Top.Mail.Ru

Cinayətkar dəstə yaxalandı

Birləşmiş Ərəb Əmirliklərinin hüquq-mühafizə orqanları Şəmkir rayon sakini, 1966-cı il təvəllüdlü Almaz Sarı qızı Həsənovanı bu günlərdə Azərbaycan Daxili İşlər Nazirliyinin əməkdaşlarına təhvil veriblər

 

Bu məlumat vesti.az-a Azərbaycan DİN İnsan Alverinə Qarşı Mübarizə İdarəsindən verilib.

Xəbərdə deyilir ki, A.Həsənova son 7 ildə İnterpolun “qırmızı xətti” ilə axtarışda olub. Bu qadın Dubayda həm fahişəlik və insan alveri ilə, həm də qarətlə məşğul olan cinayətkar qruplaşmaya başçılıq edib. A.Həsənova nəzarətindəki azərbaycanlı fahişələri varlı ərəb müştəriləri soymağa təhrik edirmiş.

A.Həsənova əvvəlcədən cızılmış plan əsasında hərəkət edirmiş. O, gənc qadınları aldadaraq Azərbaycandan Birləşmiş Ərəb Əmirliklərinə aparır və orada zorla fahişəliyə cəlb edirmiş. Daha sonra isə həmin qadınlardan tələb edirmiş ki, Azərbaycandan Dubaya yeni qızlar gətirsinlər.

Xəbərdə deyilir ki, A.Həsənovaya qarşı qaldırılmış cinayət işində bu günə qədər insan alverinin qurbanı olmuş üç qadının adı keçir. O da məlumdur ki, A.Həsənovanın mütəşəkkil cinayətkar dəstəsinin iki üzvü artıq həbs edilib və Azərbaycanda cəza çəkir. A.Həsənova üzərində məhkəmə prosesi isə yaxın günlərdə başlayacaq.

A.Həsənovanın dəstəsinin digər üzvlərinə gəlincə isə onlar Birləşmiş Ərəb Əmirliklərinin hüquq-mühafizə orqanları tərəfindən həbs ediliblər və həmin ölkədə də mühakimə ediləcəklər, çünki onlar yerli ərəblərə qarşı qarət və soyğunçuluqda şübhəli bilinirlər.

COMMENTS