Cəbhədəki hadisələrlə bağlı hər hansı bir səhvə yol verməmişik

Şirin Cəfəri: “Hansı səhvimiz varsa, buyursunlar izah etsinlər”

 

Bir neçə gün bundan öncə Mətbuat Şurası mətbuat konfransı keçirərək, burada cəbhə bölgəsindən yanlış informasiya yayan bəzi saytların adını da açıqlayıb. Qurumun açıqladığı bu saytlar arasında gündemxeber.az saytının da adı hallanıb.

 

Cəbhədəki hadisələrlə bağlı hər hansı bir səhvə yol verməmişik

 

Məsələ ilə bağlı prosesə aydınlıq gətirmək üçün Gündəm xəbər.az saytının rəhbəri Şirin Cəfəri ilə əlaqə saxladıq. O cəbhə bölgəsindən yanlış məlumat yaymaqda rəhbərlik etdiyi saytının adının çəkilməsinin doğru olmadığını diqqətə çatdırdı:

 

“Mətbuat nümayəndələrinin bir neçə gün əvvəl keçirdikləri mətbuat konfransında səslənən bir sıra fikirlərlə razılaşsam da, burada razılaşmadığım məqamlar da var. Orada bir fikir söylənilir ki, mən Ağdamlıyam, orada olan dostlarım vasitəsi ilə əlaqə saxlayır və bunun əsasında da öz işimi görürəm.

 

Bunlar yanlış fikirlərdir. Dostla əlaqə saxlamaq olar. Amma ona tam etibar etmək belə hesab edirəm ki, düzgün deyil və yolverilməzdir. Gündəm xəbər.az saytının rəhbəri olaraq bir neçə həftə öncə cəbhə bölgəsində baş verən hadisələr haqqında verilən məlumatlarla bağlı məqamlara çox həssas yanaşdıq.

 

Çünki bu bizim birbaşa dövlətçilik məsələmizdir. Burada elə məqamlar var ki, onlar açılmamalı idi. Tankların cəbhə bölgəsinə yollanması kimi informasiyaları vermək doğru deyildi. Ona görə də bu kimi məlumatları saytımıza qoymadıq. Həmin dövrdə ardıcıl olaraq informasiya yayılırdı ki, Azərbaycan ordusu bu qədər itki verib.

 

Təbii ki, onların adları qeyd olunmalı idi. Bununla bağlı ardıcıl olaraq Müdafiə Nazirliyi informasiyalar verməliydi. Bu sahədə qurumun mətbuat xidməti aktiv olmalı idi. Bütün saytlar, media qurumları da Müdafiə Nazirliyinin informasiyalarına istinad edərək, bu məlumatları yaymalıdır.

 

Lakin həmin zaman baş verən hadisələr kor-koranə paylaşılırdı. Nəticədə sonda ortaya belə problemlər çıxırdı. Bu zaman prosesdə təkcə mətbuatı günahlandırmaq düzgün deyil. Əflatun Amaşov qeyd edib ki, Müdafiə Nazirliyi ilə əməkdaşlığa başlayacaqlar.

 

Bu normal haldır. Amma Müdafiə Nazirliyinin mətbuat xidməti konkret olaraq bütün informasiya məsuliyyətini üzərinə götürməli və cəbhə bölgəsində nə baş verirsə, onların hamısı barədə ardıcıl, operativ olaraq geniş şəkildə məlumat verməlidir. Müharibə dövründə informasiyalar tək mənbədən qaynaqlanmalıdır və bu məsələ dövlət tərəfindən ortaya qoyulmalıdır.

 

Cəbhədəki hadisələrlə bağlı hər hansı bir səhvə yol verməmişik

 

Gündəm xəbər.az saytının adını həmin qaydalara əməl etməməkdə suşlamaq doğru yanaşma deyil. Birmənalı şəkildə bildirirəm ki, bunlar tamamilə əsassızdır. Saytımız dövlətin mövqeyini müdafiə edən yazılar paylaşır və dövlət sirlərini heç zaman açmayıb. Bu istiqamətdə neqativ hallara heç zaman yol verməmişik. Belə şeylər olmayıb.

 

Gözümlə görmədiyim, tam etibarlı mənbəm olmadığı halda, heç bir informasiyanı saytda yerləşdirmərəm. Vəziyyətin səs-küylü olan dövründə, sayt sahibi olaraq kollektivlə birgə Goranboy rayonuna ezam olunduq. Burada Yuxarı Ağcakənd və Tapqaraqoyunlu kəndlərində olaraq hər şeyi gözlərimizlə müşahidə etdik və reportaj hazırladıq.

 

Burada hər şeyin qaydasında olduğunu gördük. Söhbətləşdiyimiz bölgə sakinləri hamılıqla bildirirdi ki, heç yana gedən deyillər və ordumuza tam arxayındırlar. Onlar habelə Ali Baş Komandanın əmri ilə hər zaman döyüşə hazır olduqlarını da diqqətə çatdırdılar.

 

Hansı saytlar dezinformasiya yayıbsa, bununla bağlı müvafiq qurumlar qoy, tədbir görsün. Amma kor-koranə monitorinq aparıb, səhv rəy vermək də düzgün deyil. Biz bir sayt olaraq, həmişə çalışmışıq ki, rəsmi mənbələrə istinad edək.

 

Həmçinin, əldə etdiyimiz tam dəqiqləşmiş məlumatları yaymışıq. Gündəm xəbər.az saytı və eyni adlı portalın yanlışlığa yol verməsi halı olmayıb. Hərbi əməliyyatların intensivləşdiyi ilk günlərdə Qazaxda kənddən qadın və uşaqların çıxarıldığı haqda informasiya kütləvi şəkildə paylaşılmışdı.

 

Saytımız da bu informasiyanı istinad etməklə yerləşdirdi. Dərhal da bizimlə Qazax rayon icra başçısının müavini əlaqə saxladı. Bunun nəticəsində həmin rəsmi mövqeyi də anındaca yazıya əlavə etdik. Nəticədə məlumat verdilər ki, kənd boşalmayıb, hər şey normal olaraq öz axarı ilə gedir. O, hissədə ola bilər yanlışlığa yol verilib.

 

Amma təəssüf olsun ki, son konfransda danışan bəzi media qurumları həmin reportajlara üstünlük vermirlər. Yəni Gündəm xəbər.az saytının xəbərlərini verməkdə paxıllıq çəkirlər. Deyilirdi ki, 54 nəfər erməni öldürüldü. Amma saytımızda bu informasiyanı yaxın buraxmadım. Çünki xarici ölkələr də buna baxır.

 

Buna görə də saytımızla bağlı düzgün məlumatlar verməmək heç kəsə yaraşan hal deyil. Niyə saytımızın adını heç bir əsas olmadan pisləyirlər? Ona görə də konfransda saytımıza münasibətdə səslənən fikirlərlə razılaşmıram. Burada adımı çəkməklə böyük səhvə yol veriblər.

 

Buyursunlar, zəhmət çəkib Gündəm xəbər.az saytını açıb, hansı informasiya qane etməyibsə, baxsınlar görsünlər onu orada tapa bilərlərmi? Bu mümkün deyil. Müharibə iştirakçısı olaraq, bu istiqamətdə mətbuatda hansı addımları atmağın mümkün olub-olmadığını bilirəm. Təbii ki, birinci növbədə dövlət tərəfindən verilən informasiyalar saytlarda yer almalıdır.

 

Prezident Adminstrasiyası rəhbəri Ramiz Mehdiyevin mətbuat nümayəndələri ilə keçirdiyi son iclasında səsləndirdiyi haqlı irad və tənqidlərini də alqışlayıram. Cəbhə bölgəsi ətrafında baş verən hadisələr fonunda bəzi media qurumları informasiya yayarkən həqiqətən də düzgün yol tutmayıb.

 

Amma konkret olaraq, bu məsələdə saytımızın adının hallandırılması düzgün yanaşma deyil. Hərə gedib öz səhvini özündə axtarsın. Redaksiyada bu haqda iclas keçirmişik və bildirirəm ki, həmin məqamla bağlı hər hansı bir səhvə yol verməmişik. Hansı səhvimiz varsa, buyursunlar izah etsinlər”.

http://www.youtube.com/watch?v=pF8vKQugHq4
Həsən

COMMENTS