“Cənab prezidentin 84 nəfərə sevinc bəxş etməsini hüquq müdafiəçisi kimi sevinclə qarşılayıram”.
Bu fikri Hafta.az-a açıqlamasında millət vəkili Çingiz Qənizadə deyib. O bildirib ki, əfv sərəncamının imzalanması, Azərbaycan cəmiyyətində şən əhvali-ruhiyyə yaradıb:
“Bağışlananların qohumlarını da götürdükdə bu qeyd olunan sayda deyil, minlərlə insana sevinc bəxş etmək deməkdir. Biz təbii ki, bunu alqışlayırıq. Cənab prezident ildə bir neçə dəfə bu cür əfv sərəncamları imzalayır. Buna görə də biz ona ancaq təşəkkür edə bilərik”.
Qərbin müəyyən dairələrinin həbsdə olan şəxslərdən istifadə edərək, Azərbaycana qarşı təzyiq etməsinə gəlincə, millət vəkili bildirib ki, onlar bu addımlarından əl çəkməyəcəklər:
“Qərb cənab prezidentin xarici siyasətini ürəkdən qəbul etmir. Çünki biz bütün qonşularla dostluq və əməkdaşlıq şəraitində yaşamaq istəyirik. Bizim bəzi qonşularımız isə Qərbin xoşuna gəlmir. Eyni zamanda, dünyada bloklara qoşulmayan siyasətimizi yürüdürük. Azərbaycanın iqtisadi uğuru göz qabağındadır. Cənab prezident xalq, dövlət üçün çalışır. Qərbi qıcıqlandıran daha çox budur ki, Azərbaycan heç bir dövlətin “qoltuğunun altına” girməyib müstəqil siyasət aparır. Biz Qərbə qucaq açıb, əməkdaşlıq etsək də, onlar üzdə bunu alqışlayırmış kimi görünsələr də, sətiraltı başqa işlərlə məşğuldurlar. Bəli, onlar hər zaman Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirirlər. Həqiqət budur. Onların siyasi məhbus söhbəti sadəcə bir bəhanədir”.
Çingiz Qənizadə bildirib ki, hüquq müdafiəçiləri ilə də bağlı ciddi araşdırmalar aparılacaq:
“Onların da xaricə nə kimi məlumat ötürüb, ötürməməsi ciddi şəkildə araşdırılacaq. Yaxın günlərdə şahidi olacaqsınız ki, artıq rəsmi müzakirələr başlanılacaq. Ancaq hesab edirəm ki, Azərbaycana qarşı basqıların olması, qərarların qəbul olunmasının kökündə apardığımız müstəqil siyasət durur. Hansı ki, Qərb bizim uğurlu siyasətimizi həzm edə bilmir”.
COMMENTS