Daha bir kollecdə nöqsanlar aşkarlandı: Direktor müavini işdən çıxarıldı

Daha bir kollecdə nöqsanlar aşkarlandı: Direktor müavini işdən çıxarıldı

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi (EATDA) tərəfindən orta ixtisas təhsili müəssisələrində mütəmadi olaraq monitorinqlər aparılır. 

Agentlikdən Yenisabah.az-a bildirilib ki, Astara Pedaqoji Kollecində keçirilən monitorinq zamanı Kollecdə tədrisin təşkili ilə bağlı çoxsaylı nöqsanlar aşkar edilib və bu nöqsanların aradan qaldırılması üçün EATDA tərəfindən kadr və struktur islahatlarına başlanılıb.

Nəticədə Agentliyin 26 dekabr 2023-cü il tarixli əmri ilə filologiya üzrə fəlsəfə doktoru, professor Kamran Kazımov Astara Pedaqoji Kollecinin direktoru vəzifəsinə təyin edilib. Kamran Kazımov bu vəzifəyədək Lənkəran Dövlət Universitetinin sosial məsələlər üzrə prorektoru vəzifəsində çalışıb. Həmçinin qeyd edək ki, K.Kazımov şəhid Vüsal Kazımovun atasıdır.

Sözügedən islahatların davamı olaraq Kollecin tədris işləri üzrə direktor müavini Yusif Şahnamazov Agentliyin 29 fevral 2024-cü il tarixli əmri ilə tutduğu vəzifədən azad edilib və Kollecin coğrafiya müəllimi Əsgərzadə Aynur Aydın qızı tədris işləri üzrə direktor müavini vəzifəsinə təyin olunub.

Nazirlik bildirib ki, kolleclərin kadr potensialının möhkəmləndirilməsi, tədris prosesinin təşkilinin yaxşılaşdırılması istiqamətində Agentlik tərəfindən görülən tədbirlər davam edəcəkdir.

Qeyd edək ki, dünən yayılan məlumata görə, Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecində də araşdırma aparılır. Araşdırma zamanı sözügedən Kollecdə tədris prosesinin təşkili ilə əlaqədar ciddi nöqsanlar aşkarlanıb. Nəticədə Kollecin tədris işləri üzrə direktor müavini, direktor vəzifəsini müvəqqəti icra edən Şahin Əliyev Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin 11 mart 2024-cü il tarixli əmri ilə tutduğu vəzifədən azad edilib.

COMMENTS