Deputat: “Bakıda narkomanlardan biri bələdiyyə sədrliyinə namizədliyini vermişdi” – MÜSAHİBƏ

“Seçicilərimin sözünü yerə sala bilmərəm, deputatlığa namizəd olacam”

Milli Məclisin deputatı Hacı Qalib Salahzadə Modern.az saytına müsahibə verib.

– 27 saylı Sabunçu ikinci seçki dairəsini Milli Məclisdə təmsil edən deputat kimi seçicilərinizlə vaxtaşırı görüşürsünüz?

– Bu yaxınlarda deputat köməkçilərindən yalnız 6 nəfərə mükafat verildi. Onlardan biri də mənim köməkçim Hikmətdir. Köməkçilər yaxşı və məsuliyyətli işlərinə görə bu mükafata layiq görülüb. Deputat seçiləndən bu yana ayda üç dəfə köməkçimi seçildiyim dairədən olan Bakı kəndlərinə göndərirəm. O həm də ayda bir dəfə məktəblərdə görüş keçirir. Köməkçim Bakı kəndlərində olan problemlər barədə məni məlumatlandırır. Şükür Allaha, Bakı kəndlərində vəziyyət çox yaxşıdır. Demək olar ki, seçicilərim ayrı-ayrı xırda problemlər istisna olmaqla, nədənsə şikayət etmir. Seçildiyim dairəyə aid olan kəndlərdə qaz, işıq var və hər şey yaxşıdır. Ona görə də seçicilərimin narazılığı, narahatlığı yoxdur.

– Deyirsiniz ki, köməkçiniz sizə məlumatları çatdırır. Deməli, özünüz seçicilərlə canlı təmasda olmursunuz?

– Mən də onlarla görüşürəm. Milli Məclisdə iclas olmayan günlərdə Bakı kəndlərinə gedirəm. Köməkçini məcburi şəkildə seçicilərin yanına göndərirəm. O hər hansı narazılığın, şikayətin olub-olmadığını öyrənməlidir. Məni görə bilməyən seçicilər köməkçim vasitəsi ilə təkliflərini çatdırırlar. Milli Məclisin rəhbərliyi də mənim bu iş üsulumu bəyənir və buna görə də köməkçimə mükafat veriblər.

– Bakı kəndlərində vəziyyətin yaxşı olduğunu bildirirsiniz. Amma əvvəlki illərə nisbətən Bakı kəndləri camaatının gəlir yeri olan gülçülük, tərəvəzçilik sıradan çıxmaqdadır. Bu, Bakı kəndlərinin əhalisinin durumuna təsir göstərmir?

– Bu iddianı ortaya atanların çoxu Bakı kəndlərinin probleminin nə olduğunu bilmir. İndi Avropa ölkələrindən, Rusiyadan Azərbaycana gül gətirilir. Ona görə də Bakı kəndlərində gül əkilməsinə elə də çox ehtiyac yoxdur. Gərək bir şeyə ehtiyac olsun ki, onu yetişdirəsən. Mən elə Nardaran sakini tanıyıram ki, Kolumbiyada gül istixanaları var. Elə maştağalı tanıyıram ki, onun Cənubi Amerika ölkələrində istixanaları var. Mən yerli adam olduğuma görə onların hamısını – atalarını, babalarını tanıyıram. Bu saat ən çox Zirə pomidoruna tələbat var. Rusiyada olarkən məni çayın qırağına dəvət etdilər, orada əsl Zirə pomidorunu gördüm. Azərbaycanda bəzən Zirə pomidoru adı ilə satışa çıxarılan pomidorlar olur. Ancaq onlar əsl Zirə pomidoru deyil. İndi ən çox Zirə pomidoruna tələbat var. Bakı kəndlərində kim gül əkmək istəyirsə, buyursun, bu işlə məşğul olsun. Ona mane olan yoxdur.

– Sonuncu bələdiyyə seçkilərindən qabaq sizin parlamentdə kəskin bir çıxışınız olmuşdu. İddia edirdiniz ki, bələdiyyə sədrləri əvvəlcədən təyin olunurlar…

– Həmin çıxışımda fikrimi axıra qədər düzgün ifadə edə bilmədim. Orada mən Bilgəhdə olan bir məsələni nəzərdə tuturdum. Bilgəhdə narkomanlardan biri bələdiyyə sədrliyinə namizədliyini vermişdi və ona kimlərsə demişdi ki, sədr olmasına köməklik edəcəklər. Mən əslində bunun əleyhinə idim. Sonra aydınlaşdırdılar ki, düzünü deyirəm və həmin narkomanı seçkilərə buraxmadılar.

– Azərbaycanda bələdiyyə seçkiləri keçirildi. Milli Məclisin Regional məsələlər komitəsinin üzvü kimi, bu seçkilərdən sonra bələdiyyələrin fəaliyyətində dəyişiklik müşahidə etmisinizmi?

– Bələdiyyələr indiki vəziyyətdə gərək özləri özlərini dolandırmağın yollarını tapsınlar. Bələdiyyə elə bir qurumdur ki, gərək özləri fəallıq göstərsin və işlərini elə qursunlar ki, həm kəndlərin, həm də özlərinin problemlərini həll etsinlər. Böyük problemlər olanda, əlbəttə, bu, bələdiyyələrlə yanaşı, başqa əlaqədar qurumları da maraqlandırmalıdır.

– Deyirsiniz ki, bələdiyyələr özlərini dolandırmağın yollarını tapmalıdır. Əslində çox doğru yanaşmadır. Amma bələdiyyələrin fəaliyyətinə İcra hakimiyyətləri də maneə yaradır. Bunu da danmaq olmaz. Belə olan təqdirdə, faktiki olaraq asılılıq amilindən əziyyət çəkən bələdiyyələr necə özlərini dolandıra bilərlər?

– İcra hakimiyyətləri bələdiyyələrə mütləq göstəriş verməlidir və onların fəaliyyətinin nədən ibarət olacağını deməlidir. Məsələn, hansısa yolun təmiri, zibilliyin təmizlənməsi məsələsi bələdiyyələrə çatdırılır. Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəisi Mehdi Səlimzadə bələdiyyələrin normal fəaliyyət göstərməsi üçün əlindən gələn köməklikləri edir.

– Ümumiyyətlə, seçicilərinizdən bələdiyyələrlə bağlı sizə şikayətlər daxil olur?

– Bu vaxta qədər elə bir fakt olmayıb ki, kimsə şikayət etsin, ona reaksiya verməyim, köməklik göstərməyim. Bələdiyyələrlə bağlı müraciətlər daha çox torpaq sahələri ilə bağlıdır. Özü də çoxu istəyir ki, aldığı torpağı satsın, yəni, bu vasitə ilə pul qazansın.

– İcra hakimiyyətlərinin evlərin sənədləşdirilməsi ilə bağlı bələdiyyələrə təzyiq etdiyi də iddia edilir. Məlumatlara görə, bu məsələdə bələdiyyələr və icra hakimiyyətlər vətəndaşlardan rüşvət də alırlar. Bu barədə nə deyə bilərsiniz?

– Mən şəxsən seçildiyim dairələrdə olan bələdiyyələrdən danışa bilərəm. Burada rüşvət söhbəti yoxdur və ola da bilməz. Çünki Bakı bələdiyyələri yeddi-səkkiz ildir nə kiməsə torpaq sata bilir, nə də ala bilir. Bəlkə də qabaqlar belə hallar olub, amma mənim bundan da xəbərim yoxdur. Hazırkı vəziyyətdə mənim seçildiyim dairənin bələdiyyələrində rüşvət söhbəti ola bilməz. İcra hakimiyyətlərinin də rüşvət alması faktına rast gəlməmişəm. Bunlar hamısı mətbuat səhifələrində irəli sürülən iddialardır. İcra başçılarının rüşvət almasına dair məqalə yazanların kişiliyi çatırsa, konkret ada çəkərək, faktlarla, açıq şəkildə desinlər ki, filankəs müəyyən məbləğdə pul istəyib. Şəxsən mənə bələdiyyələr və icra hakimiyyətləri ilə bağlı müraciətlər edilməyib. Kim mənə bununla bağlı şikayət etsə, onu həll etməyə çalışaram.

– Bakı kəndləri bir neçə il bundan əvvələ qədər mühafizəkar dini dünyagörüşü ilə seçilirdi. Bu gün Bakı kəndlərində dini vəziyyət nə yerdədir?

– Azərbaycan müstəqillik qazandıqdan sonra Bakı kəndlərində din çox inkişaf etdi. Təkcə Bilgəh kəndində hazırda 5 məscid, bir pir fəaliyyət göstərir.

– Ancaq belə fikirlər də səslənir ki, Bakı kəndlərindəki, xüsusən də Nardarandakı din xadimləri İranın dini-siyasi təsiri altındadır…

– Biz uşaqlıqdan nardaranlılarla oturub-durmuşuq. Nardaranlı, bilgəhli, maştağalı – hamısı eyni adamdır, hamısı bir-birini tanıyır. Nardaranın hansısa qüvvənin təsirinin altında olması haqqındakı iddialar tamamilə yalandır. Nardaran elə kənddir ki, iki qonşudan biri digərinin təsirinin altına düşməz. Nardaran camaatının dinə böyük hörməti və münasibəti var. Nardaranda heç bir problem yoxdur. Nardaranda olan muğam ustadlarının çoxunun evlərinə gedib-gəlmişik. Elə indi də münasibətlər var. Nardaran kəndi muğamatın incəliklərini, xırdalıqlarını mükəmməl bilir. O vaxtlar Arif Babayev və Əlibaba Məmmədov Nardarana oxumağa gələndə tam hazırlıqlı və məsuliyyətli olurdular. Bilirdilər ki, kimsə durub məsələn, “Əlibaba müəllim, filan şey necə oldu?” sualı versəydi mütləq ona cavab vermək lazım idi. Əlibaba Məmmədov suala cavab verə bilməsəydi, Nardarandan gedə bilməzdi. Məmmədbağır Bağırzadə özü nardaranlı ola-ola ətraf kəndlərə oxumağa gedirdi. Amma öz kəndində məsuliyyət məsələsinə görə oxumurdu. Məmmədbağır Bağırzadə o qədər özündə məsuliyyət hiss edirdi ki, Naradaranda muğamat oxumağa ehtiyat edirdi. Belə şeylərdən danışmaq lazımdır.

– Növbəti parlament seçkisində deputatlığa namizədliyinizi irəli sürəcəksiniz?

– Seçicilərim də məni hər görəndə bu sualla müraciət edirlər. Həyatda elə şeylər var ki, insanın özündən asılı deyil. Seçicilərim mənə etibar göstərsələr, əlbəttə, onların sözlərini yerə sala bilmərəm.

COMMENTS