Bu gündən Türkiyədə koalisiya turları başlayır

Davudoğlu koalisiya müzakirələri zamanı hər hansı bir şərt irəli sürməyəcəklərini deyib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın AKP sədri Əhməd Davudoğluna hökuməti qurmaq vəzifəsini verməsindən sonra bu gün həmin istiqamətdə ilk addım atılacaq. ANS PRESS-in məlumatına görə, prezidentin baş nazirə bu vəzifəni verməsindən sonra hökuməti qurmaq üçün lazım olan 45 günlük müddət də başlayıb. Bu çərçivədə işə başlayan Əhməd Davudoğlu bu gün seçkidə 2-ci partiya olmuş CHP-nin sədri Kamal Kılıçdaroğlu ilə görüşəcək. Davudoğlu mətbuata verdiyi açıqlamada koalisiya müzakirələri zamanı hər hansı bir şərt irəli sürməyəcəklərini deyib.

Qeyd edək ki, bu gün baş tutacaq görüş 21-ci əsr Türkiyəsində ilk olmaq özəlliyinə sahibdir. Türkiyədə ən son koalisiya hökuməti 1999-cu ildə DSP, MHP, ANAP arasında qurulmuşdu. Bundan sonrakı dövrlərdə AKP tək başına iqtidar olmuşdu.

Xatırladaq ki, iyunun 7-də Türkiyədə parlament seçkisi keçirilib. Parlamentə girməyə müvəffəq olan 4 siyasi partiyanın heç biri tək başına hökumət quracaq qədər millət vəkili əldə etməyib. 550 yerli Türkiyə Böyük Millət Məclisinə AKP 258, CHP 132, MHP və HDP hər biri 80 millət vəkili ilə daxil olub. Təkbaşına hökumət qurmaq üçün bir partiyanın 276 millət vəkilinə ehtiyacı olduğundan hazırda ölkədə koalisiya hökuməti qurulması barədə qızğın müzakirələr gedir.

COMMENTS