Bu gün Xədicə İsmayıl və Rauf Mirqədirovun məhkəməsidir

Tofiq Yaqublu həbsxanaya dönəndən sonra ilk dəfə ailəsi ilə görüşüb; İntiqam Əliyev və Rəsul Cəfərovun hökmündən şikayət verilib

Müsavat başqanının həbsdəki müavini Tofiq Yaqublu qızının itkisi ilə əlaqədar 1 həftəlik məzuniyyətdən həbsxanaya döndükdən sonra ilk dəfə – mayın 10-da ailəsi ilə görüşüb. “O, özünə qapanıb və demək olar ki, heç kimlə ünsiyyət qurmur”. Bunu müsavat.com-a başqan müavininin qızı Nigar Yaqublu deyib: “Nərgizsizliyi təsəvvür edə bilmir. Onun üçün çox darıxır. Özünə çox qapanıb. Demək olar ki, heç kimlə danışmır”.

Hüquq Maarifçiliyi Cəmiyyətinin sədri İntiqam Əliyevə verilən hökmdən apelyasiya şikayəti verilib. Vəkil Fəxrəddin Mehdiyev 15 gün ərzində şikayətə baxılacağını bildirdi.
Bu gün həmçinin “Ayna Zerkalo” qəzetinin əməkdaşı Rauf Mirqədirovun isə müddətinin növbəti dəfə uzadılması ilə bağlı verilən apelyasiya şikayətinə baxılacaq.

Müsavat başqanının həbsdəki müavinlərindən Fərəc Kərimli və Sirac Kərimli qəzet problemindən şikayətlənirlər. Kərimli qardaşları telefon danışığı zamanı aprelin 28-dən etibarən, ümumiyyətlə, mətbuat üzünə həsrət qaldıqlarını söyləyiblər.

Araşdırmaçı jurnalist Xədicə İsmayılın həbs müddəti növbəti dəfə uzadıla bilər. Mayın 12-də jurnalistin Apelyasiya Məhkəməsində növbəti prosesi olacaq. Vəkil Fariz Namazlı məhkəmə prosesi barədə danışdı: “Bayraqdar Elman Türkoğlunun şikayəti ilə bağlı məhkəmə mayın 12-də saat 15:00-da olacaq. Digər istintaqla bağlı isə istintaq hərəkəti aparılmır”.

Vəkil Xədicə İsmayılın həbs müddətinin artırılacağını da qeyd etdi.

Vəkil Fariz Namazlı hüquqlarını müdafiə etdiyi İnsan Haqları Klubunun sədri Rəsul Cəfərova verilən hökmdən Apelyasiya Məhkəməsinə müraciət etdiklərini söylədi: “Artıq şikayətimizi vermişik. Zamanı gözləyirik. Yəqin ki, mayın axırı, iyunun əvvəli olacaq. Təbii ki, bəraət istəyirik. Ümumi vəziyyəti normaldır”.

COMMENTS