“Bu dəfə “Qarabağ”a qarşı daha dəqiq olmalıyıq” – “Gent”in baş məşqçisi

“Bu dəfə “Qarabağ”a qarşı daha dəqiq olmalıyıq” – “Gent”in baş məşqçisi

“Gent”in baş məşqçisi Heyn Vanhazebruk Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ”la evdə keçirəcəkləri cavab oyunu barədə danışıb.

Qol.az xəbər verir ki, mütəxəssis görüşdən əvvəl təşkil olunan mətbuat konfransında öncə heyətdəki problemlər barədə danışıb: “Zədəli futbolçularımızın vəziyyəti yaxşıdır, lakin bu, onların hamısının oyunda iştirak edə biləcəyi anlamına gəlmir. Ümid edirik ki, Alessio Kastro-Montes sağalacaq. O artıq bu gün qismən məşq edə bildi. Joe Okumu nəşqdə da bir az iştirak etdi. Lakin bu gün yenidən həkimlərin nəzarətindən keçməlidir. Endryu Hülsager ümumiyyətlə, məşqdə deyildi. Buna görə də onun durumu çox qeyri-müəyyəndir. Digər oyunçular hələ də reabilitasiya mərhələsindədir. Bu dəfə biz Avropada kifayət qədər oyunçumuz olduğu təəssüratı yaratmaq üçün siyahımıza bir neçə gənc oyunçu əlavə etdik (gülür)”.

Vanhazebruk vurğulayıb ki, “Qarabağ”a qarşı cavab oyunu çətin olacaq və ilk matçdakından daha diqqətli davranmalıdırlar: “Növbəti mərhələyə keçmək istəyiriksə, bu dəfə son zərbələr zamanı daha dəqiq olmalıyıq. İlk oyunda qapıya kifayət qədər zərbə endirə bilmədik.  Bu, o qədər də yaxşı deyil. Çərçivəyə düşə bilmirsənsə, qol olmayacaq. Rəqib bizdən 2 dəfə çox qol epizodu yaratdı. Cavab oyununda daha yaxşı olmalıyıq. Bunun keyfiyyətlə əlaqəsi var. Demirəm ki, bizdə bu amil çatışmır. Sadəcə, fürsət düşəndə istifadə etməlisən. “Qarabağ”a qarşı cavab oyunu çətin olacaq. Rəqibə bu keyfiyyətə sahib olduğumuzu göstərməli və heç olmasa onların qapıçısını işləməyə məcbur etməliyik. “Qarabağ” son çempionat matçında bizə qarşı oynamış 11 futbolçudan 9-na istirahət vermişdi. Biz isə hazırda bunu edə bilmirik. Bu, ağır zədə yükü ilə bağlıdır. Üstəlik, çoxdandır komandanın effektivliyi yoxdur. İki komandanın statistikasını müqayisə etsək, bu, daha aydın görünər”.

Çalışdırıcı oyundan əvvəl komandanın azarkeşlərinə müraciət edib. O, fanatları stadiona bu cür səsləyib: “Əgər vəsiqə qazansaq, 1/8 finala çıxacağıq. Bu mərhələdə məşhur klublarla qarşılaşa bilərik. Çətin komandalar var, amma keçilə biləcək komandalar da var. Əgər belə bir klubla üz-üzə gəlsəniz, 1/4 finala çıxa bilərsiniz. Kim bilir, daha sonra nələr olacaq. Çətin anlarda komandaya dəstək olmaq çox vacibdir. Bu qələbə həm 600 000 avro gəlir, həm də prestij deməkdir”.

Qeyd edək ki, sabah keçiriləcək “Gent” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Bu komandalar arasında ilk matç Ağdam təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

COMMENTS