DEMOKRATİYANI ŞƏRQƏ GƏTİRƏN İLK RESPUBLİKA

DEMOKRATİYANI ŞƏRQƏ GƏTİRƏN İLK RESPUBLİKA

paq.jpg

Əsarət altına salınmış türk-müsəlman xalqlarının milli mənlik şüurunu və qədim dövlətçilik ənənələrini məhv etmək siyasəti yeridən Rusiya imperiyası Azərbaycan xalqının dövlətçilik ənənələrini məhv edə bilmədi.

Qeyd etmək lazımdır ki, Rusiya imperiyası Cənubi Qafqazda etnik təmizləmə siyasəti yeritməklə türk-müsəlman xalqını bu regiondan çıxartsın, imperiyanın ayrı-ayrı yerlərindən Azərbaycan ərazisinə müxtəlif mənşəli xristian əhali köçürüdüb və yerli əhalinin xristianlaşdırılması və ruslaşdırılması siyasəti həyata keçirtməklə bu regionda xristian dövləti yaratsın. Ən dəhşətlisi də bu idi ki, həmin qeyd edilən siyasəti daha uğurla həyata keçirmək üçün erməni-müsəlman qırğınları törədilirdi. Belə qırğınlar XX əsrin əvvəllərindən başlamış Azərbaycan Demokratik Cumhuriyyətinin yaranmasına qədər davam etdirilmişdir. Bu qırğınların həyata keçirilməsində erməni daşnak və gürcü menşevik qüvvələrindən istifadə edilmişdir. Bir sözlə Azərbaycan XX əsrin birinci rübündə Çar Rusiyasının milli-müstəmləkəçilik siyasətinin ən dəhşətli sınaq meydanına çevrilmişdi.  

Məhz bütün bunlara görə Rusiya imperiyası ərazisində qədim dövlətçilik ənənələrinə malik olan Azərbaycan çarizmin qəddar milli-müstəmləkə rejiminə qarşı milli müqavimət hərəkatının əsas mərkəzinə çevrildi. Azərbaycan türkləri tarixən müstəqillik mübarizələri aparmış və öz müstəqilliyinə də qovuşmuşdur.İdarə olunmağa deyil, idarə etməyə vərdiş etmiş Azərbaycan xalqı özünün öndə gedən ziyalılarının rəhbərliyi altında bütün Rusiyanın türk-müsəlman xalqlarının milli azadlıq hərəkatının önünə keçdi. Elə bu baxımdan da Azərbaycan çarizmə qarşı öz azadlığı uğrunda ayağa qalxan bütün məzlum Şərq xalqlarının mübarizə simvoluna çevrildi.

Birinci dünya müharibəsinin gedişində “xalqlar həbsxanası” olan Rusiya imperiyasının dağılması üçün real tarixi şərait yarandı. Azərbaycan xalqı qədim dövlətçilik ənənələrinə və həmin dövrün modern idarəçilik mədəniyyətinə yiyələndiyi üçün müstəqil dövlət halında yaşamağa tam hazır idi. Güney Azərbaycandan fərqli olaraq Quzey Azərbaycan Rusiya ağalığı dövründə Rusiyanın və Rusiya vasitəsilə Qərbin yeni – demokratik dövlət quruculuğu ənənələri ilə – parlament mədəniyyəti ilə yaxından tanış ola bilmişdi. Azərbaycan ziyalılarının mühüm bir hissəsi, o cümlədən Əlimərdan bəy Topçubaşov başda olmaqla, peşəkar hüquqşünaslar Rusiyanın Dövlət dumalarında zəngin parlamentçilik təcrübəsi qazanmışdılar. Onlar nifrət etdikləri və qəddar milli müstəmləkə zülmünün hökmranlıq etdiyi Rusiya mütləqiyyətindən tamamilə fərqlənən, bütün hüquq və azadlıqların təmin olunduğu ən demokratik respublika sistemi yaratmağa hazır idilər. Azərbaycan Xalq Cümhuriyyəti xadimlərinin demokratik dövlət yaratmaq ideyaları onların hələ Rusiya Dövlət Dumalarında fəaliyyət göstərdikləri dövrdə formalaşmışdı. Buna görə də Azərbaycan Xalq Cümhuriyyətinin parlamentli respublika kimi formalaşması tarixi reallıqdan doğurdu. Çarizmin devrilməsindən sonrakı hadisələrin real inkişaf prosesi buna doğru aparırdı.

1917-ci ilin fevralında Rusiyada Romanovlar mütləqiyyəti devrildi. Monarxiya rejimi aradan qaldırıldıqdan sonra hakimiyyətə gələn Müvəqqəti hökumət Cənubi Qafqazın idarəçiliyi üzrə Xüsusi Komitə yaratdı. Lakin Müvəqqəti hökumət uzun müddət hakimiyyətdə qala bilmədi. 1917-ci ilin oktyabrındakı hakimiyyət çevrilişi nəticəsində Cənubi Qafqazdan Rusiyanın Müəssislər Məclisinə seçilən deputatlar Petroqrada və Moskvaya gedə bilmədilər. Onlar 1918-ci il fevralın 14-də Tiflisdə Zaqafqaziyanın ali hakimiyyət orqanı olan Zaqafqaziya Seymini, yəni Zaqafqaziya parlamentini yaratdılar.

Müstəqilliyin elan olunması ərəfəsində həm regionda,həm beynəlxalq aləmdə vəziyyət heç də ürəkaçan deyildir. Azərbaycanla bağlı maraqlar kəskin olaraq toqquşurdu. ABŞ, Rusiya, Almaniya, Böyük Britaniya, Fransa Osmanlı dövlətlərinin maraqları toqquşduğundan regionda vəziyyət daha gərgin idi. Birinci dünya müharibəsinin gedişində baş vermiş mühüm dəyişikliklər və eləcə də Osmanlı dövlətinin müharibədəki durumu regional bağlı məsələlərin çözülməsində gərginliyi dərinləşdirirdi.

Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ərəfəsində Cənubi Qafqaz iki fərqli prosesə cəlb olundu. Birincisi, Cənubi Qafqazın müsəlmanlara məxsus torpaqlarında soyqırım ilə nəticələnən proseslər idi ki, bolşevik-daşnak hərbi-siyasi müttəfiqliyi nəticəsində baş vermişdi. Cənubi Qafqaz uğrunda rəqabətin beynəlxalq məzmun almasında daxili siyasi qüvvələrin mövqeyi də təsirsiz qalmamışdı. Bolşeviklərin sivil yolla hakimiyyətə yiyələnmək ehtimalı azaldıqca güc vasitələrinə üstünlük verilirdi. Daşnaklarla iş birliyinin əsasını da qüvvələr nisbətini müsəlmanlara qarşı gücləndirmək təşkil edirdi. Müsəlman əhalinin son dərəcə amansızlıqla, qısa müddətdə kütləvi şəkildə məhv edilməsi məhz Azərbaycan xalqını Osmanlı dövlətindən yardım istəmək məcburiyyətində qoydu. “Turançılıq” layihəsini gerçəkləşdirmək istəyən Osmanlı dövlət xadimlərinin Qafqazla bağlı bir neçə variantda planlarının reallaşmasına imkan verən şərait yaranırdı. Osmanlı dövləti Qafqazda “türkçülük” və “turançılığ”ın əsaslarına söykənən bir siyasətin gerçəkləşdirilməsini planlaşdırmışdı.

Almaniyanın müttəfiqi olan Osmanlı dövlətinin 1918-ci il 3 mart Brest-Litovsk müqaviləsinin şərtlərinə əməl etmək tələbi Zaqafqaziya Seymini seçim qarşısında qoymuşdu: ya müqavilədə təsbit olunmuş ərazilərin Osmanlı imperiyasına verilməsini qəbul etməli, yaxud da Rusiyadan ayrılaraq müstəqil tərəf kimi davranmalı idi.

Osmanlı dövləti ilə danışıqlarda Transqafqaz sülh nümayəndə heyətinin başçısı A.Çxenkeli etiraf edirdi ki, “Türkiyə, obyektiv olaraq Cənubi Qafqazın müstəqilliyinin elan edilməsində maraqlıdır. Cənubi Qafqazın müstəqilliyi şimaldan Türkiyənin təhlükəsizliyini təmin edir”.

Azərbaycan xalqının Osmanlı dövlətinə rəğbəti və yardım istəyi, digər tərəfdən Zaqafqaziya Seyminin 1918-ci il Brest-Litovsk müqaviləsinin şərtləri ilə barışmaması və Türkiyə ilə müharibəyə cəlb olunması nəticəsində Osmanlı dövlətinin Qafqazda yeni ərazilər ələ keçirərək irəliləməsi adekvat olaraq regionda marağı olan digər xarici qüvvələrin aktiv reaksiyasına gətirib çıxardı.

Osmanlı dövlətinin müttəfiqi olan Almaniya Qafqazda gedən proseslərdən kənarda qalmamaq və öz mənafeyini təmin etmək üçün Batum konfransına qatıldı. Almaniyanın Qafqaz siyasətinin əsas prinsipləri müəyyənləşdirildi. Qafqazın təbii sərvətlərindən maksimum dərəcədə faydalanmaq istəyən almanlar Batumun və Gürcüstanın alman nəzarətində qalmasına çalışırdılar. Osmanlı dövlətinin Qafqaz regionu ilə bağlı planlarına mane olmaq üçün Almaniya Rusiyanın Batum konfransına qatılmasına çalışırdı. Rusiya Zaqafqaziya hökumətini tanımaq istəmədiyindən, Zaqafqaziya nümayəndə heyətlərinin və Osmanlı dövlətinin kəskin müqaviməti Rusiyanın Batum konfransında iştirakına imkan vermədi. Gürcüstan Almaniyaya himayədarlığına keçmək üçün müraciət etdi. Almaniya isə Gürcüstanın qəyyumluğunu bir şərtlə qəbul edəcəyini bildirdi. Gərək Gürcüstan Zaqafqaziya Federasiyasının tərkibindən çıxıb müstəqilliyini elan etsin. Gürcüstanın öz müstəqilliyini elan etməsi Almaniyanın qəyyumluğunu qəbul etməsini şərtləndirirdi. Almaniyanın Qafqaz siyasəti Gürcüstan miqyasında gerçəkləşdi: “Region uğrunda beynəlxalq rəqabətdə Almaniya Gürcüstanı özü üçün mümkün real qənimət bilirdi: “…nəyin bahasına olursa-olsun, heç olmasa, Gürcüstanı əlimizdə saxlamalıyıq. Əks təqdirdə, Qafqazın digər hissələri də tez və ya gec əlimizdən çıxacaqdır”. Artıq mayın 25-də “Poti şəhərinə 3000 alman əsgəri çıxarıldı, may ayının 30-da isə alman diplomatik missiyası Tiflis şəhərinə gəldi. Tezliklə Gürcüstanın bütün dəmir yolları və su nəqliyyatı, habelə Çitauriyanın marqans mədənləri almanların nəzarəti altına keçdi”. Bununla da Almaniya Gürcüstanda öz mövqelərini möhkəmləndirməyə başladı.

Beləliklə, 1918-ci ilin yazından başlayaraq Ənzəlidən ingilislərin, Azərbaycandan Nuru Paşanın və Gürcüstandan almanların son məqsəd olan Bakı ilə bağlı kəskin yarışı başlamışdı. Sovet Rusiyası isə regionla bağlı daha ciddi addımlar atmışdı.

Rusiya regionun bir hissəsində – Bakı quberniyasında hakimiyyəti ələ keçirtmişdir. Ənzəlinin həmin ərəfədə tamamilə bolşevik nəzarətində olması Bakıda bolşevik diktaturasının qurulmasına imkan vermişdir. Belə ki, 1918-ci ilin yanvarında Britaniya hərbi ekspedisiyası Bağdaddan çıxaraq Ənzəliyə qədər sürətlə irəliləyə bildi. Artıq fevralın ortalarında Qəzvinə çatan Britaniya hərbi heyəti Ənzəlinin tamamilə bolşevik nəzarətində olması səbəbindən Bakıya gələ bilməmişdi. Bakı Qafqazın siyasi müqəddəratına təsir edəcək həlledici seçim ərəfəsində idi. Osmanlı qoşunlarını Bakının neft mədənlərindən uzaqda saxlamaq üçün ingilislər türklərə qarşı müharibəyə hazırlaşan bolşeviklərlə iş birliyinə can atırdılar. Bakının müdafiəsi üçün ingilis yardımını qəbul etmək məsələsi Rusiya hakimiyyətinin yerli icraedici qurumu statusunda çıxış edən Bakı bolşevik hökumətində kəskin fərqli fikir ayrılığı yaratmışdı.

Britaniya missiyasının rəhbəri general Denstervil Bakıya sahib olmadan hər hansı cəhdin faydasız olduğunu vurğulayırdı: “Mən həmişə Xəzər (dənizi) üzərində nəzarətin necə böyük əhəmiyyətə malik olduğunu (demişəm) və bunun həyata keçməsinə dair bir neçə plan hazırlanmışdı” .

1918-ci ilin yazından etibarən Bakıdakı vəziyyət haqqında ingilis kəşfiyyatının əhatəli məlumatları Britaniya missiyasının Qafqazda əməkdaşlıq edə biləcək siyasi qüvvələri müəyyənləşdirməyə yardım edirdi. Yaranmış vəziyyətdə ermənilərin təklifindən faydalanmağı məqbul hesab etməyən ingilis hərbi kəşfiyyatı ehtiyat etsə də, eyni vaxtda Ənzəliyədək gəlib, ermənilərlə, bolşeviklərlə birgə Xəzər donanması üzərində nəzarəti ələ almağı düşünürdü. Bakıdakı bolşevik hakimiyyəti ilə Ənzəli bolşevikləri arasında əlaqədə erməni vasitəçiliyi şirnikləndirici görünsə də, Bakıda vitse-konsul Ponald Mak-Donellin aparıcı rol oynadığı ingilis kəşfiyyat xidməti Denstervil missiyasının gəlişi üçün zəmin hazırlamaqla məşğul idi. Erməni Milli Şurası ingilis yardımını qəbul etməyə hazır olsa da, bolşevik hakimiyyətinin mövqeyi fərqli idi. İngilislərin Cənubi Qafqazda daşnaklarla müttəfiqliyi qarşılıqlı maraqlara əsaslanırdı. Osmanlı ordusuna qarşı çıxan qüvvələrdən eser və menşeviklər Rusiyadan ayrılmağı rədd etdikləri halda, daşnaklar Cənubi Qafqazın Rusiyadan ayrılıb Britaniya nüfuz dairəsinə keçməsini qəbul edə bilərdilər. Britaniya missiyasının Qafqaza gəlməsinə razılıq verən eserlər (sosial-inqilabçılar) Ənzəliyə, L.Biçeraxovun yanına hazırlıq üçün 200 nəfər nümayəndə göndərmişdilər. L.Biçeraxovun gəlişi isə iyunun əvvəli üçün nəzərdə tutulmuşdu. Lakin Brest-Litovsk sülh müqaviləsinin imzalanması “Qafqaz tarazlığını yenidən pozdu”. Osmanlı hücumundan qorxan Gürcüstan Almaniyanın himayəsini qəbul etdi. Lakin alman-gürcü qoşunları Osmanlı qüvvələrinin Azərbaycana doğru hərəkətini dayandıra bilmədi. Alman qoşunlarının əlinə keçməmək üçün Britaniya missiyası Tiflisdən Vladiqafqaza köçdü.

1918-ci ilin yayı üçün, heç olmasa, kiçik dəstə ilə belə ingilislərin Xəzər hövzəsinə daxil olmasına hökumət hədsiz əhəmiyyət verirdi. Hətta bir-iki ingilis zabitinin Bakıya göndərilməsi, neft mədənlərinin məhv edilməsi, Xəzər donanmasının ələ keçirilməsi, türklərə qarşı yerli hökumətə (Bakı bolşevik hökumətinə) yardım göstərilməsi və s. nəzərdə tutulurdu. Denstervil isə bu fikirdə idi ki, 2 ingilis zabitinin Bakıya göndərilməsi heç bir nəticə verməyəcəkdir, Bakı şəhəri “effektli kömək almaq ümidindədir və neft mədənlərini dağıtmağa ehtiyac yoxdur”. Bu mövqe reallığa əsaslanırdı. Londondan göstərişlər verildiyi iyun günlərində Osmanlı imperiyası ilə Cənubi Qafqaz respublikaları arasında “Sülh və dostluq” müqavilələri imzalanmışdı. Azərbaycan hökuməti müqavilənin dördüncü bəndinə istinadən Osmanlı hökumətindən yardım istəmişdi. Bakı XKS isə Gəncə üzərinə yürüş haqqında əmr vermişdi. Məğlubiyyət anında düşmənə qalmasın deyə, neft mədənlərinə od vurmaq əmri də bolşeviklərin planına daxil idi.

Qafqaz regionu – Xəzər hövzəsi uğrunda beynəlxalq və daxili siyasi qüvvələrin apardıqları savaşın nəticələrindən zərər çəkən əsasən Azərbaycan xalqı, Azərbaycan torpaqları olmuşdur. Daxili siyasi qüvvələrin mövqeyindən məharətlə faydalanan sovet Rusiyası mahiyyətcə soyqırımı aktı olan kütləvi qırğınlar törətməklə Bakı quberniyasında hakimiyyətini qura bildi. Bolşevik dəstəyinə güvənən erməni yaraqlıları Bakı quberniyasından geniş miqyasda, o cümlədən Yelizavetpol (Gəncə), xüsusən İrəvan quberniyalarında müsəlman əhalini qətliama düçar etdilər. 1917-ci ilin fevralından 1918-ci ilin martına qədərki dövrdə İrəvan quberniyasında 200 azərbaycanlı kəndi dağıdılmış, 135 min nəfərdən çox əhali doğma torpaqlarından qovulmuş və ya məhv edilmişdi. Bu qanlı proseslə paralel Zaqafqaziya Seyminin Osmanlı dövləti ilə danışıqları və hərbi əməliyyatları gedirdi. Həmin prosesdə də İrəvan quberniyasının ərazilərinin müqəddəratı həll olunurdu. Quberniyanın 7 qəzasından 5-i (Sürməli, Aleksandropol, Şərur, Eçmiədzin və İrəvan qəzasının böyük bir hissəsi) artıq Osmanlı qoşunlarının nəzarəti altına keçmişdi, 2 qəzadan ibarət ərazidə isə erməni dövlətinin yaradılması planlaşdırılırdı. Ermənilərin “ingilis-rus siyasəti naminə türklərə qarşı fitnə-fəsadlara son qoyacaqları” şərtilə müstəqil dövlət yaratmalarına Osmanlı dövlətinin razılıq verməsini Azərbaycan təmsilçiləri də əlverişli hal hesab edirdilər. : “Kəndi daxilində hüsn-i intiqamla meşyu, daima fırsat ardından koşan və ilk imkan bulunca arxamızdan xəncəri vurmaq zehniyətində qalan erməni arzu-yı millisi münker və hər zaman türk siyasəti əleyhində mudahelat-ı əcnəbiyəyi ihtar edən intriqalara vasitə olacaq bir buçuk milyonluq bir erməni kütləsi bulundurmaqmı, yoxsa türk akvamı ilə muhat, sevkül-ceyş nokta-yı nazarınca zararsız və amal-ı milliyesince təmin olunmuş kiçik bir erməni kantonumu? Siyasət-i milliyemiz nokta-yı nazarından bizcə ikinci şəkil daha faydalı və münasib olsa gərək… Biz daha erməni kantonu təsisindən bəhs etdikdə məqsədimiz erməniləri müdafiə deyil, kəndi siyasətimiz, türk siyasət-i umumiyesi nokta-yı nəzərindən baxır və məsələni bu siyasət kaidəsinə həll etmək istəyirik…”.

Beləliklə, yaradılması razılaşdırılmış erməni federasiyası üçün siyasi mərkəz lazım idi. Aleksandropolun Türkiyəyə keçməsindən sonra belə mərkəz kimi İrəvan şəhəri nəzərdə tutulmuşdu. Birinci Dünya müharibəsinin son mərhələsində hərbi əməliyyatların gedişatı Osmanlı dövlətinin məğlubiyyəti ilə müşayiət olunanda artıq türk qoşunlarının nəzarət altında saxladığı əraziləri tərk etməsi erməni nizamı qüvvələrinin həmin əraziləri zəbt etməsi ilə nəticələndi. Həmin ərazilər Osmanlı dövlətinin Batum konfransında Azərbaycan nümayəndələrinə güzəştə getmədiyi torpaqlar idi. Osmanlı tərəfinin üzərində israrla dayandığı həmin ərazilər nə özünə, nə də Azərbaycan Cümhuriyyətinə qalmadı. Naxçıvan, Şərur, Sürməli istisna olmaqla (onların müqəddəratı da çox keşməkeşli oldu və sovet hakimiyyəti illərində həllini tapdı) İrəvan, Uluxanlı, Vedibasar, Gümrü ermənilər tərəfindən tutuldu.

Sonda İrəvan quberniyasının Osmanlı nəzarəti altında olan əraziləri və Azərbaycan Cümhuriyyətinə aid hissələri Ararat (erməni) respublikasının hakimiyyəti altına keçdi. Cənubi Qafqazın azərbaycanlıların kompakt yaşadığı tarixi yurdu olmuş İrəvan quberniyasının əksər ərazisi Azərbaycan dövləti üçün itirildi.

Regiondakı geosiyasi vəziyyətdən yaranmış Azərbaycan Cümhuriyyəti düz bir il əvvəl “Azərbaycan muxtariyyəti” üçün nəzərdə tutulmuş əraziləri tam əhatə edə bilmədi. Muxtariyyətin əhatə edəcəyi ərazilərə dair 1917-ci ilin dekabrında mövqe belə idi: “Azərbaycan muxtariyyətindən bəhs olunuyorsa, həmən İrəvan, Gəncə və Bakı quberniyaları ilə sair Zaqafqaziya uyezd və mahallarından bəhs olunuyor deməkdir”. “Azərbaycan müxtariyyəti”nin gerçəkləşməsinə imkan verməyən daxili və xarici qüvvələrin müqavimətinə baxmayaraq, son dərəcə mürəkkəb şəraitdə qismən kiçik ərazidə müstəqil Azərbaycan dövlətini qurmaq mümkün oldu.

Zaqafqaziya Seymində Müsəlman Fraksiyasını Müəssislər Məclisinə seçkilər zamanı Azərbaycanı 44 deputat təmsil edirdi. Zaqafqaziya Seyminin Müsəlman Fraksiyası, faktiki olaraq, Zaqafqaziya Müsəlman Şurası, daha dəqiq desək, Zaqafqaziya Müsəlman parlamenti funksiyasını yerinə yetirirdi.

Diqqət çəkən məqamlardan biri o idi ki, Dövlət dumalarında olduğu kimi, Zaqafqaziya Seyminin də ən fəal üzvləri Azərbaycan nümayəndələri idilər. Məhz onların tələbi ilə 1918-ci il aprelin 9-da Zaqafqaziya Seymi Zaqafqaziyanın müstəqilliyini elan etdi və Birləşmiş Zaqafqaziya Cümhuriyyəti yaradıldı. Lakin istər daxili, istərsə də xarici siyasət sahəsində kəskin milli mənafe ziddiyyətlərinin olması Zaqafqaziya Seymi və Birləşmiş Zaqafqaziya Cümhuriyyəti hökumətinin konkret addımlar atmasına imkan vermədi. Nəticədə 1918-ci il mayın 25-də gürcü nümayəndələr Seymdən çıxdılar və ertəsi gün – mayın 26-da Gürcüstanın müstəqilliyini elan etdilər.

Mayın 27-də Seymin Müsəlman Fraksiyasının, yəni Zaqafqaziya Müsəlman Şurasının (faktiki olaraq Zaqafqaziya Müsəlman parlamentinin) üzvləri ayrıca iclaslarını keçirdilər və Azərbaycanın müstəqilliyini elan etmək qərarına gəldilər. Bu məqsədlə Zaqafqaziya Müsəlman Şurası özünü Azərbaycan Milli Şurası, daha doğrusu, Azərbaycan parlamenti elan etdi. Bununla, əslində, ilk Azərbaycan parlamenti yarandı və Azərbaycanda ilk parlamentli respublikanın bünövrəsi qoyuldu. 1918-ci il mayın 27-də keçirilən həmin iclasda Azərbaycan Milli Şurasının Rəyasət Heyəti və sədri seçildi. Bu iclasda M.Ə.Rəsulzadə Milli Şuranın sədri oldu.

Mayın 28-də Həsən bəy Ağayevin sədrliyi ilə Azərbaycan Milli Şurasının tarixi iclası keçirildi. Həmin iclasda iştirak edən Həsən bəy Ağayev (sədr), Mustafa Mahmudov (katib), Fətəli xan Xoyski, Xəlil bəy Xasməmmədov, Nəsib bəy Usubbəyov, Mehdi bəy Hacınski, Mir Hidayət Seyidov, Əli Əskər bəy Mahmudbəyov, Heybət Qulu Məmmədbəyov, Aslan bəy Qardaşov, Sultan Məcid Qənizadə, Mehdi bəy Hacıbababəyov, Nəriman bəy Nərimanbəyov, Əkbər Ağa Şeyxülislamov, Məmməd Yusif Cəfərov, Xudadat bəy Məlik-Aslanov, Rəhim bəy Vəkilov, Həmid bəy Şahtaxtinski, Firidun bəy Köçərlinski, Camo bəy Hacınski, Məhəmməd Məhərrəmov,Şəfi bəy Rüstəmbəyov, Xosrov Paşa bəy Sultanov, Cəfər Axundov, Hacı Molla Səlim Axundzadə və Cavad Məlik-Yeqanov Azərbaycanın İstiqlal Bəyannaməsini qəbul etdilər. İstiqlal Bəyannaməsi bütün türk-müsəlman dünyasında, ümumiyyətlə, bütün Şərqdə, ilk dəfə olaraq Azərbaycanda ən demokratik respublika idarə üsulunun – parlamentli respublikanın yaranmasından xəbər verirdi.

1918-ci il mayın 28-də Tiflisdə Azərbaycan Milli Şurası Azərbaycanın müstəqilliyi haqqında “İstiqlal bəyannaməsi”ni Milli Şurada 24 səslə (iki nəfər – Sultan Məcid Qənizadə və Cəfər bəy Axundov bitərəf qaldı) qəbul etdi. Bu qərar və altı bənddən ibarət “İstiqlal bəyannaməsi”, yaxud “Misaği-milli” (əqdnamə) Azərbaycan millətinin varlığını bütün dünyaya bəyan etdi.

Azərbaycan Milli Şurasının İstiqlal Bəyannaməsində deyilirdi:

1. Bu gündən etibarən Azərbaycan xalqı hakimiyyətə malik olduğu kimi, Cənub-Şərqi Zaqafqaziyanı əhatə edən Azərbaycan da tam hüquqlu müstəqil bir dövlətdir.

2. Müstəqil Azərbaycan dövlətinin idarə forması Xalq Cümhuriyyətidir.

3. Azərbaycan Xalq Cümhuriyyəti bütün millətlərlə, xüsusilə qonşu olduğu millətlər və dövlətlərlə mehriban münasibətlər yaratmaq əzmindədir.

4. Azərbaycan Xalq Cümhuriyyəti milliyyətindən, məzhəbindən, sinfindən, silkindən və cinsindən asılı olmayaraq, öz sərhədləri daxilində yaşayan bütün vətəndaşlarına siyasi hüquqlar və vətəndaşlıq hüququ təmin edir.

5. Azərbaycan Xalq Cümhuriyyəti öz ərazisi daxilində yaşayan bütün millətlərin sərbəst inkişafı üçün geniş imkanlar yaradır.

6. Müəssislər Məclisi toplanıncaya qədər Azərbaycanın başında xalqın seçdiyi Milli Şura və Milli Şura qarşısında məsuliyyət daşıyan Müvəqqəti hökumət durur.

Azərbaycan Milli Şurası həmin iclasında, eyni zamanda, bitərəf Fətəli xan Xoyskinin başçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin ilk Müvəqqəti hökumətinin tərkibini də təsdiq etdi. İlk Müvəqqəti hökumət bu tərkibdə idi:

Fətəli xan Xoyski – Nazirlər Şurasının sədri və daxili işlər naziri Xosrov Paşa bəy Sultanov – hərbi nazir Məmməd Həsən Hacınski – xarici işlər naziri Nəsib bəy Usubbəyov – maliyyə naziri və xalq maarif naziri Xəlil bəy Xasməmmədov – ədliyyə naziri Məmməd Yusif Cəfərov – ticarət və sənaye naziri Əkbər Ağa Şeyxülislamov – əkinçilik naziri və əmək naziri Xudadat bəy Məlik-Aslanov – yollar naziri və poçt-teleqraf naziri Camo bəy Hacınski – Dövlət nəzarətçisi.

Beləliklə, Birinci dünya müharibəsinin gedişində və Romanovlar mütləqiyyətinin devrilməsi nəticəsində yaranmış çox mürəkkəb bir tarixi şəraitdə Azərbaycanın şimal torpaqlarında dövlətçilik ənənələrimiz yenidən, özü də bu dəfə parlamentli respublika formasında dirçəldi.

Beləliklə, Azərbaycan dövlətçiliyi tarixində ilk Konstitusiya aktı – “İstiqlal bəyannaməsi”nin qəbulu ilə Azərbaycan dövlətçiliyi Xalq Cümhuriyyəti formasında elan olundu. Bu hüquqi və siyasi sənəddə müstəqil Azərbaycan dövlətinin yarandığı bəyan edildi, onun hakimiyyətinin şamil olunduğu ərazinin hüdudları müəyyənləşdirildi, həmçinin dövlətin əsas fəaliyyət prinsipləri öz əksini tapdı. “İstiqlal bəyannaməsi”ndə demokratik dövlətə məxsus atributların – hakimiyyətin xalqa mənsub olması, vətəndaşların mülki və siyasi hüquqlarının təmsil edilməsi, bütün xalqların və hər bir kəsin milli, dini, sinfi, silki və cinsi mənsubiyyətindən asılı olmayaraq, azad inkişafı üçün şərait yaradılması, ən nəhayət, hakimiyyətin bölünməsi kimi prinsiplərin dövlət fəaliyyətinin əsası kimi bəyan edilməsi Azərbaycan xalqının suveren, demokratik, hüquqi dövlət yaratmaq əzmində olduğunu bütün bəşəriyyətə nümayiş etdirdi. Bu sənəd Azərbaycan millətinin millət-mədəniyyət statusundan tamamilə başqa siyasi-hüquqi və mənəvi-psixoloji statusa – millət-dövlət statusuna qədəm qoyduğunu göstərdi. Mayın 30-da Azərbaycanın öz müstəqilliyini elan etməsi barədə dünyanın əsas siyasi mərkəzlərinə radio-teleqrafla məlumat verildi.

“İstiqlal bəyannaməsi”ni qəbul edən Milli Şura Azərbaycan hökumətini təşkil etməyi bitərəf Fətəli xan Xoyskiyə tapşırdı. İlk hökuməti “Müsavat”, Müsəlman sosialist bloku, “Hümmət”, “İttihad” və bitərəflərdən ibarət 9 nazir təmsil edirdi.

Etibar Adil oğlu Musayev

Gəncə Dövlət Universitetinin

Ümumi tarix kafedrasının dosenti

COMMENTS