Bu plan Qarabağın Azərbaycandan alınması deməkdir – Politoloq

Bu plan Qarabağın Azərbaycandan alınması deməkdir – Politoloq

Bildiyiniz kimi Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov sentyabrın 23-də Milli Məclisin sədri Sahibə Qafarovanın başçılıq etdiyi nümayəndə heyəti ilə Moskvada görüş zamanı Azərbaycanın işğal altındakı beş rayonunun qaytarılmasını, kommunikasiya xətlərinin açılmasını və bölgəyə sülhməramlı qüvvələrin yerləşdirilməsini qeyd edib. Bu planda əsas məqam beş rayon əvəzinə sülhməramlı qüvvələrin bölgəyə yerləşdirilməsi və Ermənistanla sərhədlərin açılmasıdır.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq İlyas Hüseynov bildirib.

O qeyd edib ki, buna görə də Azərbaycan Xarici İşlər Nazirliyi Rusiya Xarici İşlər naziri Sergey Lavrovun məlum bəyanatına cavab verməli və belə şərtlərin Azərbaycan üçün qəbuledilməz olduğunu vurğulamalıdır:

“Azərbaycan tərəfi dəfələrlə birmənalı şəkildə bildirib ki, işğal olunmuş ərazilərin qaytarılması şərti ilə Dağlıq Qarabağa ərazi bütövlüyü çərçivəsində ən yüksək status verməyə hazırdır. Digər tərəfdən qeyd etmək lazımdır ki, Sergey Lavrovun açıqlamasından sonra Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova nazirin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair fikirlərinə aydınlıq gətirib. O, rusiyalı nazirin fikirlərindən gətirilən sitatın düzgünlüyünü bu məlumatın gəldiyi mənbələrə yönəltmək istədiyini deyib. Buna görə də bunun üzərində dayanmayacağını vurğulayıb. Münaqişənin nizamlanmasına gəldikdə isə Mariya Zaxarova qeyd edib ki, Sergey Lavrovun Azərbaycan tərəfi ilə görüşü zamanı Dağlıq Qarabağın gələcək statusu məsələsinin həlli, habelə ətraf ərazilərin azad edilməsi də daxil olmaqla, əvvəllər səsləndirilən əsas həll prinsipləri müzakirə edilib. Zaxarova son olaraq Rusiyanın bu mövzuda mövqeyinin yaxşı bilindiyini bəyan edib”.

İlyas Hüseynov qeyd edib ki, Sergey Lavrovun açıqladığı bu plana görə işğal altında olan ərazilər tam olaraq azad olunmur:

“Sülhməramlı qüvvələrin bölgəyə yerləşdirilməsi isə bütövlükdə Dağlıq Qarabağın Azərbaycandan alınması deməkdir və Azərbaycan bununla da öz ərazi bütövlüyünü hərbi yolla həlli imkanından məhrum olur”.

DOSYE.ORG

COMMENTS