Ağappaq təbəssüm bir çox insanın arzusudur. Lakin zamanla dişlər daha tünd rəng ala bilər. Bunun düzgün olmayan qidalanmadan tutmuş ciddi xəstəliklərə qədər bir çox səbəbi ola bilər.
DOSYE.ORG oxu.az-a istinadən verdiyi məlumata görə, rusiyalı həkim-stomatoloq, parodontoloq Niyat Kadiyeva dişlərin niyə qaraldığı və bu problemi necə həll etmək barədə danışıb.
O qeyd edib ki, dişlərin rəng dəyişikliklərini şərti olaraq iki böyük qrupa bölmək olar – anadangəlmə və sonradan qazanılmış dəyişikliklər.
“Anadangəlmə diş rəngi dəyişiklikləri hamilə qadının müəyyən dərmanlar, məsələn tetrasiklin antibiotiklərini qəbul etməsi ilə əlaqəli ola bilər. Bu, həmçinin piqment mübadiləsinin pozulması ilə əlaqəli anadangəlmə xəstəlik də ola bilər”, – deyə o bildirib.
Stomatoloqun sözlərinə görə, rəng dəyişikliyinin səbəblərindən biri də sudakı flüorun artıqlığı ola bilər. Bu zaman flüoroz baş verir – dişdə ağdan tünd qəhvəyi rəngə qədər ləkələr əmələ gəlir.
“Lakin biz çox vaxt qazanılmış diş qaralmalarını görürük. Böyük qrup – mayelərdən, qidadan aldığımız piqmentlərdir. Bura siqaret çəkməyi də aid etmək olar. Tütün piqmenti, giləmeyvələr, meyvələr, tərəvəzlər, çay, qəhvə və bəzi digər məhsullardan gələn piqment əvvəlcə dişlərin səthində oturur, sonra isə daxili qata – dentinə nüfuz edərək dişi daha dərindən rəngləyir”, – deyə stomatoloq bildirib.
COMMENTS