Bəxtiyar Sadıqov Şəmkirin sabiq icra başçısını ölümünə müdafiəsinə etdi
Son günlər cəmiyyətin və mətbuatın ən çox gündəmində olan mövzu məhbus Lamiyə Quliyevanın həbsxanada uşaq dünyaya gətirməsidir. 2003-cü ilin may ayında Şəmkirin o zaman ki icra başçısı Aslan Aslanovun oğlu Ruslanı qətlə yetirməkdə suçlandığı üçün o, 10 il müddətinə həbs edilmişdi. Azadlıqğa çıxmasına az qalmış ona həbsxanada daha bir cinayət işi açıb daha 5 il 6 ay iş veriblər. Lamiyənin türmədə dünyaya gətirdiyi uşağın atası hələ də məlum deyil. Körpənin atası ilə bağlı ortaya çıxan iddiaların, məlumatların heç biri özünü doğrultmayıb.
Mətbuat Lamiyə mövzusu ilə paralel Aslan Aslanovu da ələşdirir. Onun bu işlə bağlı etdikləri, bütün qanunları qarşısına alıb öz hikkəsini yeritməsi birmənalı qarşılanmayıb. Haqlı sual çıxıb ortaya: necə ola bilər ki, bir orta ranqlı məmur məhkəmə, ədliyyə sistemini öz hikkəsinə tabe etdirib? Bu məsələdə A.Aslanovun qohumluq əlaqəsi daha çox rol oynayır, yoxsa rüşvət amili? Bəlkə o, üzvü olduğu hakim partiyaya arxalanaraq iki nəslin axırına çıxmaqda israrlıdır? YAP Siyasi Şurasının üzvü olan A.Aslanov bu üstünlüyündən istifadə edib insanların həyatını qaraldır? Oğlunun ölümündə günahı olan-olmayan kim varsa, kimdən şübhələnirsə hamısını repressiya maşınından keçirir? Bu suallara YAP rəhbərliyinin mövqeyini öyrənmək istəsək də telefon zənglərimizə cavab verən olmadı.
Hakim partiyada ciddi nüfuzu və mövqeyi olan YAP-çı deputat, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqovla danışdıq. O, musavat.com-a açıqlamasında mətbuatda yeni qalmaqala səbəb olacaq fikirlər səsləndirdi. Deputat hesab edir ki, bu mövzunu gündəmdə saxlayan jurnalist və mətbuat orqanları sifariş yerinə yetirirlər: “Bu ittihamları kim səsləndirir? Aslan Aslanov Lamiyənin həbs müddətini necə artıra bilər? Kənd təsərrüfatı nazirinin müavini Lamiyənin həbsxanadan çıxmasına necə mane ola bilərdi? Əgər cinayət törədilibsə, qadın boynuna alırsa, buna görə ona cəza veriblər. Sonradan içəridə qeyri-qanuni olaraq, uşaq dünyaya gətirib.
Bu mövzuda qəribə nə var ki, qəzetlər hər gün bundan yazır. Ağıllarına gələn versiyaları hallandırırlar. Sanki başqa mövzu tapmırlar. Hətta iş o yerə çatıb ki, AXCP öz işi ilə məşğul olmaq əvəzinə, partiya sədri prokurorluğa müraciət edir. Aslan Aslanov bir faciə yaşamış, övlad itirən atadır. O yazıların biri pulsuz yazılmır. Hamısının sponsoru var. Aslan Aslanovun yarasını təzələyirlər. Bu, üç ailənin faciəsidir. Lamiyə və Vüqarın ailəsi də faciə yaşayıb. Amma ən böyük zərbə Aslan müəllimə dəyib. İşə məhkəmə sübutlar əsasında baxıb. İşi məhkəmə artırır, azaldır. Məhkəmənin hökmünü bütün dövlətlər ali qanun kimi qəbul edirlər. Mətbuat məhkəməyə bir söz demir. Hamı deyir ki, Aslan müəllim təzyiq göstərib. Lamiyə və keçmiş nişanlısı etiraf ediblər ki, Ruslanı biz öldürmüşük. Daha nə istəyirlər?! Hamısı 5-3 manatın dərdindən iş-güclərini kənara qoyub. Çox mənəviyyatsız bir mövzu ilə məşğuldurlar”.
YAP-çı deputat indiki vaxtda bu cür mövzuların gündəmə gətirilməsindən dəhşətə gəlib: “Dövlətin qarşısında çox böyük problemlər var. Bəşəriyyət III dünya müharibəsi ərəfəsindədir. İqtisadi böhran gəlir. Gündə atəşkəs pozulur. Əsgərlərimiz şəhid olur. Vətənpərvərlik mövzularımız olmalıdır. Siyasi partiyalarda bunlara qoşulublar. İş-gücləri yoxdur”.
Bəxtiyar Sadıqov Aslan Aslanovun qadın məhbusu zorlatması ilə bağlı səsləndirilən ittihamlara da münasibət bildirdi: “Mən burada deyim ki, həbsxanada filankəsi zorlasınlar. Bu, necə olur? Məsələni qoyanda bir ağılları olsun. Bu qədər uydurma olmaz. Bunlar pul alıblar ki, mövzunu gündəmdə saxlasınlar. Bilmirlər ki, gündəmdə necə saxlasınlar. Pul verən də deyir ki, biz az çox pul verəcəm, Aslan Aslanovun adını çəkin”.
“Bəxtiyar müəllim, tez-tez sifarişlə işləyən mətbuat orqanları deyirsiniz. Kimləri, hansı qəzetləri nəzərdə tutursunuz? Konkret ad çəkə bilərsiniz” sualımıza müsahibimiz belə cavab verdi: “Görürəm, məndən söz almağa çalışırsan. Xahiş edirəm ki, dediklərimi yaz. 10 ildən çoxdur ki, Mətbuat Şurasının İdarə Heyətinin üzvüyəm. Reket jurnalistikaya qarşı mübarizə aparırıq. Azərbaycan mətbuatında reket jurnalistikaya qarşı ilk yazını mən yazmışam. Əminliklə sizə deyirəm ki, bu cür yazılar yazan, heç bir ictimai əhəmiyyət kəsb etməyən, mənəvi tərəfi olmayan, dövlət, cəmiyyət üçün əhəmiyyətsiz mövzunu gündəmdə saxlayan mətbuat orqanlarının yazıları sifarişlidir. Reket jurnalistikaya dərindən bələd olduğum üçün bunu deyirəm. Bu sifariş, məbləği verən kəslər deyir ki, hədəf kimi Aslan Aslanovu və onun şəklini verin. Hansı qəzet bunu edirsə, burada marağı var”.
COMMENTS