Cəlilabadda meşə gözətçilərindən pul yığılır- İDDİA

Cəlilabadda meşə gözətçilərindən pul yığılır- İDDİA

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin direktorunun Cəlilabad rayonunda meşə gözətçilərinin hər birindən 50 manat pul yığıldığı iddia edilir.

Bu barədə Pravda.az-a gözətçilərdən biri məlumat verib.

O iddia edib ki, pulu direktorun adından Cəlilabad üzrə mühafizə mühəndisi Namiq İşiyev yığıb. Toplanan pulların rayon ərazisində tikilən tingliyin üzərinin örtülməsinə sərf olunacağı bildirilib.

Buna etiraz edən meşə gözətçiləri tinglik üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin vəsait ayırdığını əsas gətirərək qeyd ediblər ki, 11 saylı Meşə Təsərrüfatı Mərkəzinin rəhbərliyinin tapşırığı əsasında qanunsuz şəkildə yığılan vəsait tinglik üçün sərf olunmayacaq. Başqa bir məlumata görə, eyni “pulyığma kampaniyası”nın həyata keçirilməsi üçün Masallı və Yardımlı rayonlarında çalışan müvafiq şəxslərə də tapşırıqlar verilib.

Səslənən iddiaların həqiqəti nə dərəcədə əks etdirib-etdirmədiyini demək çətin olsa da, mediada 11 saylı Regional Meşə Təsərrüfatı Mərkəzində mükafatların rəhbərlik tərəfindən mənimsənilməsi halları ilə bağlı çoxsaylı faktlar dərc olunub.

İddia bağlı Pravda.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimovaya sorğu ünvanlasa da, qurum rəsmisi heç bir mövqe bildirməyib.

COMMENTS