Deputat İmamverdi İsmayılova bir neçə sual…

Deputat İmamverdi İsmayılova bir neçə sual…

Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında şanlı ordumuzun Zəfər Savaşı ilə torpaqlarımızı azad etməsi 200 illik tariximizin ən qürurlu məqamıdır.

Bu zəfərdə payı olmayıb, ancaq var dövlət haqqında düşünənlərin indi süni təriflərlə prezidenti və milli uğurumuzu təbliğ etməsi istehza doğurur. Bu sırada millət vəkili İmamverdi İsmayılovun yazıları da eyni təəsuratı yaradır. Bu şəxsin vətənpərvərlik hislərinə ən yaxşı qiyməti politoloq Zərdüşt Əlizadə verib. Bir müddət öncə mediaya açıqlamasında Z.Əlizadə demişdi: “Düşünürəm ki, elə zəngillanlılar, cəbrayıllılar, qubadlılılar var ki, onlar heç vaxt qayıtmayacaqlar. Onların Bakıda topdağıtmaz evləri, mülkləri, şirkətləri var. Deputat İmamverdi İsmayılov Zəngilana qayıdar? 30 ildir ki, deputatdır. Sərvətini yığıb-yığışdıra bilmir”. Sərt deyilib. Amma həqiqət acı olar.

Dövlət başçısı bütün sahələrdə islahatlara start verib. Ölkənin bütün sosial-iqtisadi, siyasi həyatını əhatə edən dərin, köklü islahatlar kursu “özünü buraxan” parlamentdən yan keçdimi? Xeyr! Bəs nə baş verir? Uzun illər zəngilanlıların problemlərinin həllində zərrə qədər həlledici vintilə çevrilməyi bacarmayan İ.İsmayılova növbəti dəfə mandat qazandı. İ.İsmayılovu YAP üçün keçilməz edən nədir? Yaxud hakim partiya narazılıqların daha çox olduğu məcburi köçkün rayonunun deputatını niyə dəyişmək istəmir? Daha gənc, intellektual, cibi ilə deyil, başı ilə düşünməyi bacaran şəxslər nə üçün bu dairədən namizəd göstərilmədi? Əvvəla, qeyd edək ki, İ.İsmayılov oliqarx-deputat statusunu almış bir şəxsdir. Halbuki o indiyə qədər seçkilər zamanı gəlir deklorasiyasını təqdim etməyib.
Hesab edirik ki, millətin vəkili olmağa iddialı şəxs millətdən öz gəlirlərini, mülklərini gizlədə bilməz. Şübhəsiz ki, İ.İsmayılov bu dəfə də deklorasiya təqdim etməyəcək. Yəni, ölkə qanunlarını heçə sayacaq. Deputat nişanının qanuni deyil, fərdi təyinat olduğunu təsdiqləmiş olacaq. Təkcə bu amil bəs edirdi ki, hakim partiya İ.İsmayılova “qırmızı kart” göstərsin, ölkə Prezidentinin islahatlar kursuna dəstək nümayiş etdirsin. Amma olmadı. Söhbət milyonların, onlarla, yüzlərlə ticarət obyektlərinin, mülklərin, biznes sahələrinin deklorasiyasından gedir. Bu, birinci STOP!

İkincisi, Milli Məclisin deputatlarının islahatlara uyğunlaşmaq üçün özlərini buraxmasına, növbədənkənar parlament seçkilərinin keçirilməsinə səs verənlərdən biri də İ.İsmayılov idi. Bəzi deputatlar “biz islahatlara layiq olmalıyıq” açıqlaması verməklə, öz yararsızlıqlarını təsdiqləmiş oldular. Eləcə də İ.İsmayılov! Oturduğu masada düyməni basıb “özünü buraxan”lardan biri də O oldu… Əslində bu o demək idi ki, yeni parlament formalaşdırın, biz layiq olmadıq, aparılan islahatlara uyğunlaşa bilmirik.

Bu, öz qapısına qol vuran futbolçunun növbəti dəfə qapı ağzında avtoqola hazır duruşudur. Siyasi həyatımızın, parlamentimizin Tərlan Əhmədovu: İmamverdi müəllim! Heç olmasa, bundan sonra məcburi köçkünlərin qapısına qol vurmayın. Bu, ikinci STOP!

Üçünücüsü, 61 yaşlı “lal” İ.İsmayılovla parlamentdə aparılan islahatlara “qurban” gedən 85 yaşlı Ağacan Abıyev arasında nə fərq var!? Yaxud illərlə bu dövlətdən deputat maaşı alan, amma insanlara arxa çevirib ABŞ-da yaşayan, seçiciləri üçün Nuh peyğəmbər qədər əlçatmaz olan Zeynəb Xanlarova ilə İ.İsmayılov arasında bir fərq varmı? Bəs Gülər Əhmədova ilə necə? “Darmadurux” addımlarına görə həbs həyatı yaşayan G.Əhmədova ilə onun “lal, kar, kor” dublikatı İ.İsmayılov arasında fərq görən varmı? Masazırda, zəngilan qaçqınlarının yaşadığı ərazidə İ.İsmayılova məxsus böyük ferma kimə göz dağıdır? Bütün xatirələrini Zəngilanda itirən günahsız məcburi köçkünlərdən öz fermasına “qoyun qığı daşımaq” üçün işə adam götürən bir deputatla “Viaqra “dan ölən bir deputat arasında nə fərq var? Bu, üçüncü STOP!

Adam on illərdir deputat olduğunu unudub, öz biznesi ilə məşğuldur. Sumqayıtda restoranları, şadlıq evləri, internet-klubları və dükanları var. Buradakı tikinti mallarının biznesində, Sumqayıt maşın bazarında payının olduğu bildirilir. Məlumatlara görə, deputat ölkənin müxtəlif bölgələrində də özünə iş qurub. Onun Şamaxıda fermer təsərrüfatının, İmişlidə çınqıl karxanasının olduğu da yayılan məlumatlar sırasındadır. Deputatın həm də bahalı maşınlara həvəskar olduğu məlumdur. Bununla bağlı mediada vaxtaşırı yer alan xəbərlərdən yalnız birini xatırladırıq: “Milli Məclisin deputatı İmamverdi İsmayılov özünə iki yeni bahalı avtomobil alıb. Onlardan biri 10 AA 706 dövlət nömrə nişanı olan S-Class Mersedes, ikincisi isə 10 EE 888 nömrə nişanlı Lexus-dur. Hər iki avtomobil son modeldir və ümumi dəyəri 400 min manatdır. Bundan başqa, bizə çatan məlumata görə, İmamverdi İsmayılov Sumqayıtda özünə yeni bahalı villa da tikdirir. İndiyədək deputat bu villanın tikintisinə 700 min manat sərf edib. Hələ deputatın maşın bazarında payından başqa, onun ailəsinə məxsus xüsusi avtomobil seriyası da varmış. Məlumata görə, 999 və 888 seriya nömrələri yalnız bu ailəyə məxsusdur…

Ölkə dəyişir, dövlət başçısı bütün sahələrdə şəffaflığın təmin edilməsi üçün mühüm addımlar atır, dərin islahatlar aparılır, Cənab İsmayılov, daha bəs idi, sən də getməli idin… Müqəddəs İkona deyilsən, zəngilanlıların problemlərini də həll etmirsən, vitrində deputat görünmək heç yaxşı hal deyil. Sən ölkə, elə hakim partiya üçün də əvəzedilmız adam deyilsən. Amma nə baş verdi, özünün bəyənməyib ,buraxdığın parlamentdə deputat olmaq üçün siyahıya necə düşdün!?…

Seçici İmamverdi İsmayılovu sevir? Yox. Seçici ona inanır? Yox. 25 ildə bir dəfə də olsun məcburi köçkün seçisi ilə maraqlanıb? Yox. Onun sözünü deyib? Yox. Parlamentdə onun səsini eşidən olub? Yox. Hansısa təklifini eşidən olub? Yox. Fəal deputatdır? Yox. Dövlətçilik üçün fəaliyyəti olub? Yox.( Əksinə 54 min seçiçini narazı salıb. Sadəcə biznesini genişləndirib) Cavandır? O da yox. Bəlkə YAP-çı olduğu üçün? O da yox. YAP-ın o qədər istedadlı, dövlətçilik mənafeyini qoruyan gəncləri var ki…

Uzun illər məni bu sual da düşündürdü. Axı niyə bizdə Vahid Əhmədov, Qənirə Paşayeva, Zahid Oruc, Fazil Mustafa kimi deputat olmadı? Torpağına həsrət qalmış Zəngilan- Qubadlı camaatı onun səsi olan deputata da 25 ildir həsrət qaldı. Yoxsa bu da köçkünlərin alın yazısıdır?

Elman Qənbərov

COMMENTS