İcra başçısından şikayət

İcra başçısından şikayət

salyan.jpg

Salyan rayonu Qaraçala kənd sakini Əhmədova Xalidə Zayidxan qızı yerli icra orqanlarından şikayətçidir.

 

Xalidə xanımın FaktXeber.com-a ünvanlandığı məktubda bildirir ki, 2010-cu ildə Kür daşqınları nəticəsində onun da evini su basıb. Evi kərpicdəndir və ana bəndə, yəni Kürün düz qırağına bitişikdir. Bütöv həyət-bacanı sel basıbmış, evin altı suyun içində olub və nəticədə ev çox yerindən çatlayıb. Məktubda daha sonra deyilir: “Salyan rayon icra başçısı Tahir Kərimov gələndən sonra əhali qəbula da düşə bilmir ki, dərdini desin. Tahir Kərimov icra hakimiyyətinin qabağına əlisilahlı polis işçiləri düzüb heç kəsi içəri keçməyə qoymur. O rayonu Bermud üçbucağına çevirib, yaxın düşməli deyil. Xahiş edirik ki, bizim rayona əməlli-başlı, xalqın səsini eşidən icra başçısı göndərilsin.Kür seli görməyən, selin heç yaxınlaşmadığı evlər yardım pulu alırlar, bizə isə verilmir. 2 mərtəbəli evi olan, varlı adamlara verilir, biz kasıblara isə baxan yoxdur. Azərbaycan dövlətinin pulu ancaq Fövqəladə Hallar Nazirliyinin yeyib-dağıtması üçündürsə, açıq deyin, xarici ölkələrə müraciət edək, onlardan yardım istəyək. Kəmaləddin Heydərova deyin ki, xalqı niyə ələ salırsan, niyə Azərbaycana bu qədər zülm edirsən? Kür dibində həqiqi subasan evlərin heç birinə yardım verməyiblər, pulu kənar ərazidə olan evlərə verirlər. FHN dövləti aldadır, xalqı prezidentdən narazı salır. Onlarla ailə tanıyıram ki, heç birinə bir qəpik də pul verilməyib, get-gəllərdə canımız çıxıb, əsəblərimiz korlanıb. Bizi açıq-aşkar ələ salırlar. Məsələ burasındadır ki, bizə yardım verilməsi sənədlərdə aktlaşdırılıb, amma həmin pulları FHN mənimsəyib. Bizim yanımıza boynu qalstuklu bir dəstə adam gəlmişdi ki, bura qol çək, sənə 40 min manat yardım pulu verilib, evinizi söküb niyə təzədən tikmirsiz? Biz dəhşətə gəldik, bu boyda yalan olarmı? And-aman elədik ki, yalandan yazıblar, 1 qəpik də FHN pulu görməmişik. FHN Kür daşqınlarında bizdən istifadə edərək külli-miqdarda yeyintiyə yol verib. Xahiş edirəm ki, mənimsəmə faktını araşdırasınız, bizim evə, ərim Hüseynov Salman Abdul oğlunun adına verilən 40 min manat yardımı kim və necə mənimsəyib? FHN-in sənədlərində ərim Hüseynov Salman Abdul oğlunun adına 40 min manat yardım “oformit” olunub. FHN dövlətin həmin pullarını yeyib. Tək mən deyiləm, qonşum Əsgərov Fədailin adına da 10 min manat sənədləşdirilib ki, guya ona evini tikməyə pul yardımı edilib. O pulu da yeyiblər. Xahiş edirəm ki, cinayət işinin açılmasında təşəbbüskar olasınız və Azərbaycan dövlətinin bizə ayırdığı bu pulların oğurlanmasını üzə çıxarasınız.”

P.S. Məqalədə adı çəkilən şəxslərin və idarələrin də mövqeyini dərc etməyə hazırıq.

COMMENTS