
Diyarbəkirin Sur qəsəbəsində baş vermiş qarşıdurmada 5 polis və 4 əsgər yaralanıb. Xəstəxanada müalicə edilən yaralıların vəziyyətləri qənaətbəxşdir.
Surda dekabrın 2-dən bəri elan edilən qadağa 11 dekabrda 17 saatlıq fasilədən sonra hələ də davam edir. Lakin minlərlə insan qəsəbəni tərk etməyə məcbur olub. Qəsəbədə dükan və ofislər işləmir.
Bazar ertəsi qəsəbədə küçəyə çıxmaq qadağası əleyhinə aksiya da dağıdılıb. Polis əksəriyyəti Demokratik Bölgələr Partiyası (DBP) və Xalqların Demokratik Konqresi (HDP) üzvü olan iştirakçılara qarşı qaz və su şırnağından istifadə edib.
Cizrə və Silopi qəsəbələrində davam edən qadağa müddətində ölənlərin aparıldığı Şırnak morqunda “yer qalmayıb”.
HDP-dən deputat Osman Baydemir bildirib ki, hazırda bu morqda 16 nəfərin cəsədi var, yeni gətirilənlərə yer olmadığından bəziləri “üst-üstə”, bəziləri isə moqrun yeməkxanasının soyuducusuna yerləşdirilib.
“Bir körpənin cəsədi bir yetkinin cəsədinin üstünə qoyulub. Yeməkxananın soyuducusuna qoyulmuş cəsədlər artıq iy verir. Onların basdırılması üçün küçəyə çıxmaq qadağası götürülməlidir”, Baydemir deyib.
Müxtəlif vaxtlarda elan edilməklə təxminən 231 gündür ki, Türkiyədə özünü-idarə elan etmiş, kürdlərin yaşadığı 7 şəhərin 18 qəsəbəsində küçəyə çıxmaq qadağası qoyulub. Qadağa şiddətli qarşıdurma və etiraz aksiyaları ilə müşahidə edilir.
COMMENTS