Çap mediası reklam bazarından çıxarılıb
2014-cü ildə dövlət və özəl qurumların, hətta bələdiyyələrin reklam fəaliyyətindən gəlirləri 67,3 mln. manat təşkil edib ki, bu da ötən ildə olduğundan 17,9% çoxdur.
“Reklam haqqında” qanunun tələblərinə uyğun olaraq Dövlət Statistika Komitəsi bu il ilk dəfə olaraq reklam materiallarının yayımının ayrı-ayrı növləri üzrə məlumatları açıqlayıb. Birinci yeri televiziya tutur. Dövlət Statistika Komitəsindən Turanın sorğusuna cavab olaraq bildirilib ki, bayır reklamlarının yayımından il ərzində gəlirlər 3 mln. 663,9 min manat təşkil edib. Vəsait Nəqliyyat Nazirliyi yanında “Azəryolservis” ASC, Bakı Şəhər İcra Hakimiyyətinə, İH yerli və özünüidarəetmə orqanlarına daxil olub.
Nəqliyyat şirkətləri reklamdan daha çox qazanıblar 5mln. 323,6 min manat. Bunun 6,9 min manatı Bakı metropoliteninin payına düşür. Ötən ilin martında metropolitenin yeni rəhbərliyi metro ərazisində, vaqonların üzərində reklam materiallarının yığışdırılmasını əmr edib.
Saytlara 775,2 min, qəzet və jurnallara isə 244 min manat
Reklam yayımından KİV-in gəlirləri 25,1 mln. manat təşkil edib ki, bunun da 22 mln. 665,9 min manatı TV-nin, o cümlədən dörd dövlət kanalının (AzTV, İctimai, Mədəniyyət, İdman) payına düşüb. Radioyayım şirkətləri 1 mln. 376 min manat, qəzet və jurnallar 244 min manat qazanıblar. Beləliklə, çap mətbuatın payına 0,36% düşüb.
Ən inkişaf etmiş sektor İnternet sayılır. Hələlik burada müvafiq vergi nəzarəti yoxdur. 2014-cü ildə Azərbaycan saytları reklamdan 775,2 min manat qazandıqlarını bəyan ediblər. Azərbaycanda qəzet və jurnallar isə reklamdan 244 min manat əldə ediblər.
2014-cü ildə reklam xidmətlərinin yerinə yetirilməsi üçün 3242 müqavilə bağlanıb. Fəallıq 38,6% artıb. Həmin müqavilələr üzrə işlərin (64,2 mln.manat) ümumi dəyəri 3,2% azalıb.
“90-cı illərdə Azərbaycanda tirajı 100-150 min olan qəzetlər olub”
İqtisadçı ekspert Natiq Cəfərli “Bizim Yol”a açıqlamasında bildirdi ki, çap mediasının vəziyyəti Azərbaycanda həmişə ağır olub. Çap mediasında reklamların olması dövlətin dəstəyi olmasa, yəni pullu reklamlar dövlətə yaxın qəzetlərdə yayılmasa, heç onların da reklam gəlirlərinin böyük əksəriyyəti olmazdı: “Bilirsiniz, bu çox böyük, olduqca köklü bir problemdir. Bir neçə istiqamət üzrə bu problemi araşdırmaq lazımdır. Birincisi, çap mediasının özünün vəziyyəti ildən-ilə zəifləyir və pis vəziyyətə düşür. Bunun obyektiv səbəbi də var. Əlbəttə ki, obyektiv səbəbi internetin inkişafıdır. Ancaq subyektiv səbəb ondan ibarətdir ki, qəzet və jurnalların satışı üçün yerlər son illərdə Azərbaycanda təqribən 20 dəfədən çox aşağı düşüb. Yəni köşklərin sayı azalıb, yayım şirkətlərinin sayı xeyli dərəcədə zəifləyib. Bu da təbii ki, qəzet və jurnalların satışına ciddi təsir göstərir. Tək onu demək kifayətdir ki, 90-cı illərdə Azərbaycanda tirajı 100-150 min olan qəzetlər olub. Hətta o zaman iqtisadi vəziyyətin, insanların vəziyyətinin daha ağır olduğu bir şəraitdə bu qədər tirajla qəzetlər çap olunurdu. Ancaq indi, yaxşı halda qəzetlər 5-7 min tirajla çap olunur ki, bu da həddindən artıq aşağı bir rəqəmdir”.
“Gürcüstanda reklam bazarı Azərbaycandan 50 faiz çoxdur”
N.Cəfərlinin sözlərinə görə, digər bir neqativ hal ondan ibarətdir ki, kommersiya qurumları, reklamverici şirkətlər müxalif yönlü qəzetlərə reklam verməkdən çəkinir: “Yəni sonradan onlara qarşı hər hansı bir problemlərin yarana biləcəyini düşünürlər. Bəlkə də hər hansı bir problem yaranmayacaq. Ancaq cəmiyyətdə belə bir fikir formalaşıb ki, bu tip şirkətlərə qarşı hər hansı cəza tədbirləri görülə bilər. Ona görə də həmin şirkətlər çap mediasına reklam verməkdən imtina edirlər. Ümumiyyətlə, reklam vermirlər. Digər bir səbəb isə ölkədə rəqabətli mühitin çox zəif olmasıdır. Reklam bazarı o zaman geniş inkişaf edir ki, hər hansı bir ölkədə ciddi rəqabətli mühit var. Şirkətlər də bu rəqabətli mühitdə bir-birilərindən daha üstün olmaq üçün reklam alətindən ciddi şəkildə istifadə edirlər. Yəni, istehlakçılara və alıcılara daha anlaşılan informasiya vermək üçün yarışa girirlər. Azərbaycanda isə bazarın böyük bir hissəsi inhisardadır. Həm rəsmi, həm də qeyri rəsmi inhisarçılıq mövcuddur”.
Ekspert bildirdi ki, dünyanın hər hansı ölkəsində inhisarçı şirkət olursa, onlar heç vaxt reklama maraq göstərmir: “Onsuz da bazarın böyük bir hissəsinə nəzarət edirlər və satışlarında heç bir problem yoxdur. Bu kompleks problemlər Azərbaycanın reklam bazarına, o cümlədən çap mediasının gəlirlərinə böyük təsir göstərir. Tək bir faktı demək kifayətdir ki, görək əhalisi və əraizisi 2 dəfə az olan Gürcüstanda reklam bazarı Azərbaycandan 50 faiz çoxdur. Bu da dediyim problemin Gürcüstanda olmaması və ya daha az olması ilə əlaqədardır”.
“Çap mediasının çox güclü rəqibləri var”
Media eksperti Qulu Məhərrəmli reklam məsələsinin həssas məsələ olduğunu deyir: “Çünki reklam sifarişçisi özünün reklam elədiyi məzmunun cəmiyyətdə daha geniş şəkildə yayılmasını arzulayır. Bunun üçün də onun seçdiyi vasitələr populyar vasitələr olur. Məsələn, küçədə vurulan lövhələr, avtobusdakı elanlar, televiziya, radio və qəzetlər. Yəni onlar bazarı öyrənirlər. Hansı vasitə daha çox yaya bilirsə, insanlar hansından məlumatı, reklamı daha çox ala bilirlərsə, ona üz tuturlar. Yazılı mətbuatla bağlı məsələ isə həddindən artıq həssasdır. Çünki bu sahədə dəqiq mexanizm yoxdur. Reklam bazarının özü yoxdur. Kim hansı reklamı alırsa, burada da dəqiq mexanizm yoxdur. Məsələn, qonşu ölkə Türkiyədə dövlətin verdiyi reklamların paylaşılması müəyyən mexanizm əsasında reallaşır”.
Q.Məhərrəmli deyir ki, xarici ölkələrdə reklam müəyyən bir şuraya verilir: “O da qəzetlərin populyarlılığına, tirajına görə onlar arasında yayır. Bizdə bu mexanizm yoxdur. Düzdür, deyirlər ki, bu mexanizm yaradılacaq Ancaq hələ ki, bir xəbər yoxdur. Çap mediasına reklamın az gəlməsi bununla bağlıdır. İkincisi, çap mediasının çox güclü rəqibləri var. Məsələn, internet mediası çox populyarlaşıb və reklam bazarına çox girir, televiziyalar həddindən artıq çox reklam götürür. Radio da qismən reklam alır. Bütün bunlar hamısı çap mediasının mövqeyini zəiflədir. Çap mediasının reklamdan az bəhrələnməsinin əsas səbəbləri bunlardır”.
COMMENTS