respublikanın digər regionlarında şəhərdaxili, rayondaxili və Bakı-Sumqayıt istiqamətində hərəkət edən avtobuslarda süni qiymət artımı ilə qarşılaşdığınız zaman 012-566-52-58 nömrəli “Çağrı Mərkəzi”nə zəng edib məlumat verməyinizi xahiş edirik. Bu günə qədər süni qiymət artımı ilə bağlı daxil olan şikayətlərin 96%-nin müntəzəm marşrut xətlərinə aid olmadığı aşkarlanıb. Müntəzəm marşrut xətlərində rast gəlinən süni qiymət artımının isə sürücünün fərdi təşəbbüsü olduğu məlum olub. Bununla bağlı müvafiq daşıyıcı şirkətə məlumat verilib və problem həllini tapıb, gediş haqqı əvvəlki vəziyyətinə qaytarılıb. Dövlət Avtomobil Nəqliyyatı Xidməti olaraq daşıyıcı şirkət rəhbərlərinə və ictimai nəqliyyatı idarə edən sürücülərə xəbərdarlıq edirik ki, süni qiymət artımına yol verdikləri halda tərəfimizdən sərt tədbirlər görüləcək!”

COMMENTS