Dorinel Muntyanu: “Kimin çempionata daha yaxşı hazırlaşdığını görəcəyik”

“Qəbələ” klubunun baş məşqçisi Dorinel Muntyanu müsahibə verib. Müsahibəni təqdim edirik

 

– Komandanız təlim-məşq toplanışını başa vuraraq, vətənə döndü. “Qəbələ”ni çempionata nə dərəcədə hazır saymaq olar?

– Hazırlıq prosesi barədə nə deyə bilərəm? Hazırlığın gedişində səylə çalışmaq lazımdı. Biz də təlim-məşq toplanışı zamanı oyun keyfiyyətlərinin yaxşılaşdırılması üçün xeyli çalışdıq. Heyətimizi gücləndirdik. Çox şadam ki, lazım olan bütün mövqelərə yeni oyunçular cəlb edə bildik. Artıq istədiyimiz heyəti formalaşdırmışıq. Bir həftədən sonra çempionat başlayır. İlk turda çox yaxşı komandayla qarşılaşacağıq. Oyun günü kimin çempionata daha yaxşı hazırlaşdığını görəcəyik.

– Transfer pəncərəsi avqustun 31-də bağlanacaq. Həmin vaxta qədər komandanın yeni futbolçu ilə güclənməsi mümkündür?

– Xeyr. Bundan sonra transfer olmayacaq. Heyətimizi çox yaxşı şəkildə komplektləşdirmişik. Heyətə cəlb olunan futbolçulardan razıyıq. Odur ki, yeni transfer etməyi planlaşdırmırıq.

– Elnur Allahverdiyevi yoxlama oyunlarında meydana buraxmadınız. Bu, nədən irəli gəlir?

– O, bizim futbolçudur. Digərləri kimi Elnur da “Qəbələ”nin bir üzvüdür. Hər bir oyunçu kimi o da əsas heyətə layiq olduğunu məşqlərdə göstərməlidir. Heç kim üçün əsas heyətdə yer sifariş olunmayıb. Digərləri kimi o da əsas heyətə layiq olduğunu sübuta yetirməlidir. Elnurun heyətdə kənarda qalması rəqabətdə uduzmasından irəli gəlir. Keçmişdə kimin nə etməsi əhəmiyyət daşımır.

– Dodonun da əsas heyətdən uzaqlaşdırılaraq, əvəzedici komandaya göndərildiyi məlumdur. İstərdik bu məsələyə tam aydınlıq gətirəsiniz.

– Dodonun məsələsi artıq qapanıb. O, əsas komandanın üzvü deyil. Bu dəqiqə biz ayrı-ayrı oyunçular barədə deyil, komandanın nəticələri barədə düşünürük.

– Transfer pəncərəsinin sonuna hələ bir müddət qalıb. Dodoyla bağlı hansısa təklif alsanız, onunla vidalaşmağa hazırsınız?

– O, indi ikinci komandayla birgə məşq edir. Mən əvəzedici heyətin baş məşqçisi ilə danışacağam. Maraqlanacağam görüm o, özünü məşqlərdə necə aparır. İlk növbədə Dodo hansı səhvə yol verdiyini anlamalıdır, dərk etməlidir. Yenə deyirəm, hazırda Dodo bizim gündəmimizdə deyil.

– Bu gün ilk turda qarşılaşacağınız “İnter”in oyununu izlədiniz. Rəqib haqda nə deyə bilərsiniz?

– “İnter” son mövsümün gümüş mükafatçısıdır. Azərbaycan səviyyəsində çox yaxşı komandadır. Bilirəm ki, bu komanda daim liderlər qrupunda qərarlaşıb. Daim iddialı olduqlarını sübuta yetirinlər. Onlar kimi bizim də öz məqsədlərimiz var. Hər kəs uğur qazanmaq istəyir.

– “İnter”ə qarşı keçirəcəyiniz oyun süni ot örtüyü olan meydançada baş tutacaq. Halbuki komandanız daim təbii qazonda oynamağa öyrəşib. Bu məqam sizə problem yaratmayacaq ki?

– Yox, düşünmürəm ki hansısa problem olsun. Biz burada cəmi 1 oyun keçirəcəyik. UEFA standartlarına cavab verən stadiondur. Heç bir problem görmürəm.

COMMENTS