Regional inkişaf üzrə Dövlət Proqramına əsasən Cəlilabaddın qaz təsərrüfatının yenidən qurulması ilə əlaqədar rayonun 2 yaşayış məntəqəsinə – Muğan və Söyüdlü kəndlərinə təbii qazın verilməsi münasibətilə təntənəli açılış mərasimləri keçirilmişdir. Kəndlərdə birpilləli sistem əsasında kilometrlərlə metal və polietilen boru çəkilmiş, sayğaclar və fərdi tənzimləyicilər quraşdırılmışdır.
Açılış mərasimlərində çıxış edənlər ürək sözlərini söyləmiş, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıq duyğularını ifadə etmişlər. Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov açılış mərasimlərinə toplaşmış sakinlərə ən xoş arzularını çatdırmış, ölkəmizin hərtərəfli inkişafından, irihəcmli layihələrin icrasından danışmış və əhalinin təbii yanacaqla təminatının həmin layihələrin tərkib hissəsi olduğunu vurğulamışdır.
Əziz Əzizov çıxışında əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş strateji inkişaf strategiyasının hazırda möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirildiyini, regionların sosial-iqtisadi inkişafına dair qəbul olunmuş III Dövlət Proqramında yeni proqram və layihələrin icra ediləcəyini, hazırda Cəlilabad rayonunda su-kanalizasiya, iri yol layihələrinin uğurla həyata keçirildiyini bildirdi, yeni məktəblərin və uşaq bağçalarının tikintisinin sürətlə aparıldığını, şəhərimizdə park və bağlarda, küçə və prospektlərdə görülən tikinti, quruculuq və abadlıq işlərinin geniş vüsət aldığını, ölkəmizdə, o cümlədən rayonumuzda yerinə yetirilən bu və digər yeniliklərin insanların firavan yaşayışına xidmət etdiyini söylədi.
RİH başçısı bildirmişdir ki, rayonda qazlaşma işləri xeyli sürətlənmişdir və yaxın zamanlarda bütün yaşayış məntəqələri təbii qazla təmin ediləcək.Sonda qonaqlar kəndlərdə “mavi alov” xətlərinin rəmzi açılışını bildirən məşəlləri alovlandırmış və evlərə qaz verilişinə baxmışlar.
COMMENTS