Dəyişikliyə gedən yol… daha inqilabdan keçmir

Pənah Hüseyn: “İnqilablar effektiv və ya qeyri-effektiv, yaradıcı və ya dağıdıcı olmamışdan əvvəl “olur””

“Ərəb baharı” dünyada inqilab yolu ilə demokratiyaya keçid mövzusunu aktuallaşdırsa da, sonradan baş verənlər bu mövzunu nisbətən arxa plana keçirdi. Məsələ ondadır ki, böyük ümidlər bəslənən ərəb inqilabları çox keçmədən daxili müharibələrə, silahlı radikal dini qrupların fəallaşmasına səbəb oldu. Hazırda inqilab baş verən ölkələrin demək olar ki, hamısında qanlı daxili müharibələr gedir və ekspertlər heç bir ölkə ilə bağlı “demokratiyaya keçiddən” bəhs etmirlər.

Yeri gəlmişkən, “ərəb baharı” Azərbaycanda da siyasi islahatlar mövzusunu gündəmə gətirmişdi. Ancaq sonradan proseslərin yönünün dəyişməsi Azərbaycana da sirayət etdi. Maraqlıdır, Azərbaycanda 10 il əvvələ qədər demokratiyaya keçidin inqilabı yolu müzakirə olunurdu. Siyasətçilər, politoloqlar hansısa mərhələdə, seçkilər zaman “aşağıdan” inqilab nəticəsində demokratiyaya keçidin baş verəcəyini və ya deyildiyi kimi, hakimiyyət dəyişikliyinin baş verəcəyini proqnozlaşdırırdılar.

Lakin 2005-ci il parlament seçkilərindən sonra bu mövzu böyük ölçüdə kənara qoyuldu və Qərbin təsiri ilə hakimiyyətin “yuxarıdan”, tədrici islahatlar vasitəsilə demokratiyaya keçid edəcəyi ilə bağlı proqnozlar meydana çıxdı. Sonrakı  “ərəb baharı” fraqmentində Azərbaycanda da inqilabi çağırışlar olsa da, aydın oldu ki, cəmiyyətin “aşağıdan” dəyişiklik üçün potensialı yoxdur.

Mövzu ilə bağlı söhbət etdiyimiz AXP sədri Pənah Hüseyn deyir ki, ümumi olaraq avtoritarizmdən demokratiyaya keçidin iki variantı – “aşağıdan”, xalq üsyanı nəticəsində və ya “yuxarıdan”, yəni elita tərəfindən həyata keçirilən – qəbul olunsa da, bunlar xeyli dərəcədə geniş anlayışlardır: “İnqilab böyük anlayışdır. Ümumi olaraq iki nəzəri yol təklif olunur. Bunlardan biri islahatlar yolu ilə avtoritarizmdən demokratiyaya keçiddir. Digəri isə inqilabi yol hesab olunur, yəni kütləvi xalq hərəkatları, vətəndaş müharibələri və çevrilişlərlə müşayiət olunur. Tarix, o cümlədən ən yeni tarix göstərir ki, bu cür sarsıntılar avtoritar ölkələrdə labüddür.

Onun da altını cızmaq lazımdır ki, avtoritarizmdən demokratiyaya keçid uzun bir prosesdir. Lakin avtoritar rejimlər əgər özləri dəyişikliklər etmirlərsə, cəmiyyətlə açılım və dialoq təşəbbüsləri göstərmirlərsə, onların ölkələrində inqilabi sarsıntılar, vətəndaş qarşıdurmaları, çevrilişlərlə müşayiət olunması qanunauyğun haldır. Labüd deyil ki, bütün bu çevrilişlərin, üsyanların, inqilabların təsiri ilə demokratiya bərqərar olsun. Avtoritarizm qala da bilər, hakimiyyət başqa bir qrupun avtoritarizmi ilə əvəz oluna bilər və sair. Ona görə də məsələ bu şəkildə qoyulur ki, azad olmayan cəmiyyətlərdə gərginliklərin yığılması və əvvəl-axır dağıdıcı enerjinin toplanması sarsıntılara və partlayışlara səbəb olur”.

Yumşaq keçidin tarixi nümunəsi kimi İspaniyanın və ya Argentinanın adının çəkildiyini qeyd edən həmsöhbətimizin fikrincə, siyasi analitiklərin mütləq əksəriyyəti hesab edir ki, hələlik avtoritarizmin dinc islahatlar yolu ilə demokratiyaya keçməsi nümunəsi yoxdur. P.Hüseyn deyir ki, bir çox ekspertlərə görə, daxili potensial və qlobal inteqrativ proseslərin bir-biri ilə uzlaşmasının nəticəsində demokratiyaya yumşaq keçid mümkün olur: “Yəni burda beynəlxalq demokratiya bir baza rolunu oynayır. Prosesləri müəyyən mənada yumşalda bilər. Belə bir yanaşmalar da var. Ancaq hələlik biz bunun əlverişli nümunələrini az müşahidə edirik.

İkinci Dünya müharibəsindən sonra Yaponiya, Almaniya nümunələri də var. Ancaq bu, işğalın nəticəsində olmuşdu. Bəzi ekspertlər demokratiyanın avtoritar inqilablar yolundan da danışırlar. Misal olaraq tarixdə Türkiyədə Atatürk dövrünü qeyd edirlər”.

P.Hüseynin fikrincə, demokratiya məsələsində mədəniyyət amili çox güclüdür. “Demokratiyanın yaranması üçün həm də siyasi mədəniyyət formalaşmalıdır” – deyən həmsöhbətimizin fikrincə, bu məsələdə Amerika nümunəsi var: “Prinsip etibar ilə əlverişli şərtlər üst-üstə düşdüyü zamanda, hətta hakim elitanın hazır olmadığı şəraitdə də bəzən bu cür islahatların nəzəri baxımdan mümkünlüyündən danışılır. Bildiyiniz kimi, ABŞ yarananda Corc Vaşinqtona krallıq təklif olunmuşdu. Özü də demokratiyanın ataları hesab olunan şəxslər tərəfindən. Lakin o, bundan imtina etdi və sonradan 3-cü dəfə prezidentliyə namizəd olmadı. Belə hallar olub, nümunələr var. Ancaq bunlar çox nadir, istisna hallardır. Nəhəng, tarixi yaradan şəxsiyyətlər olduğu kimi, demokratiyanı da yaradan şəxsiyyətlər olub. Ancaq bu cür nümunələr azdır, bir-iki belə nümunə göstərmək olar”.

Azərbaycanda demokratiyaya keçid imkanlarına gəlincə, P. Hüseynin sözlərinə görə, siyasi iradə olarsa, Azərbaycan cəmiyyətində də demokratik islahatların həyata keçirilməsinin mümkünlüyü haqqında yerli və xarici ekspertlərin fikirləri var. Lakin həmsöhbətimiz bu variantın reallaşmasına o qədər də ümidli deyil: “Xeyli dərəcədə mübahisəli mövzudur. Amma hər bir ideyanın da yaşama hüququ var. Bu cür məsələlər var, məsələn, kompromis olaraq müəyyən siyasi şərtlərin və siyasi qüvvələr nisbətinin elə bir halı ola bilər ki, bir sıra dəyişikliklər avtoritar yolla, yəni şəxsiyyət amili vasitəsilə həyata keçirilə bilər. Bu, nəzəri məsələdir. Amma hər halda, nəzəri də olsa, yollardan biridir.

Təəssüf ki, narahat edən də budur ki, bu mövzuda bir qanunauyğunluq var. Tamamilə proqnozlaşdırılması mümkün olmayan sarsıdıcı proseslər avtoritar cəmiyyətlərdə istənilən an baş verə bilir. İstər daxili səbəblərdən olsun, istərsə də xarici amillər səbəbindən olsun, istər sosial-iqtisadi, istərsə də sosial-psixoloji məsələlərlə əlaqədar olsun. Bizim mövqeyimiz ondan ibarətdir ki, bu sarsıntıların dağıdıcı gücünün qarşısını yalnız islahatlar ala bilər. Və yeri gəlmişkən, bir neçə il qabaq İctimai Palata “Avtoritarizmdən demokratiyaya yumşaq keçidin yol xəritəsi”ni hazırlamışdı. Hər halda, bizdə də belə sənədlər hazırlanıb ortaya qoyulmuşdu. Biz təbii ki, dəyişikliklərin mümkün qədər dağıdıcı olmadan baş verməsini arzulayırıq. Lakin bir şeydə sadəlövh olmaq lazım deyil. İnqilablar effektiv və ya qeyri-effektiv, yaradıcı və ya dağıdıcı olmamışdan əvvəl “olur”. Yəni bu bir sosial təbii hadisələr kimi meydana çıxır. O millətlər, o dövlətlər qalır ki, onlar bu qanunauyğunluğa uyğunlaşırlar. Bu prosesin qarşısında deyil, onun aparıcısı olurlar”.(musavat.com)

COMMENTS