Çingiz Abdullayev: “İndiki generalların biri qapıçımız idi, o biri müdafiəçi…”

200-ə yaxın kitabın müəllifi, Azərbaycan Yazıçılar Birliyinin katibi, xalq yazıçısı Çingiz Abdullayev “Məktəb illəri” layihəsi çərçivəsində lent.az saytına müsahibə verib.

Həm də hüquqşünas olan gələcək yazıçı – məktəbli Çingiz Abdullayevlə həmin müsahibəni təqdim edirik.

Çingiz Abdullayev məktəbə 1966-cı ildə gedib. Bakının 189 saylı orta məktəbinə. Təhsili rusca alıb. 49 il əvvəli belə xatırlayır:

– Balaca uşaq idim. Anam gətirdi. Mən kitab oxumaq istəyirdim. Bədii kitab. Yadımdadır, kitabı da özümlə aparmaq istədim, qoymadılar. Düzdür, sonralar aparırdım da. Müəllimlər də əlimdən alırdılar. Dərsdə bədii kitab oxumayım deyə. İlk dərs günü bufetdə xərcləyim deyə 20 qəpik pul vermişdilər. O vaxt üçün çox böyük pul idi bu. Və mən bufetdə 20 qəpiyin hamısını xərclədim.

– Neçənci partada oturudunuz?

– Ən axırda tək. Boyum hamıdan hündür idi. Uşaqlara mane olmayım deyə 10 il ən arxa partada oturdum. Universitetdə də.

– Bu, sizdə kompleks yaratmırdı?

– Əksinə, bütün qızlar, oğlanlar mənə hörmət edirdilər. Sinifdə üzümü də hamıdan birinci mən qırxmışam. 7-ci sinifdə.

Və ilk müəlliməsindən danışır. Yevgeniya Petrovna Vaysberqdən:

– Yəhudi idi. Xasiyyəti də çox tünd. Bir şey xoşuna gəlməyəndə döyürdü uşaqları. Qulaqlarını bururdu uşaqların. Mənim qulağımı burmayıb amma.

– Çingiz Abdullayev necə şagird olub?

– Heç kəsə qulaq asmayan. Həmişə öz fikrim vardı. İndi də eləyəm. Tale elə gətirdi ki, məni 30 yaşımda Azərbaycan Yazıçılar Birliyinə katib seçildim. Hələ də burada çalışıram. Bizdə generallar çoxdur, maşallah, nazirlər də. Xalq yazıçısı cəmi 6 nəfərdir. Mən fəxr edirəm ki, Azərbaycan ədəbiyyat tarixində yeganə yazıçıyam ki, 45 yaşımda xalq yazıçısı olmuşam. Buna baxmayaraq min il çalışmalıyam ki, Səməd Vurğun səviyyəsinə çatım. Çox adam da bilir ki, mən Azərbaycandan pul da almıram. Hamısını köçürürəm uşaq evlərinə. Burdan maaş da almıram. Burda yeganə adamam ki, hökumət maşınından da imtina etmişəm. 20 ildir. Müşavirin də burda xidməti maşını var, “zavxoz”un da. Mənə lazım deyil. Öz maşınlarımla gəzirəm, öz sürücülərim var. Mən sərbəstəm. Uşaqlıqdan belə olmuşam. Əgər belə olmasaydım, kitablarım da oxunmazdı. Oxucular görsələr ki kimdənsə qorxuram, kimdənsə asılacağım var, kitablarımı oxumazdılar.

-Döyülmüşünüz?

– Məktəbdə yox, amma həyətdə bir oğlan məni və məndən iki yaş kiçik qardaşımı döyürdü. Hər dəfə həyətə çıxanda bizə toxunurdu, sonra döyürdü. Axırda başa düşdük ki, biz bacarmayacağıq. Bizdən 4-5 yaş böyük idi. Qardaşımla birləşib onu blokda yaxşıca döydük. Ondan sonra bir daha bizə əl vurmadı. Mən o vaxtdan bildim ki, pis adamlarla danışmaq mənasızdır. Ruslar demiş, “dobro doljna bıt kulakami”. Bəzi əclafa şilllə vuranda, o daha yaxşı başa düşür, nəinki çox söz deyəndə.

– Dalaşqan olmusunuz…

– Dalaşmağı indi də sevirəm. Təəssüflər olsun ki, indi qoymurlar. Elə adamlar var ki, döymək lazımdır.

– Kim qoymur?

– Anar müəllim. Bir dəfə onun kabinetində istəmişəm özünü pis aparan bir nəfəri döyəm. Anar qoymadı. Və inandırım sizi ki, döyərdim də. Bəlkə də Anar düz elədi qoymadı. Sonra başa düşdüm ki, mən düz eləmirəm. Çünki mənim boyum 1,87, onun boyu isə mənim belimdən – 1,57 idi. Üstəlik mən 100 kiloyam, o isə 40 kilo (gülür).

– Hələ də görüşdüyünüz sinif yoldaşlarınız var?

– Var. Eləsi var, hətta bizim uşaqlarımız da bir sinifdə oxuyub.

– Məktəb illəri necə idi?

– Çox gözəl illəri idi. Evimiz “Azərnəşr”lə üzbəüz idi. Orada çox tanınmış insanlar yaşayırdı. Nazim Hüseynov, görkəmli dramaturq Ramiz Fətəliyev, Mərkəzi Komitədə işləyən Fərid Musabəyov, dahi bəstəkarımız Fikrət Əmirov… Məktəbin zəngi vurulub bitənə qədər mən evdən məktəbə çatırdım. Orada üç məktəb bitişik idi. Bülbül adına Musiqi Məktəbi, 190 saylı məktəb və bizim məktəb. Məktəbimizin sağ tərəfində Azərbaycan Vəkillər Kollegiyası Rəyasət Heyətinin binası yerləşirdi. Atam da Rəyasət Heyətinin sədri idi. Və öz kabinetindən baxanda bizi görə bilirdi. Tənəffüs olanda qardaşımla qaçırdıq ora. Onun katibələri bizə çay, bulka verirdi. Məktəbi xoşlayırdım, amma kitab oxumağı daha çox xoşlayırdım. Olimpiadalarda birinciliklərim çox olub. Amma dərsləri xoşlamırdım. Mənə insanlarla ünsiyyətdə olmaq maraqlı idi, müəllimlərlə yox. 5-ci sinifdə oxuyanda 10-cu sinfə qədər olan tarix kitablarını artıq oxumuşdum. Tarixdən bir dənə də olsa “4”üm olmayıb. Hamısı “əla” idi. Tarix, ədəbiyyat və coğrafiya sevdiyim fənlər olub. Yəqin buna görə də hüquqşünas oldum. Riyaziyyatdan, fizikadan da olimpiadada birinciliklərim olurdu. Amma xoşum gəlmirdi o fənlərdən. Səhərdən axşamacan axırıncı partada oturub kitab oxuyurdum.

-Oxumağa neçə yaşınızdan başlamısınız?

– 5. Bəlkə də 4. Məktəbə gedəndə hardasa 50-ə yaxın uşaq kitabı oxumuşdum. “Qulliverin səyahəti”, “Robinzon Kruzo”, “Don Kixot”… Atam Naxçıvan Muxtar Respublikasının, Bakı şəhərinin prokuroru olub. Sonra Azərbaycan Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri işlədi. Evdə çox zəngin kitabxanamız vardı.

Sinifdə 35 şagird olduqlarını deyir. Və başlayır adlarını bir-bir sadalamağa:

– SOCAR-ın vitse-prezidenti Elşad Nəsirov, görkəmli həkimimiz Fərid Mahmudov, Moskvada işləyən Vladimir Qromov, Kosmik İnstitutda işləyən Yulian Podqornıy… Hamısının adı və familiyası yadımdadır. Gələn il 40 il olacaq ki, məktəbi bitirmişik. Gələn il həm də dostluğumuzun 50 ili olacaq. Amma bizlərdən heç kim özünü digərindən yuxarı tutmur. Biz dostuq, uşaqlıq dostu. Görüşəndə uşaqlıq illərimizi xatırlayırıq. Mən dostlarımla fəxr edirəm!

– O illərdən ən yaddaqalan bir xatirənizi bizimlə bölüşərdiniz.

– Futbol Assosiasiyası düzəltmişdik. Stolüstü futbol üzrə məktəblərarası ciddi çempionatlarımız olurdu. Universitetdə oxuyanda da futbol komandamız vardı. Qapıçımız indiki Dövlət Gömrük Komitəsinin sədri, general-leytenant Aydın Əliyev, müdafiəçimiz milli təhlükəsizlik nazirinin müavini, general-leytenant Əli Şəfiyev, o biri müdafiəçimiz Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin sədri Mahmud Nəbiyev, kapitanımız “Standart holdinq”in vitse-prezidenti Rəhman Babayev, hücumçumuz Moskvada çox tanınmış biznesmen Natiq Ağamirov və başqaları olub. Komandanın prezidenti mən idim. Mən görürdüm ki, uşaqlar məndən qat-qat yaxşı oynayırlar. Əslində hansı mövqedə istəsəm, oynaya bilərdim. Amma oynamırdım. Sizə bir sirr açım, üstündən 40 il keçib, danışmaq olar. Hərdən pulla da oynayırdıq. Yaxşı pul qoyurduq. Təbii ki, mən istəyirdim ki, biz udaq.

Prezident Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov da tələbə yoldaşım olub. O vaxt dərsdə vaxtı ləngitmək lazım idi. Mən də durub müəllimə ingilis konstitusiyasından danışmağa başladım. Bir saat danışandan sonra müəllim dedi ki, çox sağ ol, amma İngiltərədə konstitusiya yoxdu axı. Bir saat danışdın, bizi ləngitdin. 34 ildir “Çingiz” deyilən kimi Fuad bunu hamıya danışır. Nəinki Azərbaycanda, xaricdə də (gülür).

– Dərsdən qaçmısınız?

– O qədər… O vaxtların məşhur “Bitls” qrupu vardı. Uzun saç saxlayırdılar. Məktəbdə də təbii ki, icazə vermirdilər. Bir gün dərsə uzun saçla gəldik. Bizi dərsdən qovdular ki, hamınız getməlisiniz bərbərxanaya. Mən və Elşad qaçdıq, başımızı qırxdırmadıq. O birilər məcbur oldular getdilər bərbərxanaya. Onlar da protest olaraq olaraq başlarını keçəl qırxdırdılar. 14-ü də. Qızlar gülməsin deyə dərsdə papaqda oturdular. “Zavuç” gələn kimi qışqırdı ki, papaqlarınızı çıxarın. Sonra mən konkurs keçirib 14 nəfər arasından ən gözəl keçəli seçdik. Ən maraqlısı budur ki, üstündən 50 il keçib, o 14 nəfərin hamısının saçı qalıb. Amma iki nəfər ki, o vaxt saçını qırxdırmamışdı, indi onlar keçəldilər. Mənlə Elşad. Allah bizin cəzamızı verib (gülür).

– Eşq, məhəbbət?

– Bir qızdan xoşum gəlirdi. Sonra dostuma ərə getdi. İndi Volqoqradda yaşayırlar.

Müsahiblərim adətən son zəngindən danışanda “sadə” deyirlər. Xalq yazıçısının isə “Son zəng” deyəndə gözləri gülür:

– Heç vaxt yadımdan çıxmaz. Həmin il məktəbimizdə bütün məzunlara metroya pulsuz bilet verdilər. Səhərəcən harasa istəsək pulsuz gedə bilək. Yeyib-içəndən sonra gəldik metroya. İndiyə qədər bilmirəm ki, hansı stansiya idi, çıxdıq ki, heç kim yoxdur. Havayı idi deyə gəzirdik.

Sonda ənənəvi sual. O vaxtkı təhsillə indiki təhsil arasındakı fərq:

– 25 il bundan əvvəl bir söz demişəm. İndi də deyirəm. Dünyada yeganə millətik, müəllimlərə pul veririk ki, bizi öyrətməsin. Xahiş edirəm, al bu pulu, uşağa “5” yaz, qoy axmaq qalsın, öyrətmə. Ermənilər də pul verir, ingilislər də, ruslar da. Amma onlar pul verirlər ki, müəllim daha yaxşı öyrətsin. Mən uşaqlar tanıyıram ki, 5 il universitetə getməyib. Pul göndəriblər. 50-60-cı illərdə rektorlar ciblərindən pul verirdilər ki, uşaqlar oxusun. İndi bəziləri fikirləşirlər ki, necə pulları yığaq. Bir vaxtlar müəllim ən hörmətli söz olub. Kənddə ən hörmətli söz müəllimlərin olardı. İndi gülməlidir. Müəllim sözünü lağ-lağıya qoyurlar. O vaxt şagirddən “rüşvətdir” deyib gül almayan müəllim bu gün siyahı tutub şagirdlərdən pul yığır. Bilirsiniz nəyə görə belə olub? Çünki Allahsız yaşayırıq. Heç nə qalmayıb. Nə vicdan, nə ləyaqət, nə Allah. Əgər heç nə yoxdursa, onda hər şey eləmək olar. 1917-ci ildə SSRİ-də inqilab olanda bizə elan elədilər ki, Allah yoxdur. Cəmiyyət 70 il Allahsız yaşadı. Düzdür, ədəbiyyat vardı, namus, qeyrət vardı. Özünü nalayiq aparmazdılar. Utanardılar. 1991-də SSRİ dağılandan sonra bizə dedilər ki, Allah da yoxdur, vicdan da. Biz başladıq Allahsız, vicdansız yaşamağa. Son 10 ildə də bizə deyirlər ki, ləyaqət kimə lazımdır, əsas puldur, pul oldu – hər şey olacaq; pul yoxdur – sən heç kəssən. Biz indi belə yaşayırıq.

COMMENTS