DİN və BDYPİ- nə şikayət olundu

DİN və BDYPİ- nə şikayət olundu

Bərdə sürücülərinin ailələrinə çörək qazanmalarına mane olan nədir…?

 

Bərdə avtovağzalından öz şəxsi avtomobili ilə Bakıya sərnişin daşıyan 100-dən yuxarı sürücü Moderator.az-a müraciət edib. Onlar min bir zəhmət və risk hesabına ailələrinə qazandıqları çörəkpulunun əllərindən alınmasına etiraz edirlər.

 

Sürücülərin bildirdiyinə görə, onlar bununla bağlı daxili işlər naziri Ramil Usubova və Baş Dövlət Yol Polisi İdarəsinin rəisi Ramiz Zeynalova da yazıblar, cavab gözləyirlər.

Şikayətçilər bildirirlər ki, Yevlax rayonu ərazisində Kür çayının üzərindəki körpüdən başlayaraq demək olar ki, Ucaradək əksər yerdə ötmə əməliyyatına icazə verən qırıq-qırıq xətlər son günlər qəsdən rənglənərək bitişik xəttə çevrilib. Bundan əlavə yaşayış məntəqəsi olmayan yerlərdə belə, lazımsız olaraq sürəti məhdudlaşdıran işarələr qoyulub:

 

“Bir sözlə, elə şərait yaradıblar ki, maşın sürmək mümkün deyil, sərnişinləri vaxtında mənzil başına çatdıra bilmədiyimizdən ciddi narazılıqlarla üzləşirik. 3 saatlıq yolu 5 saata gedə bilmirik. Bəzən qabağa düşən və kiçik sürətlə hərəkət edən yük avtomobilinin arxasında uzunluğu kilometrlərlə ölçülən tıxac yaranır, bu zaman səbri çatmayan və ya sərnişin tərəfindən tıncıxdırılan sürücü məcbur olub bütöv xətti ayaqlamalı olur və bu zaman ya qəza şəraiti yaranır, ya da DYP “BMW”-ləri qızılquş kimi başlarının üstün alaraq onları cərimə edirlər.”

 

Biz bir qayda olaraq problemləri ictimailəşdirərək onların həlli üçün əlimizdən gələni əsirgəmirik. Ümid edirik ki, hər zaman qaldırdığımız problemlərə operativ reaksiya bildirərək müvafiq strukturlara tapşırıqlarını verən hörmətli daxili işlər naziri Ramil Usubov bu məsələdə də şikayətçiləri qane edən tədbirlər görülməsinə tapşırıq verəcək.

COMMENTS