Cavanşir Feyziyevin gizli dünyası: “Quska”dan qalmaqallı qəzayadək – VİDEO

Cavanşir Feyziyevin gizli dünyası: “Quska”dan qalmaqallı qəzayadək – VİDEO

“Quska” ləqəbi ilə tanınan keçmiş deputat Hüseyn Abdullayevin cinayət işinin araşdırması zamanı xeyli maraqlı məqamlar ortaya çıxıb. Bununla bağlı cumhuriyyet.az yerli mediada yayılan məlumatlara istinadən bildirir ki, “Avromed” dərman firmasının rəhbəri, deputat Cavanşir Feyziyev bir neçə il əvvəl “Quska”dan dəyəri 10 milyonlarla ölçülən obyekt alıb.

İstintaq zamanı müəyyən olunub ki, 2014-cü ildə Hüseyn Abdullayevin mərhum atasının adına olan və Üzeyir Hacıbəyov küçəsində yerləşən 786 kvadratmetr qeyri-yaşayış sahəsini millət vəkili Cavanşir Feyziyev öz oğluna alıb. İlk mərhələdə obyekt 3 fərqli adamın adına alınıb. Onlar Sücəddin Kərimov, Yelizaveta Əlizadə və məşhur müğənni Gülyaz Məmmədova olub. Hər üç şəxsi notariusda etibarnamə ilə başqa adamlar təmsil edib. Etibarnamə ilə çıxış edib alqı-saytı müqaviləsinə imza atanlardan biri də “Avromed”in şöbə rəisi Dadaş Rzayevdir. Daha sonra həmin şəxslər milyonluq obyekti C.Feyziyevin oğlu Orxanın adına keçiriblər. Cavanşir Feyziyev də istintaqa cəlb olunaraq bu hadisə barədə şahid qismində dindirilib.
Onu da bildirək ki, bir müddət öncə Xəzər rayonunda bir qadının ölümü ilə nəticələnən yol-qəza hadisəsinin Milli Məclisin deputatı Cavanşir Feyziyevə məxsus “Porsche Cayenne GTS” markalı, 90 FC 111 dövlət qeydiyyat nişanlı avtomobil tərəfindən törədildiyi ortaya çıxıb. Bununla bağlı cumhuriyyet.az xatırladır ki, hadisə fevralın 15-də Xəzər rayonu Qala qəsəbəsi ərazisində baş verib. Belə ki, “Porsche Cayenne GTS” markalı, 90 FC 111 dövlət qeydiyyat nişanlı avtomobil Mərdəkan istiqamətində hərəkət edərkən qadını vurub. İlkin məlumata görə, zərbənin gücündən yolun əks istiqamətinə düşən qadın “Wolksfagen Passat” markalı, 99 CD 689 nömrə nişanlı avtomobilin altında qalıb və yerindəcə keçinib. Ölən qadının 1975-ci il təvəllüdlü Sevinc Cabir qızı Hüseynova olması müəyyənləşdirilib.
Deputat hadisə haqda mətbuata açıqlamasında qəza törədilən zaman sükan arxasında özünün deyil, sürücüsünün olduğunu bildirib: “Qəza baş verən zaman mən Bakıda olmamışam. Mən ayın 12-dən Brüsseldə səfərdəyəm. Bakıya yeni qayıtmışam. Maşını idarə edən sürücüm olub. Adam qəza törədib, araşdırılır, kim günahkardırsa, cəzasını da çəkəcək. Adətən, mən ölkədə olmayanda sürücüm öz maşınını idarə edir. Bu qədər illər ərzində birinci dəfədir ki, belə hadisə baş verir. Hesab edirəm ki, burada qeyri-adi nə isə yoxdur. Qəza hər kəsin başına gələ bilər, heç kəs bu cür hadisələrdən sığortalanmayıb. Kim yalandan deyir, guya, qəza vaxtı mən sükan arxasında olmuşam və sairə, Allah özü onların cəzasını verəcək”. Yerli KİV Cavanşir Feyziyevin hadisə zamanı Bakıda olub-olmamasını araşdırıb. Məlum olub ki, deputat dediyi kimi, fevralın 12-də deyil, ötən ay Brüsseldə səfərdə olub. Bu barədə “Azərtac”ın məlumatında deyilir. Məlumatda səfərin yanvarın 31-də yekunlaşdığı bildirilir.
Hadisə ilə bağlı cumhuriyyet.az mediada yayılan məlumatlara istinadən bildirir ki, qadını vuran “Porsche Cayenne GTS” markalı avtomobilin üzərindəki 90 FC 111 dövlət qeydiyyat nişanının müxtəlif vaxtlarda başqa avtomobillərin də üzərinə taxıldığı məlum olub. Yerli medianın araşdırması zamanı o da məlum olub ki, “Porsche Cayenne GTS” 90 FC 111 dövlət qeydiyyat nişanlı avtomobilin idarə olunması üçün qəza zamanı sükan arxasında olduğu deyilən Abbasov Fərdi Həsənağa oğlunun adına heç bir etibarnamə yoxdur və olmayıb.

DOSYE.ORG

COMMENTS