Elmira Axundova və oğlundan prezidentə müraciət ünvanlandı
Deputat Elmira Axundova və oğlu Həbib Axundovun adının 8 milyonluq dələduzluq qalmaqalına qarışması haqda mətbuatda məlumatlar dərc edilib. Deputat və oğlu onlara yönəlik ittihamların doğru olmadığını söyləsələr də, qarşı tərəf iddialarında israr edir. “İstiqlal.az” a müraciət edən Məmmədova Zeynəb, Vəliyeva Yaqut, Vəliyeva Sədaqət, Məmmədov Şərafət, Abdullayeva Aybəniz, Hüseynova İradə, Vəliyeva Aynur, Abdullayeva Tamarə, Vəliyev Ramin, Vəliyev Elşad üzləşdikləri problemlə bağlı dövlət başçısı İlham Əliyeva müraciət ünvanlayıblar.
Müraciətin surəti Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevaya, Milli Məclisin sədri Oqtay Əsədova, daxili işlər naziri Ramil Usubova, baş prokuror Zakir Qaralova, İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Elmira Süleymanovaya ünvanlanıb. Müraciətdə deyilir: “Möhtərəm cənab Prezident! Sizə yaxın qohumları deputat övladı və onun dəstə üzvlərinin dələduzluq əməllərinin qurbanı olmuş vətəndaşlar müraciət edir. Təxminən 3 il əvvəl xırda alverlə məşğul olan Elnur İbrahimov adlı bir şəxs, Həbib Axundov adlı bir gömrük işçisi ilə əlbir olaraq “geniş biznes şəbəkəsi” qurmaq planı işləyib hazırlamışlar. Qısa müddət ərzində bu cütlük plana uyğun olaraq yaxından tanıdıqları adamların etibarından istifadə edərək, onların hər birinin külli miqdarda pulunu ələ keçiriblər. Aldadılmış həmin şəxslər hətta heç nədən şübhələnməyib və fikirləşiblər ki, Həbib Axundov və onun dostu pul qoparmaq naminə Həbib Axundovun anası, Milli Məclisin üzvü Elmira Axundovanın nüfuzunu güdaza verməz.
Aldadılanların sayı onlarladır…
Çox keçməyib ki, Həbib Axundov – Elnur İbrahimov cütlüyünün bəd əməlləri iflasa uğrayıb. Qəzetlərin də verdiyi məlumatlara görə bunlar təxminən səkkiz milyon manat pul mənimsəyiblər. Zərərçəkmişlər Elnur İbrahimovu istintaq orqanına vaxtında təqdim etsələr də, Həbib Axundov və onun havadarlarının himayədarlığı nəticəsində məqsədli şəkildə faktla bağlı cinayət işi başlanılmayıb. Elnur İbrahimov qaçırılaraq respublika hüdudlarından kənara göndərildikdən sonra faktla bağlı cinayət işi başlanmış və Elnur İbrahimov təqsirləndirilən şəxs qismində cəlb edilmiş, amma onun olduğu yer məlum olmadığından cinayət işi üzrə icraat dayandırılmışdır.
Həbib Axundov isə anasının qanadı altında əməllərini davam etdirir. Aldadılmış, müflis olmuş insanların əzab-əziyyəti də elə bu gündən başlayıb. Anası Elmira Axundovanın əlaqələrindən, polis generalının adından sui-istifadə edən Həbib Axundov polis orqanlarında çalışan tanış-bilişlərini ayağa qaldırıb. Yüz minlərlə pul itirmiş, müflis olmuş insanlar isə polis müstəntiqlərinin əlində oyuncaq olublar.
Məkirli niyyət aydındır, Elmira Axundovanın nüfuzunu qorumaq, oğlunun da dələduzluğunu ört-basdır etmək üçün zərər çəkənlər o qədər incidilib get-gələ salınmalıdırlar ki, onlar özləri boğaza yığılıb ittihamlarından, tələblərindən əl çəksinlər. Biz yaxşı bilirik ki, ölkənin yüksək rütbəli dövlət xadimlərinin məmur övladı və onun dəstə üzvlərinin bu mənfur əməlləri barədə xəbərləri yoxdur.
Bütün varlığımızla əminik ki, hüquq-mühafizə orqanlarımız heç kimin əlində alət olmayıb, bundan sonra da olmayacaq.
Onu da bilirik ki, bir-iki müstəntiq eyhamlı, ikibaşlı suallarla zərərçəkənləri dolaşdırmaq, fikirlərindən döndərmək üçün canfəşanlıq edirlər. Kor-kor, gör-gördür ki, bunlar camaatın pulunu mənimsəmiş dələduz Elnur İbrahimovu və cəzalanmayacağına tam arxayın olmuş Həbib Axundovu nəyin bahasına olursa-olsun qıraqda saxlamaq, məsuliyyətdən yayındırmaq istəyirlər.
Doğmalarımız həm quru yerdə qalıblar, həm də sək-səkə içindədirlər. Hər dəfə dindirilməyə dəvət ediləndə bilmirlər müstəntiqlər daha hansı pəstahları açacaqlar. Bundan da böyük rəzalət olar? Həm var-dövlətin əlindən getsin, həm də kreditorların qarşısında aciz qalasan (bəlaya düşənlərin neçəsi dələduzlara pul vermək üçün neçə-neçə adamdan borc alıblar, banklardan kreditlər götürüblər), həm də gündə təhdid, hədə dolu sözlər eşidəsən.
Qəsdən aradan çıxarılmış Elnur İbrahimovun saxlanılıb sorğu-suala çəkilməsi üçün istintaq orqanı tərəfindən konkret olaraq heç bir iş görülmür. Deputatın oğlu Həbib Axundov isə heç bir şey baş verməmiş kimi kefindədir. Ona güldən artıq söz deyilmir.
Biz nə vaxta qədər dələduzları min bəhanə ilə məsuliyyətdən uzaqlaşdırmağa cəhd edən qərəzli müstəntiqlərin həqarətlərinə dözməliyik? Belə çıxır ki, susmalıyıq, əzizlərimiz halal pullarından əl çəkməlidirlər, təki deputatın adı orda-burda hallandırılmasın.
“Ailə üzvlərimizin həyatı cəhənnəmə dönüb”
Möhtərəm cənab Prezident! Millət vəkili Elmira Axundovanın harınlamış oğlu Həbib Axundov dələduzluq yolu ilə övladlarımıza olmazın əzabını yaşatmaqla bahəm, bütün ailə üzvlərimizin həyatını cəhənnəmə döndərmişdir. Həmin pullar hesabına Bakı şəhərinin A. Alı 45 ünvanında 5 mərtəbəli möhtəşəm bina, Nəsimi rayonu N. Rəfibəyli küçəsi 72 ünvanında 6 mərtəbəli ofis binası inşa etdirən Həbib Axundov qiyməti yüz min manatlarla ölçülən 4-5 ədəd bahalı avtomaşınlarda gəzməklə, London, Dubay, Türkiyədə kef məclisləri qurmaqla “Port Baku” yaşayış kompleksində 235 kv.metrlik lüks evində dəbdəbəli həyatını yaşayır. Dövlət Gömrük Komitəsində aylıq maaşı 480 manat olmuş bu şəxs hansı vəsait hesabına yuxarıda qeyd etdiyimiz obyekt və avtomaşınlara, villalara və daha nələrə sahiblənib? Əlbəttə ki, bizim övladlarımızın və daha onlarla insanlardan dələduzluq yolu ilə aldadıb aldığı pullar hesabına.
Sizdən xahiş edirik ki, bizim müraciətimizi nəzarətə götürüb, Həbib Axundovun və onun havadarlarının qanun qarşısında cəzalandırılması və bizim övladlarımıza vurduğu maddi ziyanın ödətdirilməsi üçün aidiyyəti strukturlara göstəriş verəsiniz”.(Istiqlal.az)
COMMENTS