Bakı “İnter”inin və milli komandamızın üzvü Məhəmməd Mirzəbəyov Qol.Az saytına müsahibə verib.
O, “İnter”in çempionluq şansları, bu gün qarşılaşacaqları “Xəzər Lənkaran”la kubok oyunu və milli komandanın Antalya toplanışını haqda danışıb.
– “Qarabağ”ın məğlub olduğu Premyer Liqanın 24-cü turunda “Simurq”a 2:1 hesabı ilə qalib gələrək liderlə xal fərqini azaltdınız. Necə düşünürsən, bu qələbə “İnter”in çempionluq şansını artırdımı?
– Bizim üçün qazanılan hər bir xal vacibdir. “Simurq”la oyun da bizim üçün əhəmiyyətli idi. Çünki biz hər zaman sona qədər mübarizə aparırıq. Bütün oyunlara xal qazanmaq üçün çıxırıq. “Qarabağ”ın “Qəbələ”yə məğlub olması sadəcə çempionatda intriqanı artıracaq. Turnir cədvəlində ilk üçlükdə qərarlaşan “Qarabağ”, “Neftçi” və “İnter” arasında demək olar ki, böyük xal fərqi yoxdur. Ona görə də bu 3 komandadan hansının çempion olacağını söyləmək hələ tezdir.
– Sözündən belə çıxır ki, çempionluq uğrunda mübarizə yalnız bu 3 komanda arasında gedəcək?
– Elədir. Çünki qarşıda bizim kimi “Qarabağ” və “Neftçi”nin də ağır oyunları var. Düzdür, “Qarabağ”la iki matçımız olacaq. Amma bütün ümidlərimizi bu oyunlara bağlaya bilmərik. Çünki iki oyunun nəticəsinə görə onlardan 6 xal alsaq da, digər qarşılaşmalarda məğlub ola bilərik.
– Bu gün Azərbaycan kubokunun 1/4 finalında qarşılaşacağınız “Xəzər Ləkaran”la oyun haqda nə deyə bilərsən?
– Bizim üçün hər bir oyun əhəmiyyətlidir. “Xəzər Lənkəran” yaxşı komandadır. Düzdür, rəqib komandanın heyətində dəyişikliklər baş verib. Komanda əsasən gənclərdən təşkil olunub. Gənclər də daha mübariz və istəkli olurlar. Buna görə də çətin və maraqlı oyun olacaq. Amma yenə də biz meydana qələbə üçün çıxacağıq.
– Milli komandanın Antalya toplanışında oldun. Təəssüratların necədir?
– Toplanış maraqlı keçdi. Milli komandada böyük dəyişikliklər var. Hər şey yüksək səviyyədə idi. Yeni baş məşqçi və futbolçular xoş təsir bağışladı. “Şaxtyor”la keçirdiyimiz yoldaşlıq matçında da komanda şəklində oyun göstərdik. Ümumi olaraq her şey yaxşı idi. Robert Prosineçki milli komandaya yeniliklər gətirə biləcək. Çünki o, məsuliyyətli və işinə ciddi yanaşan insandır.
– Robert Prosineçkinin futbol təfəkküründə fərqli nəsə hiss etdin?
– Onun ən böyük özəlliyi sadə insan olmasıdır. Komanda uduzsa belə “siz məğlub oldunuz”- demir. Onun futbolçu kimi böyük təcrübəsi var. Prosineçkinin rəhbərliyi altında cəmi bir yoldaşlıq oyunu keçirsək də, milli komandamız üçün təhlükəli futbol təfəkkürü görmədim. Əksinə Prosieneçkinin bizim üçün uğurlu olacaq düşüncələri var.
– Hazırlıq prosesi zamanı sizə əsasən hansı tapşırıqları verirdi?
– Prosineçki bizə ilk növbədə meydana çıxanda rəqibin kimliyinə baxmamağımızı və hər şeyin öz əlimizdə olduğunu tapşırırdı. “Şaxtyor”la yoldaşlıq oyunun ilk hissəsi bitəndə bizə “görürsünüz ki, istəsəniz hər şey edə bilərsiniz” dedi. Demək istədiyim odur ki, o bizə mənəvi cəhətdən çox dəstək olur və həvəsləndirir. Bu da çox vacib amildir. Milli komanda hər bir oyunçu üçün önəmlidir. Biz də məsuliyyətli olmalı və sona qədər mübarizə aparmalıyıq.
– Robert Prosineçkinin milli komandanın ilk toplanışına dəvət etdiyi futbolçular haqqında nə düşünürsən?
– Prosineçki Azərbaycan Premyer Liqasındakı hər bir futbolçunun oyununa bələddir. O, özünü yaxşı tərəfdən göstərən futbolçuları yığmaya dəvət edib. Robert Prosineçkinin ədalətli seçimi var. Əgər mən yaxşı oynayıramsa, əsas heyətdə yer alacam. Məndən daha yaxşısı varsa, o oynayacaq. Bizim əsas məqsədimiz yaxşı oynayıb, milli komandanın heyətinə düşməkdirsə, onun da məqsədi özünü baş məşqçi kimi doğrultmaqdır. Bu yanaşma milli komandamıza ancaq uğur gətirəcək.
COMMENTS