“Buta sığorta” vətəndaşları aldadır?

Azərbaycanda sığorta bazarının inkişaf etmədiyi, sığorta şirkətlərinin vətəndaşların etimadından sui-istifadə etdiyi barədə müzakirələr dəfələrlə gündəmə gəlsə də, hələ də bu sahədə böhranlı vəziyyət hökm sürür.

 

Məhz elə bunun nəticəsidir ki, müştərilər yalnız məcburiyyət üzündən icbari sığorta variantını seçirlər ki, əsas sığorta növü – “kasko” sığortadan imtina edənlərin sayı sürətlə artır.
“Kral Rentacar” şirkətinin başına gələnlər də bu əsnada təsadüfi sayıla bilməz.
Şirkət bir müddət öncə balansında olan avtomobilləri “kasko” sığortası etdirmək üçün “Buta Sığorta”ya üz tutsa da, ilk qəzada şirkətin iç üzü tam çılpaqlığı ilə ortaya çıxıb.
Şirkətin direktoru Rövşən Tağıyevin Editor.az-a bildirdiyinə görə, vaxtaşırı olaraq balansında olan avtomobilləri “kasko” sığortası etdirirlər: “Bu dəfə “Buta Sığorta” şirkətinə üz tutduq. İnsaf naminə bizi çox mehriban qarşıladılar. Bildirdilər ki, hər bir avtomobilin 30 min manat dəyərində ziyanını qarşılayacaqlar. Biz də onların vədinə inandıq. Xeyli müddət maşınlara xətər toxunmasa da, bugünlərdə “Buta Sığorta”nın vədini yerinə yetirmək vaxtı gəlib çatdı. Şirkətin rəhbəri olaraq “Buta Sığorta”nın direktoru ilə görüşdüm. O, bildirdi ki, bizimlə sığorta sazişini imzlayan o yox, ondan öncəki direktor olub. İddia etdi ki, müqaviləni işçi imzalayıb və böyük yanlışlığa yol verib. Mən ona “direktor dəyişəndə sazişlər qüvvədən düşmür” və “İşçinin məsuliyyəti müdiriyyətin boynundadır” xatırlatmasını etdikdə, “Siz riskli müştərisiniz, sizinlə işləmək bizə sərf etmir və dəyən zərər ödənməyəcək” şəklində qarşılıq verdi”.
Rövşən Tağıyev bildirir ki, bununla onların haqları kobud sürətdə pozulub: “Biz riskli müştəri idiksə, bizimlə müqavilə bağlanmamalı idi. Müqavilə bağladıqdan sonra ödənişi etməkdən imtina etmək, nə biznes əxlaqına, nə də hüquqi normativ aktlara uyğun deyil. Eyni zamanda işçinin sərbəst qərar vermək imkanı yoxdur və müştəriləri “işçi məsuliyyətsizliyi” adı altında aldatmaq heç bir məntiqə sığmır”.
Xatırladaq ki, bu sığorta şirkətlərinin ilk müştəri aldatması faktı deyil və bundan öncə də bu cür hallar olub.
Son dövrlər sığorta şirkətlərinin icbari sığorta edən müştəriləri öz avtoservislərinə dəvət edib, keyfiyyətsiz ehtiyyat hissələri ilə təmin etməsi, “kasko” sığortası etdirənləri “əli ətəyindən uzun qaytarması” bu qəbildəndir.

COMMENTS