Dağıstan Respublikasının Hesablama Palatası Dağıstanın Azərbaycandakı daimi nümayəndəliyinin işində çoxsaylı maliyyə pozuntusu faktları aşkarlayıb.
Virtualaz.org saytı qurumun yaydığı məlumata istinadən xəbər verir ki, bu günlərdə daimi nümayəndəliyin 2009-2014-cü illəri əhatə edən maliyyə-təsərrüfat fəaliyyətinin plan üzrə növbəti yoxlaması keçirilib. Həmin vaxt nümayəndəliyə Maqomed Qurbanov rəhbərlik edib. O, 2013-cü ilin aprelində vəzifəsindən çıxarılıb. M.Qurbanovu bu postda Marat Askenderov əvəzləyib. Marat Askenderov Rusiya Dövlət Dumasının Dağıstandan olan deputatı, biznesmen, “Kosmo Plyus” ASC-nin sahibi Zaur Askenderovun qardaşıdır.
“Dağıstanın Azərbaycan nümayəndəliyində aparılmış yoxlamalar zamanı kobud qanun pozuntusu faktları üzə çıxarılıb. Nümayəndəliyin ştat cədvəlində Azərbaycan vətəndaşı olan əməkdaşların adı olub. Onlara yerli sosial müdafiə fonduna ödənişlər düzgün hesablanmamaqla qanunsuz əməkhaqqı verilib. Bununla da yerli qanunlar pozulub. Bundan əlavə, Rusiya qanunları da pozulub. Belə ki, işçilərə mükafat fondundan əsassız ödənişlər edilib” – deyə Dağıstan Hesablama Palatasının mətbuat katibi Müslüm Qazıbəyov bildirib.
Daimi nümayəndəlik Dağıstan Respublikasına məxsus dövlət əmlakının özəlləşdirilməsi zamanı da qanun pozuntusuna yol verib. Belə ki, nümayəndəliyə məxsus “Mercedes” markalı avtomobil 2013-cü ildə bazar qiymətindən 4 dəfə ucuz satılmaqla dövlət xeyli ziyan vurulub. Bunun əvəzində isə heç bir ticari müsabiqə, tender keçirilmədən “GMC Yukon XL Denali” markalı avtomobil alınıb. Bu dəfə isə qiymətlər 3 dəfə şişirdilib.
Hesablama Palatası bildirir ki, daimi nümayəndəlik kassa-mədaxil əməliyyatları zamanı da qanunları pozub. Aparılan yoxlamaların nəticələri hüquqi qiymət verilməsi və cinayət iş açılması məsələsinə baxılması üçün Dağıstanın hüquq-mühafizə orqanlarına təqdim olunub.
COMMENTS