Bu gedişlə diplomatik əlaqələr tamamilə kəsiləcək – İrandakı sabiq səfirimiz

Bu gedişlə diplomatik əlaqələr tamamilə kəsiləcək – İrandakı sabiq səfirimiz

Xəbər verdiyimiz kimi, bu gün İranın ölkəmizdəki səfiri Seyid Abbas Musəvi Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb. Görüş zamanı İran səfirinə son zamanlar ölkəsi tərəfindən Azərbaycana münasibətdə nümayiş etdirilən təxribat xarakterli fəaliyyətə görə qəti narazılıq bildirilib.

İran səfirliyinin 4 əməkdaşının diplomatik statusa uyğun olmayan və Diplomatik Əlaqələr haqqında 1961-ci il Vyana Konvensiyası ilə ziddiyyət təşkil edən fəaliyyətinə görə Azərbaycan hökuməti tərəfindən “persona-non-grata” (arzuolunmaz şəxs) elan edildiyi İran səfirinin diqqətinə çatdırılıb və həmin şəxslərin 48 saat ərzində Azərbaycan ərazisini tərk etməsi tələb edilib.

Rəsmi məlumatdan göründüyü kimi, İran rejimi Azərbaycana qarşı təxribatçı siyasətinə diplomatları da alət edib və onların vasitəsilə ölkəmizin əleyhinə məkirli fəaliyyətini davam etdirir.Gərginliyin artması diplomatik əlaqələrin kəsilməsinə gətirib çıxara bilərmi?

Bu barədə Modern.az-a danışan Azərbaycanın İrandakı keçmiş səfiri, tarixçi Nəsib Nəsibli vurğulayıb ki, iki ölkə arasında münasibətlər heç vaxt indiki qədər gərgin olmayıb.

“Görünən odur ki, münasibətlər daha da gərginləşir. Yumşalma əlamətləri görünmür. Son vaxtlar baş verənlər nəticəsində Azərbaycan-İran arasında münasibətlər indiyədək tarixdə olmadığı qədər gərginləşib. Bundan sonra hansı addımların atılacağını təxmin etmək çətindir. Onsuz da əvvəldən iki dövlət arasında geopolitik bir düyün var idi. Mən bunu “kor düyün” adlandırıram”, – deyə sabiq səfir bildirib.

N.Nəsibli vurğulayıb ki, Azərbaycanla İran arasında gərginlik davam edərsə, diplomatik əlaqələr tamamilə kəsilə bilər:

“Münasibətlər bu həddə çatıbsa, gələcək mərhələ toqquşmalar ola bilər. Bildiyimiz kimi, Azərbaycan İrandakı səfirliyinin fəaliyyətini dayandırıb. Məncə, səfirlik təhlükəsizlik rejimində fəaliyyətinə davam etməliydi. Çünki diplomatik əlaqələrin kəsilməsi, ya da belə gərgin vəziyyətə gəlməsi çox ciddi böhrandan xəbər verir. Münasibətlərin inkişaf tempi gələcəkdə diplomatik əlaqələrin kəsiləcəyini deməyə əsas verir. Ümumiyyətlə, İranın atdığı addımlar və son olanlar sözügedən ölkənin iki dövlət arasında əlaqələrin normallaşmasını, qonşuluq münasibətlərinə geri dönməsini istəmədiyindən irəli gəlir”.

DOSYE.ORG

COMMENTS