“Daha çox qol vurmalıyam” – Ruslan Abışov

“Hava isti olduğundan hər iki komandaya çətin idi. “Bakı”nın oyununa baxıb, yaxşı təhlil etmişdik. Rəqib gənclərdən təşkil olunub. Bizim üçün əsas olan nəticə idi. Qalib gəlməklə bunu da bacardıq. Birinci hissədə istədiyimizi tam həyata keçirə bilməsək də, fasilədən sonra təzyiqi artırıb, qələbə qazandıq”.

 

Qol.Az-ın məlumatına görə, bu sözləri “Qəbələ”nin vitse-kapitanı Ruslan Abışov klubun rəsmi saytına açıqlamasında deyib.

Azərbaycan Premyer Liqasının III turunun “Bakı” ilə görüşündə fərqlənən Ruslan qarşıdakı oyunlarda daha çox qol vurmaq istədiyini bildirib: “Çox sevinirəm ki, “Qəbələ”də qol hesabımı açdım. Əvvəlki oyunlarda da topu rəqib qapısından keçirməyə çalışsam da, bu alınmırdı. “Bakı” ilə görüşdə də qol vurmaq üçün əlimdən gələni etdim. Amma bunu yalnız qarşılaşmanın sonralarında gerçəkləşdirə bildim. Sonda komanda yoldaşlarımın köməyi ilə bu qolu vurdum. Qarşıdakı matçlarda çalışacağam ki, daha çox qol vurmaqla “Qəbələ” azarkeşlərini sevindirim. Müdafiəçi, yarımmüdafiəçi və ya hücumçu olmağın heç bir fərqi yoxdur. Hər bir futbolçu çalışır ki, qol vursun. Bu sevinci yaşamaq çox xoşdur”.

R.Abışov IV turun AZAL-la görüşündə ardıcıl qələbələrin sayını artırmaq iddiasında olduqlarını qeyd edib: “Qarşıdakı rəqibimiz AZAL olacaq. Əvvəlki matçlarda olduğu kimi yenə meydana qələbə üçün çıxacağıq. Son iki görüşdə qalib gəlmişik. Oyundan-oyuna daha yaxşı təsir bağışlayırıq. Ardıcıl 3-cü qələbəmizi qazanmaq istəyirik”.

Qeyd edək ki, “Qəbələ”də 5-ci rəsmi matçına çıxan Ruslan Abışov komandadakı qol hesabını açıb. Bununla da o, “Qəbələ”nin heyətində qol sevinci yaşayan 88-ci futbolçu olub.

COMMENTS