DİREKTORLAR ŞURASININ NÖVBƏTİ İCLASI HAQQINDA

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Direktorlar Şurasının növbəti iclası keçirilib.

Tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik Akif Əlizadə iclasın gündəliyinə daxil olan məsələlər haqqında məlumat verib. Akademik qeyd edib ki, AMEA-nın 70 illiyi ilə əlaqədar keçiriləcək yubiley tədbirləri çərçivəsində Akademiyanın tarixi və strukturunu əks etdirən AMEA-nın məlumat kitabı (prospekti) hazırlanır.

Prospektin hazırlanması ilə əlaqədar məsələlərin həlli AMEA-nın həqiqi üzvü, akademik Ə.M.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun direktoru Vaqif Fərzəliyevə həvalə edilib, onların icrasını təmin etmək məqsədi ilə AMEA Rəyasət Heyəti Aparatının Elm və təhsil idarəsinin rəisi, texnika elmləri doktoru, professor Əminağa Sadıqov məsul şəxs təyin olunub.

Daha sonra çıxış edən akademik Vaqif Fərzəliyev bildirib ki, Akademiya haqqında hazırlanan digər kitabda isə ulu öndər Heydər Əliyev və prezident İlham Əliyevin fotoşəkli, Rəyasət Heyətinin fotoşəkli, AMEA-nın prezidentinin Akademiyanın yaranma tarixi haqqında qısa həcmli məqaləsi, bölmələr üzrə Akademiyanın strukturu, institutların elmi istiqamətləri haqqında yığcam məlumatlar, fotolar və digər məlumat xarakterli materiallar öz əksini tapacaq. Daha sonra kitabda institutların mərhum və hazırda fəaliyyətdə olan alimlərinin yüksək təltifləri, Sovet İttifaqı və Sosialist Əməyi qəhrəmanları, SSRİ Dövlət Mükafatı laureatları, Azərbaycan SSR və Azərbaycan Respublikası Dövlət Mükafatı laureatlarının siyahısı təqdim ediləcək. Akademik qeyd edib ki, məlumat kitabında, həmçinin Akademiyanın innovativ işləri barədə qısa məlumatlar öz əksini tapacaq.

Çıxışının sonunda akademik V.Fərzəliyev AMEA-nın institutlarında tədbirə hazırlıq işləri ilə əlaqədar yaradılmış komissiya üzvlərinə təkliflərini irəli sürüb. Sözügedən kitab ilə əlaqədar AMEA-nın elmi müəssisə və təşkilatlarını maraqlandıran bir çox suallar cavablandırılıb.

Sonra Akademiyanın 70 illiyinə həsr olunmuş “Azərbaycanın elm məbədi” adlı sənədli filmin çəkilişləri ilə bağlı AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli çıxış edib. Çəkilişlərin artıq 10 aydır davam etdiyini bildirən vitse-prezident qeyd edib ki, bu müddət ərzində filmin ssenarisi yazılıb, eyni zamanda Azərbaycan Dövlət Kino-Foto Sənədləri Arxivindən SSRİ Elmlər Akademiyası Zaqafqaziya Filialının Azərbaycan Bölməsinin təşkil edildiyi dövrün arxiv lentləri araşdırılıb. Məlumat üçün qeyd edib ki, yalnız 1934-cü ildən 1984-cü ilə qədər lentə alınmış materiallar Akademiyaya təqdim olunub. Təqdim edilən kadrlardan 26 unikal lent seçilib. Hazırda bu lentlərin üzü köçürülür və montaja hazırlanır. Akademiyanın tarixi ilə bağlı müxtəlif arxivlərdən 101 şəkil toplanıb. İ.Həbibbəyli bildirib ki, Akademiyanın bir çox institutlarında da çəkilişləri aparılmış filmin baş rejissoru kinoşünas, Əməkdar incəsənət xadimi Ayaz Salayevdir. Qeyd olunub ki, filmin montajının sentyabr-oktyabr aylarında başa çatması nəzərdə tutulur.

Tədbirdə, həmçinin təsərrüfat müqavilələri əsasında büdcədənkənar vəsaitlər hesabına elmi-tədqiqat işlərinin həyata keçirilməsi, AMEA Rəyasət Heyəti Aparatının maliyyələşdirdiyi proqramların yerinə yetirilməsi, doktoranturaya qəbul və doktorluq imtahanları qaydalarının yeni tələblər əsasında qurulmasına dair məsələlər də müzakirə olunub.

AMEA Rəyasət Heyəti
Aparatının İctimaiyyətlə əlaqələr
və elmin populyarlaşdırılması idarəsinin
İctimaiyyətlə əlaqələr şöbəsi

COMMENTS