“Buz Kriştiano Ronaldonu “Qarabağ”a gətirə bilmərik” – Medvedyev

“Buz Kriştiano Ronaldonu “Qarabağ”a gətirə bilmərik” – Medvedyev

“Qarabağ”ın futbolçusu Maksim Medvedyev evdə “Neftçi”yə 0:1 hesabı ilə uduzduqları Topaz Premyer Liqasının 26-cı turunun matçından sonra brifinq keçirib. Qol.az-ın xəbərinə görə, təcrübəli müdafiəçi jurnalistlərin suallarını cavablandırıb…

– Komandanız niyə uduzdu?

 

– Bu oyuna yaxşı hazırlaşmışdıq. Biz hər oyunda qalib gəlmək istəyirik. İstəyimiz də çox idi. Amma rəqibin istəyi bizi üstələdi. Öz səhvimizdən qol buraxdıq. Ümumiyyətlə, oyunumuz da alınmırdı. Hiss olunurdu ki, mövsümün sonlarıdır. Sanki bir az arxayınlıq da var idi. Ona görə də bəzi şeylər bizdə alınmadı. “Keşlə” və “Qəbələ” ilə oyunlarımız qalıb. Çalışacağıq ki, daha yaxşı oynayaq. Səhvlərimizi təkrarlamamağa çalışaraq, yaxşı nəticə qazanmağa can atacağıq.

– Səncə, bu hesab müəyyən söz-söhbətlərə gətirib çıxaracaq?

– Hansı söhbətlərə?

– “Neftçi”yə xal daha çox lazım idi…

– Bununla deyil ki… “Zirə” ilə də oynadıq, sona qədər. “Neftçi” ilə görüşdə isə qol imkanlarımızdan istifadə edə bilmədik. Fikrimcə, oyun baxımından yaxşı oynadıq, istək isə “Neftçi”də yaxşı idi.

– Hücumçularınız niyə fərqlənə bilmədi?

– Həm hücumçularımızda, həm də yarımmüdafiəçilirmizdə qol vurmaq şansı var idi. Sadəcə, alınmadı, son nöqtəni qoya bilmədik. Son nöqtəni qoya bilsəydik, “Neftçi”yə 3-4 qol vura bilərdik.

– Coşqun Diniyevin etdiyi səhv haqda nə deyə bilərsən?

– Belə səhvlər olur. “Real”ın oyununda da belə səhv olmuşdu, Kərim Benzema da belə qol vurmuşdu. Futboldu da, böyük komandalarda da belə şeylər olur. Əsas odur ki, həmin səhvdən sonra sınmayasan, oyuna davam edə biləsən. Çalışasan ki, səhvi düzəldəsən.

– Fasilədə Coşqun Diniyev həmin epizoddakı səhvi necə izah etdi?

– Coşqun elə bir şey demədi. Futboldu da, olur belə şeylər. Baş məşqçimiz ona pis mənada bir söz demədi, irad bildirmədi. Sadəcə, gördü ki, Coşqun psixoloji cəhətdən düşüb və qərara gəldi ki, meydana buraxmasın. Onun yerinə Qara Qarayevi buraxdı.

– Bəlkə futbolçular yavaş-yavaş Çempionlar Liqasını düşünməyə başlayıb…

– Ola bilər. Çempionatda qalib gəlmişik. Fikrimiz bu dəqiqə Çempionlar Liqasındadır. Ancaq bu oyunlara da məsuliyyətsiz yanaşa bilmərik. Çünki biz peşəkarıq, sona qədər mübarizə aparmalıyıq, üstəlik performansımız da yüksəlməlidir.

– Riçard Almeyda və Rəşad Sadıqov meydanda yox idi. Bunun məğlubiyyətə təsiri nə qədər idi?

– Bu cür təcrübəli oyunçular meydanda olmayanda çətinliklər yaranır. Oyunu ələ almaq lazım olur. Amma onlar yox idi. Taktiki dəyişikliklər də oldu. Bəzi epizodlarda oyunçular da bir-birini başa düşmürdü. Onlar olsaydı, daha yaxşı olardı. Hamı istəyərdi ki, oynasın. Onların yerinə meydanda olanların da mübarizə apardıqlarını düşünürəm.

– Çempionlar Liqasında uğurlu çıxış etmək üçün “Qarabağ”a səviyyəli hücumçular lazım olması fikriylə razısan?

– Əlbəttə ki, Çempionlar Liqasında yaxşı çıxış etmək üçün hər bir komandaya yaxşı futbolçular lazımdır. Amma unutmayaq ki, hər bir klubun öz büdcəsi var. Axı biz bura Kriştiano Ronaldonu gətirə bilmərik. Çünki bahalı futbolçudur. Komandanın istədiyi futbolçular da bura gəlməyə razılıq vermir. Çünki baxırlar ki, çempionatda cəmi 8 komanda var. Ona görə də bura futbolçu gətirmək çətin olur. Komanda istəyərdi ki, büdcəsinə uyğun çox futbolçu alsın. Hər bir mövqedə yeni futbolçuya ehtiyacımız var. Çünki bu il bir çox futbolçunun müqaviləsi də başa çatır. Necə olacaq, hansı oyunçular gedəcək, hansılar qalacaq, hələ sual altındadı. Hazırda baş məşqçimiz bu problemi həll edir.

Dosye.org

COMMENTS