Bu məlumat həqiqəti əks etdirmir – Gəncə ŞİH

Bu məlumat həqiqəti əks etdirmir – Gəncə ŞİH

Gəncə Şəhər İcra Hakimiyyəti birinci müavin və digər müavinlərin, eləcə də baş memarın saxlanılması ilə bağlı mediada yayılan məlumata aydınlıq gətirib.

Bu barədə Globalinfo.az-a Gəncə Şəhər İcra Hakimiyyətindən bildirilib.

“Bu gün Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomuyev və digər müavinlər, eləcə də Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Memarlıq və tikinti şöbəsinin müdiri, baş memar Elxan Məmmədovun saxlanılması ilə bağlı müxtəlif xəbər saytlarında dərc olunan məlumat həqiqəti əks etdirmir”, – məlumatda deyilir.

Eyni zamanda Gəncə Şəhər İcra Hakimiyyəti ilə bağlı yayılan xəbərlərlə bağlı Baş Prokurorluq açıqlama yayıb:

“Bəzi media nümayəndələri tərəfindən Gəncə Şəhər İcra Hakimiyyətində hüquq-mühafizə orqanları tərəfindən əməliyyat tədbirinin keçirilməsi barədə məlumat yayılıb. “Media haqqında” Azərbaycan Respublikası Qanununun 14.1.11-ci maddəsinə əsasən mediada dərc olunan və (və ya) yayımlanan informasiyada faktlar və hadisələr qərəzsiz və obyektiv təqdim olunmalı, birtərəfliliyə yol verilməməlidir. Odur ki, media subyektlərindən qanunvericiliyin tələblərinə riayət etməyi, rəsmi qurumlarla dəqiqləşdirilmiş məlumatların ictimailəşdirilməsini xahiş edirik”.

Prokurorluq bununla bağlı əlavə məlumatın veriləcəyini bildirib.

COMMENTS