Davudoğlu bu şərtlərlə koalisiya quracaq

Baş nazir gələn həftədən siyasi partiyalarla danışıqlara başlayacaq

Türkiyə Ədalət və İnkişaf Partiyasının (AKP) sədri, baş nazir Əhməd Davudoğlu qurulacaq koalisiya hökuməti üçün şərtlərini açıqlayıb. ANS PRESS-in məlumatına görə, seçkidə 41% səs toplamış partiyanın sədri koalisiya ortaqları ilə nazirliklərin müsavi paylaşılması fikrinə qarşıdır. Hansı partiya ilə koalisiya qurulsa topladıqları səsin yeni qurulacaq kabinetdə də əks olunmasını istəyən Davudoğlu Ədliyyə, Daxili İşlər, Təhsil və s. bu kimi strateji nazirliklərin də böyük ortaqda qalmasının tərəfdarıdır. Koalisiya ortağı olacaq partiya sədrlərinin vaxtaşırı baş nazirlik postuna keçirilməsi fikri də müsbət qarşılanmayıb.

Gələn həftə çərşənbə axşamı günü yeni seçilən 258 millət vəkili ilə məclis qrupunda toplantı keçirəcək Əhməd Davudoğlu sonrakı günlərdə CHP, MHP və HDP ilə görüşəcək. Davudoğlunun ikinci tur keçirəcəyi və koalisiyaya yaxın partiyalar ilə yenə də görüşəcəyi qeyd edilib.

AKP-də koalisiya dövründə fəaliyyət göstərməmiş millət vəkilləri üçün xüsusi söhbət proqramı planlaşdırılır. Bu söhbətlərdə Bülent Arınc, Cəmil Çiçək, Mehmet Əli Şahin, Abdulqadir Aksu və s. öz təcrübələrindən danışacaqlar.

COMMENTS