“Dezo yayan media orqanları üzr istəsin!”- Üzeyir Cəfərov

Həbri-ekspert Üzeyir Cəfərov cəbhə xəttində atəşkəsin pozulmasının intensivləşməsi və 10-dan çox şəhid verildiyi zamanda mətbuatda yalan informasiyalar yayan saytlar haqda fikir bildirib.

 

Dosye.org Hafta.az-a istinadən verdiyi xəbərə görə, Ü.Cəfərov bildirib ki, həmin xəbərlərlə guya Azərbaycan xalqında hansısa mifik ruh yüksəkliyi yaradırdılar: “Sonda onların xalqımıza vurduqları ağır zərbələr, bəlkə də uzun illər yaddaşlardan çıxmayacaq. Tam səmimi olaraq qeyd edirəm ki, əgər bu gün 100 nəfər vicdanlı, Vətənini ürəkdən sevən şəxsi dindirsək, onların bəlkə də hamısı belə həmin o psevdopatriot jurnalistləri, onların mənsub olduqları saytları ən ağır formada, ən ağır sözlərlə tənbeh edərlər.

Hesab edirəm ki, baş vermiş xoşagəlməz olaylar hərtətəfli təhlil edilməzsə, bunlara adekvat qiymət verilməzsə, biz bundan sonra daha acı günlər yaşamalı olacağıq.

Təklifim isə bundan ibarətdir ki, həmin o dezoları yayan jurnalistlər, elektron və çap KİV, həmçinin onlayn saytlar günü sabah cəmiyyətdən üzrxahlıq etməli, mətbuat adına yaşatdıqları rəzalətə görə bağışlanmaqlarını israrla xahiş etməlidirlər. Kimliyindən asılı olmayaq, bu addım atılmalıdır. Adları özlərinə yaxşı bəlli olan həmin mətbu orqanlarda çalışan çoxsaylı dostlarım, tanışlarım da var. Onlara da müraciət edərək özlərində cəsarət tapıb üzrxahlıq diləmələrini xahiş edirəm”.

Ekspert qeyd edib ki, son günlər cəbhə bölgəsində baş verən hadisələrin işıqlandırılması zamanı təkcə jurnalistlər deyil, rəsmi qurumlar da özlərinə ciddi nəticə çıxartmalıdırlar: “Ədalət naminə deyək ki, məhz onların ləng tərpənmələri, hadisələrə vaxtında və adekvat münasibət sərgiləmədiklərinə görə biz çox xoşagəlməz hadisələrin şahidi olduq. İradların tam əksəriyyəti Müdafiə Nazirliyinə aiddir”.

COMMENTS