DSX: Qazaxda ermənilər ekskavatoru atəşə tutdu

DSX: Qazaxda ermənilər ekskavatoru atəşə tutdu

Azərbaycan-Ermənistan dövlət sərhədində təmas xəttində yerləşən Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasının sərhəd döyüş mövqelərinə qarşı düşmən tərəfinin növbəti təxribatı olub.

DSX-dən virtualaz.org-a verilən məlumata görə, bu gün saat 16:55 radələrində Qazax rayonunun Quşçu Ayrım kəndi istiqamətində təminat yollarının salınması ilə məşğul olan ekskovatorumuz düşmən tərəfindən atəşə tutulub.

Nəticədə ekskovatorun sürücüsü mülki şəxs Abışov Səfərəli Ələkbər oğlu güllə yarası alıb.

Hadisə yerində dərhal mümkün tibbi yardım göstərilməklə yaralının təcili təxliyəsi təmin olunsa da, görülən tədbirlərə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Düşmən bölmələrinin atəş nöqtələri cavab atəşilə susdurulub.

Xatırladaq ki, Azərbaycanın Dövlət Sərhəd Xidməti Ermənistan ordusunun sərhədin həmin istiqamətində ötən gün axşam diversiya həmləsinə cəhdinin qarşısının alındığını bildirib.

DOSYE.ORG

COMMENTS