Cənub TV-nin baş direktoru: “İxtisaslı kadr problemi var” – MÜSAHİBƏ

“Gözdən iraq media” rubrikasında Lənkəran şəhərində fəaliyyət göstərən regional televiziyalar arasında əhatə dairəsi geniş olan – CTV haqqında telekanalın baş direktoru Gülbəniz Mayılova danışır.

 

– Cənub TV-nin 2007-ci il 31 dekabr tarixində ilk yayımını həyata keçirdiyi gündən artıq 7 ilə yaxın vaxt keçib və bu dövrdə kanalımız özünəsadiq və böyük auditoriya toplayıb. 6 regional televizayının (CTV (Lənkəran), RTV (Xaçmaz) “Kanal S” (Şəki), “Kəpəz TV” (Gəncə), ElTV (Yevlax), TTV-nin (Tovuz)) birgə təsis etdiyi Region TV-nin bu ilin may ayından peykdə, Bakıda və Abşeron yarımadasında açıq yayımı və kabel televiziyalarında yayımlanması ilə bu auditoriya daha da genişləndi. Analoq və peyk yayımı ilə yanaşı tamaşaçılar ctv.az saytına girərək də kanalımızı canlı izləyə bilirlər.

 

– Əhatə dairəsində Lənkəran, Astara, Lerik, Masallı, Yardımlı, Cəlilabad, Biləsuvar, Neftçala, Saatlı, Salyan və bir çox digər rayonlar olan kanalımızın 3 milyonluq auditoriyası var. Gün ərzində 19 saatlıq efir müddətində əsasən yerli və eyni zamanda əməkdaşlıq etdiyimiz digər regional kanalların verilişləri yayımlanır.

Hazırda televiziyamızda 100 -ə yaxın işçı var və onlar da öz növbəsində 5 departamentdə – Yaradıcı, Xəbər və analitik verilişlər, Proqram, Texniki və Nəqliyyat və mühafizə departamentlərində müvafiq olaraq çalışırlar.

 

– Proqram siyasətində hansı yöndə verilişlərə üstünlük verilir?

 

– Tamaşaçıların maraqlarını nəzərə alaraq təbii ki, həm informasiya xarakterli, həm maarifləndirici-sosial, həm də əyləncəli verilişlər hazırlanır. Amma əyləncəli, şou tipli verilişlərin sayı paytaxt kanalları ilə müqayisədə çox azdır. Yəni daha çox informativ, maarifləndirici-sosial proqramlara üstünlük verilir.

 

– İnformasiya sayəsində üstünlük verdiyiniz dəyərlər hansılardır?

 

– İnternet mediasının sürətlə inkişaf etdiyi bir vaxtda bütün ənənəvi informasiya vasitələri öz mövqeyini qorumaq üçün operativliyi daha da artırmalı olurlar. Bununla yanaşı xəbərin doğruluğu və dolğunluğu da öz yerində təbii ki. Bu baxımdan regionda baş verən istənilən xəbər və hadisələri vaxtında və düzgün olaraq çatdırmaq əsas istiqamətimizdir.

 

– Bölgə televiziyası yaranan gündən bu vaxta qədər hansı problemlər sizi izləyib?

 

– İlk yaranan dövrdə əsas problemlərdən biri ixtisaslı kadr çatışmazlığı olub və bu problem öz həllini qismən tapsa da, yenə də qalmaqdadır.

 

– Regionda auditoriyanın marağını hansı üsullarla qazana bilirsiniz?

 

– Televiziyamız öz proqram siyasətini tamaşaçı marağı əsasında qurur. Region tamaşaçısına digər televiziya kanallarından daha yaxın olduğumuzdan onların nə istədiyini daha yaxşı bilirik və tamaşaçı da özünə doğma olan mövzuları əhatə edən verilişləri efirimizdə gördükdə təbii ki, ona nə qədər yaxın olduğumuzu bir daha anlayır. Eyni zamanda regionda baş verən mədəni, iqtisadi inkişafı, hadisələri mütəmadi işıqlandırmaqla tamaşaçını daima lazım olan informasiya ilə təmin edirik.

 

– Regiona daxil olan başqa rayon və şəhərlərdə ayrı bürolarınız fəaliyyət göstərirmi?

 

– İki büromuz var. Bunlardan biri Cəlilabad, Masallı, Yardımlı, Neftçala, Biləsuvar və ona yaxın ərazilərdə baş verən hadisələri operativ olaraq bizə ötürür. Digər büromuz isə aran bölgəsindədir.

Eyni zamanda regionlarda fəaliyyət göstərən digər 6 kanalla da sıx əməkdaşlıq edirik.

 

– Televiziya kanalına gənc kadrları cəlb etmək sizin üçün nə dərəcədə çətindir?

 

– Regionda qalıb işləmək istəyən gənc ixtisaslı kadrlar tapmaq o qədər də asan iş deyil. Çoxu paytaxta meyllidir. Amma onu deyək ki, bizim televiziyamız istər maddi-texniki baza baxımından, istərsə də verilişlərin koloritliyi və peşəkarlığı baxımında paytaxt kanallarından heç də geri qalmır. Bu gün elə kollektivimizin əsas hissəsini gənclər təşkil edir və onların içərisində digər şəhərlərdən, eləcə də paytaxtdan olan gənclər də var.

 

– Kadr çatışmazlığı problemi hiss edirsinizmi?

 

– Bu problem televiziyanın ilk yarandığı günlərdə daha qabarıq hiss olunsa da, artıq burda peşəkar bir kollektiv formalaşıb və kadr çatışmazlığı deyə xüsusi bir problemimiz yoxdur. Amma təbii ki, ixtisaslı peşəkarlara aramızda həmişə yer var.

COMMENTS