Cəlilabadda məscidin arxasında qanlı dava – Təfərrüat

Cəlilabadda məscidin arxasında qanlı dava – Təfərrüat

Cəlilabad rayonunda bıçaqlanma hadisəsi törətməkdə təqsirli bilinən 1989-cu il təvəllüdlü Elçin Abbasovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com-un xəbərinə görə, Cəlilabad rayonu Üçtəpə kənd sakini Elçin Abbasov rayonunun mərkəzində yerləşən dükanda telefon təmiri ustası işləyib. Həmkəndlisi Yalçın Əhmədov ona təmir üçün mobil telefonunu verib.

Daha sonra mobil telefonun təmir olunması mümkün olmayıb.

Telefonu və ona verilmiş 25 manat pulu Yalçın Əhmədovun telefon təmiri dükanına gəlmiş qardaşı Ülvi Əhmədova qaytarıb.

Bundan narazı qalan Ülvi Əhmədov sonradan Elçin Abbasovun mobil telefon nömrəsinə zənglər etməyə başlayıb.

Lakin Elçin Abbasov telefon təmiri ilə məşğul olduğundan cavab verə bilməyib, növbəti zəngdən sonra isə cavab verərək ona işlə məşğul olduğunu, nə üçün tez-tez zəng etdiyini deyib.

Ülvi Əhmədov Elçin Abbasova nalayiq sözlərlə söyərək təhqir edib, sonda isə aralarında yaranmış münasibətlərinə aydınlıq gətirmək məqsədi ilə onu Üçtəpə kənd məscidinin yanına dəvət edib.

Bundan sonra Elçin Abbasov Üçtəpə kəndində yerləşən məscidin qarşısına gəlib. Orada onu gözləyən Ülvi Əhmədovla şəxsi münasibətldər zəminində mübahisə edib.

Bu zaman Ülvi Əhmədov yumruqla onun çiyin nahiyəsinə vurub.

Bundan əsəbiləşən Elçin Abbasov özündə olan batıcı-kəsici xassəyə malik predmetlə Ülvi Əhmədovun bədənini müxtəlif nahiyələrinə bir neçə xəsarət yetirib. Yaralıya xəstəxanada vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.

İstintaq orqanı tərəfindən Elçin Abbasovun barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elçin Abbasov 4 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Elçin Abbasov apelyasiya şikayəti verib. O, barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsinin tətbiq edilməsini istəyib.

Şirvan Apelyasiya Məhkəməsinin qərarı ilə Elçin Abbasovun şikayəti təmin edilməyib.

DOSYE.ORG

COMMENTS