DIN-də kimlər hədəf seçilib?

sgər Ələkbərovla Rafiq Abbasovdan sonar hansı general vəzifəsini itirə bilər?

 

Daxili İşlər Nazirliyindəki (DİN) kadr dəyişilikləri nazir Ramil Usubova müxalif olan qrupun sıradan çıxarılması məqsədi daşıyır. Bu barədə İstiqlal.az-a daxil olan məlumatlarda belə deyilir. Qeyd edək ki, bir neçə gün əvvəl Ramil Usubovun müavini Əsgər Ələkbərov işdən çıxarılıb. Onun yerinə DİN-in Kadrlar İdarəsinin rəisi İsmət Əliyev təyinat alıb. Dünən isə Bakı Şəhər Polis İdarəsinin rəisi Rafiq Abbasovun tutduğu vəzifədən azad edilməsi barədə məlumat yayılıb. Qafqazinfo.az saytının yaydığı məlumatda bildirilir ki, Rafiq Abbasovun postuna Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin rəisi Mirqafar Seyidov təyin olunub. APA isə məlumat yayıb ki, Rafiq Abbasov işsiz qalmayıb. Ramil Usubov onu DİN-in Kadrlar İdarəsinə rəis təyin edib. Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayev təyin olunub. Bu məlumatların heç biri DİN tərəfindən təyin olunmayıb.
İstiqlal.az-a daxil olan məlumata görə, həm Əsgər Ələkbərov, həm də Rafiq Abbasov Ramil Usubovun DİN-in mühüm postlarında görmək istəmədiyi şəxslərdir. Əsgər Ələkbərovun prezidentin şəxsi mühafizə xidmətinin rəisi Bəylər Əyyubova yaxın şəxs sayılır. Bundan başqa keçmiş nazir müavinin Ramil Usubovun əzəli rəqibi Bakı Şəhər Polis İdarəsinin keçmiş rəisi Məhərrəm Əliyevlə dostluq münasibətlərinin olduğu iddia edilir. Bu münasibətlərin kökü hər iki generalın vaxtilə Xətai Rayon Polis İdarəsində birgə işləmələrinə gedib çıxır.
Bəzi məlumatlara görə, “Hacı Məmmədov olayı” zamanı Ramil Usubovun hakimiyyətdəki rəqibləri məhz Əsgər Ələkbərovu nazir postunda görmək istəyiblər. Lakin Əsgər Ələkbərov Ramil Usubovla üz-üzə gəlmək istəməyib. Bununla belə daxili işlər naziri hər zaman onu özü üçün təhlükəli fiqur sayıb və onu DİN-dən uzaqlaşdırmağa çaba göstərib.
Rafiq Abbasova gəlincə, Ramil Usubov Məhərrəm Əliyevin istefaya göndərilməsindən sonra onun Bakı Şəhər Polis İdarəsinin rəisi vəzifəsinə təyin olunmasına sadəcə məcbur olub. Həmin ərəfədə Ramil Usubovun özünə yaxın şəxslərdən birini paytaxt polisinin başına gətirməsi qıcıq doğura bilərdi. Ramil Usubovun Məhərrəm Əliyev üzərindəki qələbəsinin qarşılığında belə bir güzəştə getməyi daha məqsədəuyğun idi. Ramil Usubovun gec-tez Rafiq Abbasovu işdən çıxaracağı gözlənilən idi. Hələ Səhlab Bağırov Rafiq Abbasova müavin gətiriləndə belə məlumatlar yayılmışdı ki, bu, Ramil Usubovun Bakının baş polisini nəzarətdə saxlamaq məqsədilə atdığı addımdır.
Əsgər Ələkbərovla Rafiq Abbasovun “vurulmasının” indiyə qədər uzanması Ramil Usubovun “Hacı Məmmədov olayı”nda ciddi zərbələr alması və hakimiyyətdə mövqelərini gücləndirmək üçün müəyyən zaman ehtiyac olması ilə izah edilir. Onu da qeyd edək ki, bu şəxlərin yerinə təyin olunanlar Ramil Usubovun kadrı hesab edilir.
Məlumatlarda o da bildirilir ki, Ramil Usubov Əsgər Ələkbərovla Rafiq Abbasovdan sonra təhlükəli fiqur saydığı başqa bir müavininin – Oruc Zalovun da işdən çıxarılmasına çalışacaq.
İstiqlal.az

COMMENTS