Sabahdan “Bakı Kristal Zal”ında taekvondo üzrə yarışlara start veriləcək. Digər döyüş növlərində olduğu kimi burada da medal qazanmaq şanslarımız yüksək dəyərləndirilir.
ANS TV-nin məlumatına görə, taekvondo üzrə xanımların mübarizəsində ölkəmizi 67 kiloqram çəki dərəcəsində təmsil edəcək Fəridə Əzizova Çelyabinskdə keçirilən dünya çempionatında uğursuz çıxış etsə də, Avropa Oyunlarında əsas medal ümidimizlərimizdən sayılır.
2012-ci ildə yeniyetmələr arasında taekvondo üzrə dünya çempionu bu növdə ilk xanım mükafatçımızdır.
Cari ilin yanvar ayından intensiv hazırlıqlara start verən idmançımız hazırda bütün diqqətini Avropa Oyunlarına yönəltdiyini və ölkəmizdə keçiriləcək qitə miqyaslı yarışlarda adını tarixə yazdırmaq üçün maksimum çalışdığını bildirdi.
Hazırda Avropa Oyunlarına ciddi hazırlaşdığını deyən taekvondoçu Fəridə Əzizova bu məqsədlə də gündə üç dəfə olmaqla məşq edir və əsasən zəif nöqtələrini aradan qaldırmağa çalışır.
Fəridənin fikrincə, Avropa Oyunlarında uğurlu nəticəyə imza atmaq üçün fiziki hazırlıqla yanaşı psixoloji durum da mühüm əhəmiyyət kəsb edir. Hər bir rəqibə qarşı fərqli hazırlaşdığını deyən idmançımız favorit saydığı taekvondoçuların da adlarını açıqladı:
“Birinci yerdə Elen Yohanson, ikinci yerdə Fransa idmançısı Ahabi, üçüncu yerdə Rusiya idmançısı Anastasiya Barişnikova, dördüncü yerdə türk idmançısı Nurtatar türk idmançısı, 5-də isə mən qərarlaşmışam. Ən çox reytinq olan idmançılara qarşı məşqimizi çox edirik ki, bunlarla yarışmaq çətin olur”.
Taekvando üzrə yarışlar “Bakı Kristal Zal”ında 4 gün boyunca davam edəcək. Turnirdə həm kişi, həm qadın idmançılar 4 çəki kateqoriyası üzrə səkkiz medal dəsti uğrunda mübarizə aparacaqlar.

COMMENTS