Dördüncü inkişaf proqramı gəlir: gözləntilər…

Dördüncü inkişaf proqramı gəlir: gözləntilər…

İndiyə qədər regionların sosial-iqtisadi inkişafı ilə bağlı icra olunan hər üç proqram Azərbaycanın sosial-iqtisadi, ictimai-siyasi inkişafına böyük dəyişikliklər və inkişaf gətirib.

Bu sözləri Dosye.org-a açıqlamasında Prezident İlhanm Əliyevin “Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan konfransdakı nitqini şərh edən Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Azər Badamov deyib. Millət vəkili Azərbaycanın son 15 il ərzində çox uğurla inkişaf etdiyini qeyd edib:

“Bütövlükdə indiyə qədər regionların sosial-iqtisadi inkişafı ilə bağlı icra olunan hər üç proqram Azərbaycanın sosial-iqtisadi, ictimai-siyasi inkişafına böyük dəyişikliklər gətirib. 2004-cü illə müqayisədə bu gün artıq yeni bir Azərbaycan formalaşıb. Bu illər ərzində ölkəmizdə 15 min kilometrə yaxın avtomobil yolu tikilib. 400 meqavat gücündə olan “Şimal 2” stansiyasının açılışı gözlənilir ki, bu da ölkəmizi daha irəliyə aparacaq. Regionların qazlaşdırılması 50 faizdən 95 faizə qalxıb, içməli su, kanalizasiya xidmətləri və enerji təminatı ilə bağlı məsələlər həllini tapıb. Bundan başqa, ölkənin hər bir nöqtəsi müasir elektron-rabitə xidməti sisteminə keçib. Ən əsası isə son 15 ildə Azərbaycanın sənaye potensialı 2,6, valyuta ehtiyatları isə 24 dəfə artıb. Bütün bunlar ondan xəbər verir ki, Azərbaycanda regionların ümumi vəziyyəti artıq inkişaf etmiş ölkələrin səviyyəsinə çatır”.

Millət vəkili bildirib ki, regionların sosial-iqtisadi inkişafı ilə bağlı dördüncü proqramın həyata keçirilməsinə artıq start verilib:

“Belə ki, sosial infrastrukturun yaradılması prosesi davam etdiriləcək. Bu il ən azı 5000 məcburi köçkün ailəsi üçün evlər tikiləcək və 7 min ailə özünüməşğulluq proqramı ilə əhatə olunacaq. Regionların inkişafı ilə bağlı dördüncü proqramın başa çatdırılması və müəyyən olunacaq hədəflərin icrası Azərbaycanı dünyanın ən inkişaf etmiş ölkələri sırasına daxil edəcək”.

Dosye.org

COMMENTS