“Bu ölkədən gedirik”- Həbsdəki gəncin anası

Orxan Əyyubzadənin anası: “Heç bir sübut olmadan övladımızın gəncliyini məhv etdilər”

 

Siyasi əqidəsinə görə həbs olunan gənclərin sıraları günbəgün genişlənməkdədir. Belə gənclərdən biri də Orxan Əyyubzadədir. O, artıq 6 aydır ki, həbsxana həyatı yaşayır. Oktyabrın 15-də gənc fəal Binəqədi Rayon Məhkəməsinin qərarı ilə 2 il müddətinə azadlıqdan məhrum edilib.

Orxan Əyyubzadə Qarabağ qazisi Zaur Həsənovun intihar etməsindən sonra keçirilən ilk və yeganə aksiyanın təşkilatçısı olub. Məhz buna görə həbs olunaraq 20 sutka həbs cəzası alıb. Çoxları onun haqqında açılan cinayət işinin məhz bu amilə görə olduğunu düşünürlər. Gənc fəal Müsavat Partiyasının üzvü olub. 1 il öncə Müsavat Gənclər Təşkilatına keçirilən səs-küylü seçkidən sonra Müsavat Divanı tərəfindən nizamnaməni pozduğuna görə, partiya sıralarından xaric edilib. 6 aydan sonra yenidən partiyaya üzv olmaq istəsə də, həmin ərəfədə NİDA-çılara oxunan hökmə etiraz etdiyinə görə həbs edilərək 20 sutka inzibati həbs cəzası alıb. Həbs müddəti başa çatan zaman haqqında 315.1 (hakimiyyət nümayəndəsinə müqavimət göstərmə) maddəsi ilə cinayət işi açılıb. Gənc fəal Ukraynada təhsil alırdı. Həbs olunduğuna görə təhsilini yarımçıq qoyub.

Partiya sıralarından xaric olunduqdan sonra Orxan Əyyubzadə hər yerdə özünü daim Müsavatın üzvü kimi təqdim edib. Ukraynada baş verən inqilabda meydana daim Müsavat bayrağı ilə çıxıb.

Onu da qeyd edək ki, hazırda demokratik düşərgə qəhrəman axtarışındadır. Amma öz içərisindəki qəhrəmanı sanki ya görmür, ya da, görmək istəmir. Xüsusilə, bu məsələ iki gün öncə əfv yazıb azadlığa çıxan keçmiş NİDA üzvlərinin müraciətlərindən sonra daha da aktuallaşdı. Müsavat məhbuslarının əqidəyə və təşkilata sadiqliyi indiyə qədər cəmiyyətə daim nümunə olub. Təsadüfi deyil ki, indiyə qədər həbsdə olan heç bir Müsavat məhbusu əfv ərizəsi yazmayıb. Buna nümunə olaraq 2003-ün oktyabr və 2012-nin 2 aprel məhbuslarını göstərmək olar. Orxan Əyyubzadə də bu sıraya qoşulacaq məhbuslardandır. Cəmiyyətdə belə bir fikir formalaşıb ki, Müsavat rəhbərliyi gənc fəala qarşı daim qərəzli münasibət göstərir. Xüsusilə Müsavat Gənclər Təşkilatının sədri partiyadan istefa verəndən sonra bu münasibət daha da aktuallaşıb.

Müsavat funksioneri Gülağa Aslanlı Orxan Əyyubzadəni daim diqqətdə saxladıqlarını bildirdi: “Partiyamızın nizamnaməsinə görə xaric edilən şəxslər 6 aydan sonra yenidən üzv ola bilərlər. Cəmiyyətdə Orxan bəyə qarşı guya ki, bizim qərəzli olmağımız kimi formalaşan fikirlər tamamilə yanlışdır. Biz bütün məhbuslara eyni gözlə baxırıq. Bütün bəyanatlarımızda Orxanın adını həmişə salmışıq. Əlimizdən gələni edirik. Qurultayın bəyanatında da Orxanın adını salmışıq. O, yenidən partiyamıza üzv olarsa, siyasi məhbusların siyahısında Müsavat məhbusu kimi gedəcək”.

Gənc fəalın son durumu ilə maraqlandıq. Anası Rəhimə Məmmədova övladına oxunan iki il həbs cəzası ilə bağlı bunları dedi: “Orxan haqsızlıq olduğuna görə, özünü pis hiss edir. Məhkəmədə hökm oxunan zaman elə bil yer ayağımın altından qaçdı. Özümü zorla saxladım, çünki onun ağlamaqdan xoşu gəlmir. Həm də dedi ki, qoy bunlar mənim anamın ağlamağını görməsin. Amma bayıra çıxanda mənə bir hönkürtü gəldi. Gördüm ki, Orxan Carçının yanaqlarından göz yaşı axır. Orxan Carçı mənə dedi ki, mən Orxanın həbsinə görə yox, sənin özünü necə möhkəm saxlamağına ağladım. Yəni biz bilirik ki, hakimiyyət övladımızdan qisas alır. Allah böyükdür”.

Rəhimə Məmmədova Apelyasiya Məhkəməsinə ümid etmədiklərini də qeyd etdi: “Orxan oktyabrın 17-də zəng vurmuşdu. ”Zon”a getməsini gözləyir. İnanmır ki, apelyasiya şikayəti təmin olunsun. Hakim bu işin tapşırıq olduğunu açıq dedi. Bildirdi ki, 1 ay bundan qabaq Orxanın işi kəsilib”.

Gənc fəalın anası onu da qeyd etdi ki, Orxan azadlığa çıxan kimi ölkə vətəndaşlığından imtina edəcəklər: “Atası səbirsizliklə Orxanın azadlığa çıxmasını gözləyir. Orxan çıxan kimi vətəndaşlıqdan imtina edəcəyik. Bu ölkədən çıxıb gedəcəyik. Artıq insan haqsızlığa dözə bilmir. Heç bir sübut olmadan övladımızın gəncliyini məhv etdilər. İndi də rəis hər gün Orxanı yanına çağırtdırıb deyir ki, əfv ərizəsi yazmalısan. Təbii ki, Orxan da imtina edir”.

COMMENTS