Çaya axıdılan milyonlar və 20 faiz geriləmə…

Kənd Təsıərrüfatı Nazirliyinin ötən il istehsal olunan məhsullarla bağlı ənənəvi hesabatında taxıl, pambıq, üzüm və digər məhsullarla yanaşı çay istehsalı ilə bağlı statistika da yer alıb.

Nazirliyin məlumatında qeyd olunur ki, 2014-cü ildə 474,2 ton yaşıl çay yarpağı istehsal edilib.

Hesabata inansaq, çay istehsalının artması üçün bütün mümkün variantlardan istifadə edilib. Biz mümkün variantlardan səmərəli istifadə edilib-edilmədiyinə qarışmırıq. Amma Dövlət Statistika Komitəsinin hesabatı görülən tədbirlərin işə yaramadığını göstərir.

Bu arada iki dövlət qurumunun eyni məhsulla bağlı fərqli statistikası da diqqət çəkir. Nazirlik ötən il 474,2 ton çay yarpağı istehsal edildiyini açıqlasa da komitə 459,2 ton məhsul yığıldığını deyir. Yəni arada 15 ton fərq yaranır. Bu 15 tonun da hesabatını çəkmədən çay istehsalının ildən-ilə artdığı ilə bağlı söylənilənlərə münasibət bildirmək istəyirik.

Dövlət Statistika Komitəsinin hesabatında göstərilir ki, 2013-də 567,5 ton çay istehsal edilib. Ötən il 459,2 ton çay istehsal edildiyini nəzərə alsaq, bir ildə 108 ton, yəni 20 faizdən çox azalma qeydə alınıb.

Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmli isə virtualaz.org saytına açıqlamasında təkcə məhsul istehsalı ilə deyil, çay idxalı və ixracı ilə bağlı hesabatda da təzadlı statistikanın verildiyini deyir: “Belə ki, “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nda əhalinin çaya olan tələbatının əsas hissəsinin yerli məhsul hesabına ödənilməsi əksini tapıb. Lakin çaya olan tələbat yerli istehsal hesabına ödənilmir. Ölkə əhalisinin çaya illik tələbatı 8-9 min tondur. Lakin Azərbaycanda 500 ton çay istehsal edilir. Yəni tələbatın cüzi hissəsi ödənilir.

Bundan əlavə, idxal-ixracla bağlı statistika ziddiyyətlidir. Rəsmi statistikadan belə çıxır ki, istehsal olunan məhsullar elə xaricə satılır və ya ölkəyə daha çox məhsul gətirilir”.

Ekspert məhsul istehsalının azalmasını yalnız hava şəraiti ilə əlaqələndirməyin doğru olmadığını da deyir: “Suvarma ilə bağlı problemlər olduğu deyilir. Halbuki ölkənin su resursları tələbatdan 10 dəfə çoxdur. Bundan əlavə, çayçılığın inkişafı ilə bağlı tədbirlər nəzərdə tutulmuşdu, milyonlarla ölçülən maliyyə ayrılmışdı. Amma qeyri-səmərəli idarəetmə nəticəsində istehsal azalır”.

 

COMMENTS