“Bugünkü “Neftçi” “Qarabağ”la mübarizə aparacaq gücdə deyil”

“Bugünkü “Neftçi” “Qarabağ”la mübarizə aparacaq gücdə deyil”

“Təəssüf ki, “Qarabağ”la “Neftçi” arasındakı oyunlarda əvvəlki ajiotaj, həyəcan yoxdur. O biri komandaların xətrinə dəyməsin, amma bu gün Azərbaycan çempionatında bir tək “Qarabağ” var”. 

Bu sözləri Qol.az-a açıqlamasında millimizin və “Neftçi”nin sabiq üzvü Kamal Quliyev deyib.

Bu gün Misli Premyer Liqasının 24-cü turunda keçiriləcək “Qarabağ”- “Neftçi” matçı ilə bağlı fikirlərini bildirən paytaxt klubunun sabiq məşqçisi keçmiş komandasının bu gün Ağdam klubuna qarşı mübarizə aparacaq gücdə olmadığını bildirib: “Çox təəssüf ki, “Qarabağ”la başabaş mübarizə aparacaq ikinci bir komanda yoxdur. “Neftçi” bu gün “Qarabağ”ı udmaq üçün gərək ikibaş güclü olsun. Amma son oyunlarına baxanda “Neftçi”də belə şeylər görmək olmur. “Neftçi” əvvəlki vəziyyətdə deyil ki, nəsə etsin. Rəhmətlik Böyükağa Hacıyevin dönəmində “İsmət Qayıbov” stadionunda “Qarabağ”a 1:2 hesabı ilə geri olduğumuz vaxtda 3:2 hesablı qələbə qazandıq. İndi həmin o ruh yoxdur”.

K.Quliyev “Qarabağ”ın Konfrans Liqasının pley-off mərhələsində “Gent”ə uduzmasının komandaya mənfi təsir göstərməyəcəyini qeyd edib: “Bu, artıq “Qarabağ” üçün keçib. Belə şeylə “Qarabağ”ı məğlub etmək olmaz. Məncə, əksinə olacaq. Çünki “Qarabağ” sıradan komanda deyil. “Qarabağ”ı udmaq üçün “Neftçi”nin baş məşqçisi Regekampfda hansısa üslub, strategiya görmürəm. Bir çox yerli futbolçu var ki, heç də “Qarabağ”ın heyətindəkilərdən geri qalmır, amma komandaya cəlb edilən legionerlər uğur qazanılacaq səviyyədə deyillər. Bir xarici futbolçu komandaya gətiriləndə klubda çalışanlar onu başa salmalıdır ki, hara gəlib. Ona demək lazımdır ki, sən Azərbaycanın tarixi bir klubuna gəlmisən. Bunu rəhbərlik yeni oyunçulara aşımalıdır ki, siz sıradan bir kluba gəlmirsiniz”.

K.Quliyev “Neftçi”də idarəetmənin düzgün olmadığını bildirib: “Komandanı ayağa qaldırmaq üçün birinci rəhbərlik dəyişilməlidir. Çünki əsas idarəetmədir. Seleksiya işi də çox vacibdir. Seleksiyanı aparan bilməlidir ki, komanda tam bir mövsüm bu heyətlə mübarizə aparacaq. Təəssüf ki, “Neftçi”də seleksiya işi də düzgün aparılmır. Hardan tapaq Sadıq Sadıqovu? Heç vaxt yadımdan çıxmaz, Erik Ramos “Qarabağ”la oyunun ilk hissəsində zədələnmişdi. Sadıq müəllim özü istədi ki, onu qoruyaq, ikinci hissədə oynamasın. Sadıq Sadıqov Ramosun əzilən ayağını öpdü və dedi ki, özünü qoru, ikinci hissədə oynama. Ramos o dəqiqə qalxdı ayağa və dedi ki, nə danışırsınız, mən oynamalıyam. O, ikinci hissədə meydana çıxdı və hamıdan güclü oynadı. Yəni rəhbərliyin futbolçusuna münasibətindən danışıram. Bu gün “Neftçi”də bunlar yoxdur. Ona görə də “Qarabağ”a qarşı layiqli mübarizə aparacaq bir “Neftçi” görmürəm. Çünki “Neftçi”də idarəetmə düzgün deyil”.

Kamal Quliyev sonda bildirib ki, hazırda futbol sahəsində çalışmır və heç bir iş təklifi almayıb: “Oturmuşam evdə, gözləyirəm. Sadıq Sadıqov kimi, işə, mütəxəssisə qiymət verən insan olacaq hər halda. Yerlibazlıq, qohumbazlıq etməyən birini nəzərdə tuturam. Ümid edirəm ki, belə biri işləmək üçün dəvət edəcək”.

Ramiq Ağaməmmədov

COMMENTS