“Deyirlər, adambaşına rüşvət verilir ki…” – Toylarla bağlı məsələ böyüyür

“Deyirlər, adambaşına rüşvət verilir ki…” – Toylarla bağlı məsələ böyüyür

Baş nazir Əli Əsədov toylarda karantin qaydalarına əməl edilməməsi ilə bağlı açıqlama verib. Müşahidəçilər isə bunu növbəti bağlanmanın anonsu kimi qiymətləndirirlər.

Maraqlıdır, yaxın vaxtlarda toylarla bağlı qadağanın yenidən qüvvəyə minməsi gözlənilirmi? Doğrudanmı toylar virus mənbəyidir?

Məsələ ilə bağlı danışan terapevt Rasif Bağırov ilk əvvəl toylarla bağlı öz müşahidələrindən söz açıb:

“Toylara icazə veriləndən sonra müxtəlif yerlərdə biz də iştirak elədik. Nəticədə vəziyyət analiz etmə şansımız oldu. Elə toylar vardı ki, ümumiyyətlə, dövlət tərəfindən tətbiq edilən qaydalara əməl edilmirdi. Görürsən ki, kimlərləsə danışılıb, bu danışığa əsasən, şəxs belə davranış nümayiş etdirir. Başqa bir toyda da iştirak etmişəm ki, orada stullar arasında məsafəyədək hər şey gözlənilib. Yəni virusun keçməsi üçün heç bir əsas olmayıb.

Qonaq sayı 150-yə yaxın olub, oynayanlar da sosial məsafəni qoruyub və s. Lakin əvvəldə də bildirdiyim kimi, bunun əksinin qeydə alındığı toylar da var. Belə toylarda nə ofsiantın ağzında maska var, nə stullarda əyləşənlər məsafəni gözləyir, buna görə yoluxma ehtimalı da yüksək olur”.

Həkim rüşvət məsələsinə də diqqət çəkib: “Eşitdiyimiz bəzi şayiələr də var, düz olub-olmadığını deyə bilmərəm, lakin mən belə eşitmişəm, guya şadlıq sarayında sakitlik olsun deyə aidiyyəti orqanlara adambaşına müəyyən məbləğdə rüşvət verilir. Toylara baxanda da görürsən ki, doğrudan da, biri qaydaları tam qoruduğu halda, digəri çox rahatlıqla pozur və bundan narahatlıq keçirmir, deməli, burada nəsə var”.

Həmsöhbətimiz karantin qaydalarının sərtləşdirilməsinin təkcə toylardan asılı olmadığını da vurğulayıb: “Hər şey əhalidəki yoluxma sayından asılıdır. Göstəricilər təhlükəli həddə çatdıqda ümumi sərtləşdirmə prosesi gedəcək. Oraya artıq toylar da, nəqliyyat da daxil ediləcək. Yəni qayda ümumi  verilir, təkcə toylarla bağlı məsələ deyil”.

COMMENTS