Coğrafiya İnstitunun 70 illik yubleyi münasibəti ilə tədbir keçirilib

Bu il AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun 70 yaşı tamam oldu. Bu münasibətlə əvvəlcədən işlənib hazırlanmış  plan əsasında  İnstitut bir sıra tədbirlər həyata keçirib.

Mayın 22-də AMEA-nın Naxçıvan Bölməsi  və  Coğrafiya İnstitutunun birgə təşkilatçılığı ilə Naxçıvan şəhərində “Ulu öndər H.Ə.Əliyevin anadan olmasının 92-ci ildönümü və AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun yaranmasının 70 illiyi” mövzusunda  yubiley konfransı keçirilib. Konfransda AMEA Naxçıvan Bölməsinin sədri akademik İ.M.Hacıyev “Ulu öndər H.Ə.Əliyev və Azərbaycan elmi”, Coğrafiya İnstitutunun direktoru, akademik R.M.Məmmədov “AMEA Coğrafiya İnstitutu 70 ildə: nailiyyətlər və perspektivlər” adlı məruzələrində Heydər Əliyevin Azərbaycanda elmi inkişafındakı rolundan, Coğrafiya İnstitutunun 70 illik tarixindən, Azərbaycanda, eləcə də Naxçıvan Muxtar Respublikasında   müxtəlif coğrafi istiqamətlərdə aparılan tədqiqatlardan, əldə olunan nəticələrdən və inkişaf perspektivlərindən  danışıblar.

Konfransda  «Naxçıvanın arid və semiarid təbii geosistemlərində səhralaşma prosesinin inkişafı» (S.Y.Quliyeva və E.K.Əlizadə),  “Naxçıvan relyefinin müasir ekogeomorfoloji problemləri” (X.K.Tanrıverdiyev və H.A.Xəlilov), “Naxçıvanda iqlim dəyişkənliklərinə adaptasiyanın aqroiqlim məsələləri” (M.S.Həsənov və X.Ş.Rəhimov), “Naxçıvanda əhali məskunlaşması və miqrasiya problemləri” (Z.N.Eminov), “Naxçıvanın su ehtiyatları və əhalinin su ilə təminat problemləri” (R.M.Qaşqay və N.S.Bababəylinin) mövzularında məruzələr dinlənilib.

Tədbirdə birgə elmi tədqiqatların yerinə yetirilməsi geniş müzakirə olunub və “Naxçıvan MR-in coğrafiyası” mövzusunda iki cildlik fundamental monoqrafiyanın hazırlanması zərurəti xüsusi qeyd olunub.

İyunun 16-da Şamaxı, 17-də isə İsmayıllı şəhərlərində rayon icra hakimiyyətlərinin məsul işçiləri, təhsil müəssisələrinin direktorları və coğrafiya müəllimləri, həmçinin, rayon fəallarının iştirakı ilə “Coğrafiya İnstitutu 70 ildə: nailiyyətlər və perspektivlər” mövzusunda konfranslar keçirilib.

İnstitutun direktoru, akademik Ramiz Məmmədov  eyni mövzuda, AMEA-nın müxbir üzvü Elbrus Əlizadə “Böyük Qafqaz və Şamaxıda təbii proseslərin inkişaf perspektivləri”, c.e.d. Zakir Eminov “Dağlıq Şirvan regional rayonunun sosial-iqtisadi inkişafı”, c.e.d. İsmayıl Quliyev “Şamaxı rayonunun torpaq örtüyünün keçmişi, bu günü və gələcək problemləri”  və s. mövzularda məruzələr və çıxış ediblər.

            İnstitut alimləri – AMEA-nın müxbir üzvü E.K.Əlizadə, c.e.d. H.T.Haqverdiyev və  N.N. Paşayev, c.e.d. R.M.Qaşqay çıxış edərək ali və orta təhsil tələbələri üçün coğrafiya dərsliklərinin tərtibi, İsmayıllı və Şamaxı rayonlarında qeyri-neft sektorunun  inkişaf etdirilməsi, onun ümumi sosial-iqtisadi problemləri, sudan səmərəli istifadənin, turizmin inkişafının elmi-praktiki yolları haqqında çıxış ediblər, iştirakçıları maraqlandıran suallara geniş  cavablar veriblər.

         Sentyabrın 17-18-də Bakı şəhərində Coğrafiya İnstitutunun yaranmasının 70 illiyinə həsr olunmuş “Müasir qlobal dəyişmələrə geo-və təbii-təsərrüfat sistemlərinin adaptasiyası problemləri” mövzusunda Beynəlxalq elmi-praktik konfrans keçirilib. Konfransın işində Qazaxıstan, Rusiya Federasiyası, İtaliya və İrandan olan alimlər, o cümlədən Azərbaycanın müxtəlif elm və təhsil müəssisələrinin mütəxəssisləri, dəvətli qonaqlar, əlaqədar təşkilatlarının 80-dən çox nümayəndələri iştirak ediblər.

Müxtəlif aspektli qlobal dəyişmələr şəraitində təbii-təsərrüfat və landşaft-ekoloji sistemlərdə baş verən dəyişmələr və onların yeni şəraitə adaptasiya məsələləri tədbirin  əsas mövzusu  olub.

Konfransın “Təbii geosistemlərin qlobal dəyişmələrə adaptasiyası” və “Qlobal dəyişmələrin yaratdığı sosial-iqtisadi və regional problemlər” bölmələrində geomorfoloji və geodinamiki risklər, su ehtiyatları ilə təminat, iqlim dəyişmələrinə adaptasiya, landşaftların təbii ehtiyat potensialı, miqrasiya prosesləri, əhali məskunlaşlaması, infrastruktur sahələrin inkişafı, su ehtiyatlarının iqtisadi qiymətləndirilməsi, təsərrüfatın ərazi strukturlarının təşkili, turizmin coğrafiyası və s. mövzularda 50-dən artıq elmi məruzə dinlənilib və  müzakirə olunub.

Konfransdan sonra iştirakçılar iki istiqamətdə təşkil edilən marşrut üzrə  Şamaxı-Ağsu-İsmayıllı və Qobustan-Daşgil palçıq vulkanı ərazilərinə ekskursiya ediblər. Hər iki marşrutda iştirak edən alimlər çöl şəraitində relyefəmələgəlmə, sürüşmə və sellərin baş vermə səbəbləri, palçıq vulkanlarının inkişafı, landşaftların transformasiyasına aid fikir mübadiləsi aparıblar.

Yubiley ərəfəsində Azərbaycan coğrafiya elmində ilk dəfə olaraq analoqu olmayan, çoxillik tədqiqatların bəhrəsi olan fundamental bir əsər – “Azərbaycan Respublikasının Coğrafiyası” adlı üçcildlik monoqrafiya  çap olunaraq ictimaiyyətə təqdim edilib.

Bu münasibətlə oktyabrın 14-də Beynəlxalq Mətbuat Mərkəzində Coğrafiya İnstitutunun təşkilatçılığı ilə monoqrafiyanın təqdimatı keçirilib.  Akademik Ramiz Məmmədov əsər haqqında geniş məlumat verərək onun bir-birini üzvü surətdə tamamlayan üç müstəqil fundamental hissədən ibarət olduğunu, Azərbaycanın  fiziki iqtisadi, sosial və siyasi və regional coğrafiyasından bəhs etdiyini  diqqətə çatdırıb. O həmçinin qeyd edib ki, kitabda həllini tapan məsələlər ölkənin bu gün və gələcəkdə sosial – dayanıqlı inkişafını təmin etməyə yönələn müxtəlif Dövlət proqramlarının, layihələrin həyata keçirilməsində vacib rol oynaya bilər.

Təqdimatda çıxış edənlər üçcildliyin Azərbaycanı  tanımaq üçün  çox gözəl mənbə olduğunu, onun gələcək gənc coğrafiyaşünas nəsil üçün elmi bir baza rolunu oynadığını və ona görə də əsərin  rus və ingilis dillərində də çap edilməsini məqsədəuyğun hesab ediblər.

Akademik Ramiz Məmmədovun baş redaktorluğu və tərtibçiliyi ilə İnstitutun yubileyinə həsr olunmuş “Coğrafiya İnstitutu – 70” adlı daha bir kitab da çapdan çıxıb. Kitabda 70 illik inkişaf tarixi  ərzində AMEA Coğrafiya İnstututunda aparılan elmi-tədqiqat işlərinin nəticələri əks olunub, coğrafiyanın ayrı-ayrı sahələri: landşaftşünaslıq, geomorfologiya, paleocoğrafiya, iqlimşünaslıq, hidrologiya, torpaq coğrafiyası, ekocoğrafi, iqtisadi və sosial coğrafiya, Xəzər dənizinin coğrafi problemləri, kartoqrafiya və s. üzrə aparılan elmi axtarışların geniş təhlili verilib.

Oktyabrın 25-də Coğrafiya İnstitutunun 70 illik yubileyi münasibətilə Azərbaycan Qolf Federasiyasında “National Geographic Azərbaycan” jurnalının redaksiya heyəti və Coğrafiya İnstitutunun əməkdaşları arasında  görüş keçirilib.

Görüşün əsas məqsədi iki qurum arasındakı əməkdaşlıq əlaqələrinin  güclənməsi olub.

Coğrafiya İnstitutun direktoru, akademik Ramiz Məmmədov rəhbərlik etdiyi müəssisənin 70 illik yubileyi ilə əlaqədar keçirilən tədbirlərdən, İnstitutun qazandığı nailiyyətlərdən, yeni nəşrlərdən  geniş söhbət açıb. O, nəzərə çatdırıb ki, həyatın bütün sahələrini əhatə edən coğrafiya elmi “National Geographic” jurnalının bilavasitə maraq dairəsindədir.

Jurnalın baş redaktoru Seymur Teymurov ilk növbədə Coğrafiya İnstitutunun əməkdaşlarını 70 illik yubiley münasibətilə təbrik edib, institutun gələcək inkişafında uğurlar arzu edib. Sonra o, “National Geographic Azərbaycan” jurnalı haqqında geniş məlumat verərək, redaksiyanın  yarandığı gündən  bu günədək qazandığı nailiyyətlərdən və qarşıya çıxan problemlərdən söhbət açıb və  qeyd edib ki, iki azərbaycanlı fotojurnalistin məqalələri 26 dildə nəşr olunan və 40 milyondan artıq oxucusu olan Milli Coğrafiya Cəmiyyətinin (ABŞ) “National Geographic” jurnalının bu ilin ən yaxşı foto-məqalələri sırasına daxil edilib.

Coğrafiya İnstitutunun həmkarlar təşkilatının sədri, c.ü.f.d. Habil Haqverdiyev də çıxış edərək İnstitutun son illərdəki fəaliyyətini xüsusi qeyd edib, jurnalın coğrafiya ilə sıx əlaqədə olduğunu bir daha  vurğulayıb.

Akademik Ramiz Məmmədov və baş redaktor Seymur Teymurov belə görüşlərin mütəmadi keçiriləcəyini və onların qarşılıqlı əlaqələrə müsbət təsir edəcəyinə inandıqlarını söyləyiblər.

Xanım Rzazadə,

AMEA akad. H.Əliyev adına Coğrafiya İnstitutunun

ictimaiyyətlə əlaqələrə məsul əməkdaşı

 

COMMENTS